Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Pulunuzu verib ev alanda da, bu, hələ sizin eviniz deyil


Əsgər ailələrinin aksiyası prezidentin fərmanını necə dəyişdi...
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Əsgər ailələrinin aksiyası prezidentin fərmanını necə dəyişdi...

Pul verib ev alasan, amma evinə mülkiyyət hüququn olmaya. Bakıda yeni tikililərdə yaşayan adamların bir qisminin belə bir qayğısı var - evinə “mülk sənədi”, “çıxarış” və ya el arasında deyildiyi kimi “kupça” çıxartmaq.

Bəxtiyar Qasımov, beş il əvvəl Masazırda, Yeni Bakı şəhərciyindən mənzil alıb, amma hələ də mülkiyyət hüququnu təsdiq edən sənədi əldə edə bilməyib. O deyir ki, evi alandan ona tikinti şirkətindən deyiblər ki, binada yaşayış 70 faizi keçəndən sonra çıxarış veriləcək, amma yaşayış 70 faizi keçəndən sonra da evə kupça ala bilməyiblər. Daha sonra şirkətdən bildiriblər ki, bu sənədi qazlaşdırılma tam başa çatdıqdan sonra ala biləcəklər:

“Tam qazlaşdırılandan sonra da dedilər ki, sığorta alın. Amma bu da işə yaramadı. Biz vəkilə müraciət etdik. Vəkil dedi ki, bir həftəyə düzələcək, amma üç aydır ki, düzəlmir. Biz başqa adamın evində qeydiyyatdayıq. Öz evimizə qeydiyyata düşə bilmirik. Sənədlər, poçt başqa ünvana gedir. Bu ev demək olar ki, mənim deyil. Bir dənə müqavilə var, onu da bir də baxarsan ki, dəyişdirib başqa adamın adına ediblər”.

Bəxtiyar Qasımov deyir ki, şəhərcikdəki azı 20 binada yaşayanların eyni problemi var. O, öz mənzilini Bakıda “İlin dörd fəsli” şirkətindən alıb. Şirkətlə əlaqə cəhdlərimiz gün ərzində alınmadı, şirkətin saytındakı nömrələr işləmədi.

Kupçanın olmaması xatalı əlamətdir

MBA Group konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov AzadlıqRadiosuna deyir ki, Bakıda əvvəllər tikilmiş binaların bir çoxunda belə bir problem var.

Onun sözlərinə görə, əgər tikinti şirkəti kupça təqdim edə bilmirsə, bu o deməkdir ki, bina hələ də yaşayış üçün tam hazır deyil. Nüsrət İbrahimov bildirir ki, şirkətlər beləcə bir layihəni başa çatdırmadan digərinə keçirlər:

“Birinci səbəb budur ki, binanı layihə üzrə tikməyib, yəni layihədən kənarlaşmalar var. İkinci səbəb budur ki, bina tikiləndə, hər mərtəbə təhvil veriləndə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına təhvil verilməlidir, aktlar tərtib olunmalıdır. Bunlar heç biri edilməyib. Bundan başqa bəzi işlər başa çatdırılmayıb- məsələn, yeraltı qarajlarda yanğınsöndürmə sistemi qurulmalıdır, qurulmayıb və ya ventilyasiya sistemi qurulmalıdır, əksəriyyətinə qoyulmayıb”.

Nüsrət İbrahimov deyir ki, evinə kupça ala bilməyən mənzil sahibləri üçün ən yaxşı yol tikinti şirkətini kollektiv şəkildə məhkəməyə verməkdir.

Bəs, necə olur ki, dövlət binanı təhvil almamış vətəndaşlar ora köçürülür? Bu suala cavab üçün Fövqəladə Hallar Nazirliyinə üz tutduq, amma nazirliyin mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədi.

Hüquqşünas Xalid Bağırov deyir ki, Bakıda çoxlu sayda belə problemli bina var və hüquq-mühafizə orqanları araşdırmalıdır ki, nə baş verir ki, binalar təhvil verilə bilmir, amma ora adamlar köçürülür.

Qanunda hər şey var

Nüsrət İbrahimov deyir ki, 2017-ci ilin sentyabrından mülkiyyət hüquqlarına aydınlıq gətirmək nisbətən asanlaşıb. Belə ki, indi Daşınmaz Əmlak üzrə Dövlət Agentliyinin saytına daxil olub, hər bir bina haqda məlumat əldə etmək mümkündür:

“İndi tikilən binalar Dövlət Reyestr xidmətində qeydiyyatdan keçirlər. Burda risk minimuma enir. Onlardan kupça olmaq ehtimalı böyükdür, nəinki əvvəlkilərdən. Vətəndaşlar Dövlət Reyestr Xidmətinin saytına girsin, orda ilkin qeydiyyatdan keçmiş binaların siyahısı var, həmin siyahıya baxsınlar. Ya da ki, Dövlət Reyestr Xidmətinə sorğu versinlər və görsünlər ki, bu bina ilkin qeydiyyatdan keçib, yoxsa keçməyib”.

Bakıda son zamanlar səs-küylü məhkəmə işləri həm də mülkiyyət hüququ ilə bağlı olur. Məsələn, məlum olur ki, bir mənzil eyni zamanda bir neçə nəfərə satılıb. Hüquqşünas Səməd Rəhimli deyir ki, bu elə mənzillərə vaxtında kupça verilməməsi ilə bağlıdır.

Başqa bir hüquqşünas Xalid Bağırov deyir ki, əslində mənzil alqı-satqısı ilə bağlı müqavilə imzalamış hər bir şəxsin Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməsi tələbi qanunvericilikdə var. Onun sözlərinə görə, bu halda, başqa vətəndaş gəlib yoxlaya bilər ki, ev daha əvvəl başqasına satılıbmı. Xalid Bağırov deyir ki, qanunun bu tələbinə tam əməl olunmalıdır.

Bakıda yeni binaların kütləvi tikintisi 2000-ci illərin əvvəlindən başlayıb, media əsas böyük tikinti şirkətlərinin məmurlara, siyasi elitaya yaxın olduğunu iddia edən yazılar dərc edir, amma bu iddiaları tikinti şirkətləri bir qayda olaraq təsdiqləmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG