Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:20

Keçmiş nazirin qardaşı məhkəmədə: ‘Ona bu barədə deməyim ayıb olardı’


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov. 2015
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədov. 2015

2000-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş Əhməd Əhmədovun həbsdə olan qardaşı Əvəz Əhmədov dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. O deyib ki, onun dəmir barmaqlıqlar arasına düşməsinə səbəb olan hadisədən qardaşının xəbəri olmayıb:

“Qardaşımın xəbəri olmayıb. Mənim ona bu haqda nəsə deməyim ayıb olardı...”.

Məhkəmədə Əvəz Əhmədovun vəkili vəsatət qaldırıb ki, proses qapalı keçirilsin, jurnalistlər məhkəmədə iştirak etməsin. Təqsirləndirilən şəxsin hədələyib pulunu aldığı, döydüyü iddia olunan iki zərərçəkən – Hörmət Əsgərov və Rəşad Tahirov da onunla eyni fikirdə olub ki, jurnalistlər məhkəmədən çıxarılsın. Lakin hakim bununla razılaşmayıb və deyib ki, açıq məhkəmə prosesidir, hər kəs iştirak edə bilər.

Gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Əhmədov CM-nin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunur.

İttihamda yazılıb ki, təqsirləndirilən sabiq məmur 2016-cı ilin iyununda polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Əvəz Əhmədov onu öz ofisinə çağırıb, döyüb, deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. Haradansa öyrənib ki, Hörmət Əsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə Rəşad Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Son nəticədə Rəşad Tahirovdan 140 min dollar pul alıb.

“Bədənimdə döyüldüyüm vaxt yaranan yaranın çapığı var”

Əvəz Əhmədov bugün məhkəmədə verdiyi ifadədə deyib ki, bu hadisədən əvvəl də Hörmətlə aralarında pul alış-verişi məsələsi olub. Ancaq axırıncı dəfə o, 100 min dolları Hörmətə yox, birgə biznes üçün Rəşad Tahirova verib. Sadəcə, pulu Hörmət Əsgərovla göndərib:

“Bir dəfə Hörmət qohumu Rəşaddan danışdı və Sumqayıt Texnologiyalar Parkında satış müdiri olduğunu dedi. Hörmətin vasitəsilə Rəşadla görüşdük, armatur biznesi haqda danışdı. Dedi ki, 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər. Bundan bir həftə sonra Hörmət gəlib məndən 140 min dollar götürdü, armatur işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib ləzgi dilində nəsə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, pul məndədi, bir həftəyə verəcəyəm”.

Sabiq nazirin qardaşı deyir ki, Hörmət Əsgərovu döyməyib, ona qarşı zorakılıq eləməyib, sadəcə söhbət ediblər:

“Sonra Rəşada zəng çatmadı, mən də polisə ərizə yazıb şikayət etdim. Bundan sonra 3 ay ərzində pulu hissə-hissə ödədilər. Bu ərəfədə Rəşad “razborşiklər” Dəyanət və Habili üstümə göndərmişdi. Onlar da mənimlə söhbət edəndən sonra Rəşada dedilər ki, kişinin pulunu qaytarmalısan”.

Zərərçəkən Hörmət Əsgərov isə döyüldüyünü təsdiqləyir. Deyir ki, amma polisə bununla əlaqədar şikayət etməyib. Heç istintaqa ilkin ifadəsində də bu haqda danışmayıb ki, sonradan işə düzələndə problem yarana bilər: “Bədənimdə döyüldüyüm vaxtdan qalan yaranın çapığı var”.

Hörmət Əsgərov onu da bildirib ki, məsələ Əvəz Əhmədovun dediyi kimi deyil, pul Rəşada verilməmişdi:

“Mən ondan əvvəl də Əvəzdən 200 min, 80 min alıb qaytarmışdım. Axırıncı dəfə pulu makler Hətəm Ramazanova verirdim, ev işi görürdük. Hətəmə 100 min verdim yoxa çıxdı, axtardım tapa bilmədim. Heç ondan da şikayət etməmişdim, bu işdən sonra istintaq onu axtarışa verdi”.

Sabiq nazirin qardaşı isə yenə iddia edib ki, Hörməti özü yox, Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb: “Hörməti məcbur ediblər ki, məndən şikayət etsin. Sonra da onu çöllükdə buraxıblar”.

Zərərçəkən Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti İdarəsinin rəisi, tibb xidməti polkovniki olub. Bu söz-söhbətlərdən sonra vəzifəsindən azad edilib. Daha sonra digər zərərçəkən Rəşad Tahirovdan 1 milyon alıb qaytarmamaqda suçlanaraq, həbs olunub və hazırda da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılır.

Sabiq nazirin qardaşına qarşı ittihamlardan hədə-qorxu ilə tələb etməyə görə 10 ildən 15 ilə qədər, qanunsuz azadlıqdan məhrumetməyə görə isə 1 ilədək həbs nəzərdə tutulub.

Əhməd Əhmədov 2017-ci ildə Naxçıvanın daxili işlər naziri vəzifəsindən azad edildikdən sonra qardaşı Əvəz Əhmədov cinayət məsuliyyətinə cəlb olunub.

XS
SM
MD
LG