İranda həbsxana sisteminin başçısı Tehranın Evin həbsxanasında “qəbuledilməz davranışa” görə üzr istəyib. Hakim orqanlar tərəfindən nadir hesab olunacaq bu addıma məhbuslarla pis rəftarı göstərən videoların hakerlər tərəfindən yayılması səbəb olub.
Ədaləti-Əli adlı haker qrupunun sosial mediada yerləşdirdiyi videoların həbsxananın müşahidə kameralarından əldə olunduğu görünür. Kadrlarda nəzarətçilər məhbusları döyür, bir məhbusu yerdə süründürür.
Üzrxahlıq
“Evin həbsxanasında kadrlara gəlincə, belə qəbuledilməz davranışa görə məsuliyyəti qəbul edirəm, belə acı hallarım bir daha baş verməməsinə çalışacağıma, qanunu pozanlarla ciddi məşğul olacağıma söz verirəm”, – Məhəmməd Mehdi Hacıməhəmmədinin bu haqda tvitini dövlət mediası paylaşıb.
“Uca Allah, əziz liderimiz (Ali dini lider Ayətulla Əli Xameneyi), millətimiz və bu səhvlərə görə cəhdləri gözardı olunmayacaq şərəfli həbsxana nəzarətçiləri qarşısında üzr istəyirəm”, – Hacıməhəmmədi deyib.
İran indiyədək insan haqlarının durumuyla bağlı tənqidləri əsassız adlandırıb.
Sanksiya siyahısında
Hacıməhəmmədi Evindəki pozuntuların necə yoluna qoyulacağını açıqlamayıb.
1971-ci ildə şahın dövründə tikilmiş Evin xəstəxanasında məhbuslarla pis rəftar İslam Respublikası dönəmində davam edib, Qərbin insan haqları qruplarının tənqidinə səbəb olub. ABŞ hökuməti 2018-ci ildə bu həbsxananı “ağır insan haqları pozuntuları”na görə qara siyahıya salıb.
“Evin rəhbərliyi işgəncə təhdidləri, qeyri-müəyyən müddətə həbs hədələri, ailə üzvlərinə işgəncə, aldatma və alçaltma, hər gün 5-6 saatadək çəkən dindirmələrə əl atır, tibbi xidmətdən, ailə ziyarətlərindən imtina olunur”, – Human Rights Watch insan haqları təşkilatı hesabatında deyir.