Keçid linkləri

2026, 09 Noyabr, bazar ertəsi, Bakı vaxtı 19:54

Vətəndaşın kompüterinə qədər uçot aparılacaq: Bəs məmur təsərrüfatları necə?

'İndi qonşular bir paketi ortaq işlədəcək...' — Oktyabrın 1-dən internet 25 manata qalxır
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

'İndi qonşular bir paketi ortaq işlədəcək...' — Oktyabrın 1-dən internet 25 manata qalxır

2027-ci il yanvarın 1-dən ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki elektron cihazlar, internetə çıxış imkanları, vətəndaşların məşğulluq statusu və sosial ödənişləri ilə bağlı yeni məlumatların toplanması nəzərdə tutulur.

Bu, Dövlət Statistika Komitəsinin (DSK) oktyabrın 13-də qəbul etdiyi və 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək qərarında əksini tapıb.

Əsas yeniliklər ilk növbədə elektron cihazların sayı və növü ilə bağlıdır. Mənzillərdə mövcud olan kompüter, noutbuk və planşetlərin növü ilə yanaşı, onların sayı da qeydə alınacaq.
Həmçinin evlərin internet şəbəkəsinə necə qoşulduğu da təsnif edilməlidir: telefon xətti, kabel televiziyası və ya optik kabel vasitəsilə, yoxsa mobil telefon, data-kart və ya USB modemlə?

Eyni zamanda, məşğulluq və iqtisadi fəallıq göstəriciləri də daha dəqiq öyrənilməlidir. Şəxslərin işləyib-işləmədiyi, çalışdığı sahə və məşğulluq statusu müəyyən edilməlidir. İqtisadi cəhətdən qeyri-fəal şəxslər (tələbələr, pensiyaçılar, əmlakından gəlir əldə edənlər, ev işləri və ya ailə üzvlərinə qulluqla məşğul olanlar) ayrı kateqoriyalar şəklində qeydə alınmalıdır.

Bütün bunlarla yanaşı, sosial ödənişlərlə bağlı göstəricilər də daha detallı araşdırılmalıdır. Vətəndaşların aldığı əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü, ünvanlı dövlət sosial yardımı və digər sosial ödənişlərin növləri ayrıca göstərilməlidir.

Yeni qaydalar çərçivəsində uçotu yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri aparacaq.

Qanunvericiliyə əsasən, hər il yanvarın 1-dən 30-dək mənzillərə baş çəkilməli, ailə başçısı və ya evin yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli digər üzvü ilə sorğu keçirilməlidir.

Toplanan məlumatlar elektron uçot sisteminə daxil ediləcək.

Uçot yalnız elektron avadanlıqları əhatə etmir. Sənədlərdə ailə üzvlərinin sayı, yaşayış şəraiti, məşğulluğu, sosial vəziyyəti, daşınmaz əmlakı və digər göstəricilər barədə məlumatların toplanması da nəzərdə tutulur.

Məmur təsərrüfatının uçotunda da şəffaflıq olacaqmı?

Artıq bu məsələ sosial şəbəkələrdə də qızğın müzakirə edilir.

Bəzi təhlilçilər bunu əhali üzərində total nəzarətin gücləndirilməsi kimi qiymətləndirirlər.

Digər bir qisim isə bunu formal prosesin genişləndirilməsi hesab edir. Onların fikrincə, "heç kim evinizə girib hər şeyi gözdən keçirməyəcək".

Lakin əksər təhlilçilərə görə, bir sıra məsələlər hələ də sual altında qalır.

Onlar hesab edirlər ki, gerçək mənzərə gələn il yanvarın 1-dən sonra üzə çıxacaq.

Üstəlik, onlar sual edirlər: "Məmur təsərrüfatının uçotunda da şəffaflıq olacaqmı?".

Bir sıra ekspertlər onu da vurğulayırlar ki, bundan öncə əhalinin siyahıyaalınması zamanı məşğulluq məsələsi bir növ formal öyrənilib. Onlar indi də bu yolla ölkədəki həqiqi işsizlərin sayının ortaya çıxarılacağına şübhə edirlər.

Məsələyə DSK və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

​
XS
SM
MD
LG