Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:41

Eurovison: Ukrayna Krım tatarı Camalə ilə qalib oldu


İştirakçı ölkələrin “rəsmi münsiflər səsverməsində” Azərbaycan Rusiyaya, Rusiya isə Ermənistana 12 xal verib. Ermənistan 7, Azərbaycan 17-ci olub

İsveçin Stokholm şəhərində keçirilən yarışda Ukrayna 2016-cı ilin Eurovision Mahnı Müsabiqəsinin qalibi olub. Bu yarışda Ukraynanı Krım tatarı Camalə təmsil edirdi.

Camalənin Sovet İttifaqında Krım tatarlarının sürgünü, repressiyası və etnik təmizlənməsi barədə “1944” mahnısı toplam 534 səslə qiymətləndirilib.

Avstraliya 511 xalla ikinci, Rusiya isə 491 xalla üçüncü yeri tutublar.

Builki Eurovision yarışında qiymətləndirmə fərqli sistemlə həyata keçirilirdi. Ölkələrin Eurovision yarışı klubunun üzvü olan ictimai televiziyalarından olan peşəkar münsiflərin səsi ayrıca hesablanırdı. Dolayısı ilə bunu ölkələrin rəsmi televiziya məmurlarının verdiyi səs kimi qiymətləndirmək olardı.

Bu səsvermənin nəticəsi olaraq birinci yerdə Avstraliya idi.

Bunun ardınca “xalq səsverməsinin” nəticələri elan edilir və “rəsmi səslərlə” toplanırdı. Məhz toplam nəticə Ukrayna nümayəndəsinin qələbəsini təmin edib.

Ümumi nəticələrə görə avstraliyalı Dami ikinci, Rusiya nümayəndəsi Sergey Lazarev üçüncü yerlə kifayətlənməli olublar.

Rusiya mediası yazır ki, köhnə qaydalarla Lazarev qalib olacaqdı.

"Qarşılıqsız məhəbbət"

Azərbaycan münsifləri maksimum 12 xalı Rusiyaya veriblər. Əvəzində Rusiya münsifləri maksimum 12 xalı Ermənistana veriblər. Ermənistan Rusiyaya 2 bal verib. Rusiya mediası Rusiya-Ermənistan arasında belə xal mübadiləsini “qarşılıqsız” adlandırır.

Beləliklə, Azərbaycanın rəsmi səsləri Rusiyanın üçüncülük qazanmasında, Rusiyanın rəsmi səsləri Ermənistan nümayəndəsinin azərbaycanlı Səmranı 10 pillə qabaqlamasında həlledici rol oynayıb.

Ermənistan müğənnisi İveta Mukuçyan 7-ci, Azərbaycan müğənnisi Səmra 17-ci yeri tutublar.

Yarımfinalda "Qarabağ bayrağına" görə Mukuçyana xəbərdarlıq edilmişdi
Yarımfinalda "Qarabağ bayrağına" görə Mukuçyana xəbərdarlıq edilmişdi

Beləliklə, Azərbaycan 2016-cı ilin yarışında özünün “Möcüzə” (Miracle) mahnısı ilə 2008-ci ildən bəri ən pis nəticələrindən birini göstərib.

Bundan əvvəl Azərbaycan 2014-cü ildə 22-ci yeri tutmuşdu.

Bir çox musiqi tənqidçiləri Eurovision yarışlarını həddən artıq siyasiliyinə görə tənqid edirlər. Onların fikrincə, builki yarış da fərqli olmayıb.

Məsələn, Ukraynanın peşəkar münsiflər heyəti Rusiya nümayəndəsi Lazarevə 0 xal verib, Rusiyanın rəsmi münsifləri isə Camaləyə 0 xal veriblər.

Lakin televizya tamaşaçılarının qiymətləndirməsində Ukraynadan Lazarevə 12, Rusiyadan Camaləyə 10 xal verilib.

Yeri gəlmişkən, Ukrayna ictimaiyyyəti ikinci ən böyük qiyməti – 10 xalı Azərbaycan nümayəndəsinə verib.

Poroşenko: “Bütün Ukrayna sənə təşəkkür edir, Camalə!”

Ukrayna nümayəndəsinin Rusiya tərəfindən ilhaq edilmiş Krımdan olması və onun Rusiya nümayəndəsini geridə qoyması Ukrayna vətənpərvərləri üçün bir növ “musiqili təntənə” olub.

Ukrayna prezidenti Petro Poroşenko Camaləyə bütün ölkə adından təşəkkür bildirib.

“Bəli!!! Ağlasığmaz çıxış və qələbə! Bütün Ukrayna sənə təşəkkür edir, Camalə!” – yazıb Tvitterdə prezident.

İkinci tvitdə Poroşenko yazır: “Camaləni qələbə münasibətilə şəxsən təbrik etdim. Bu gün onun səsiylə Ukrayna bütün dünya ilə danışırdı. Həqiqət həmişə olduğu kimi qalib gəldi!”

Həm də ukraynalılar bir növ “öz ölkələrinin dostlarını” tanıya biliblər. Ukrayna nümayəndəsinə rəsmi 12 xalı verən ölkələr bunlar idi: San-Marino, Gürcüstan, Bosniya və Herseqovina, Danimarka, Moldova, Latviya, İsrail, Serbiya Makedoniya, Polşa və Sloveniya.

Rəsmi münsiflərdən Azərbaycandan başqa Rusiyaya Belarus, Kipr, Yunanıstan ən yüksək 12 balı verib.

Britaniya ən yüksək 12 balı Gürcüstana verib.

Ümumən bütün bu nəticələr regiondakı siyasi vəziyyəti tam əks etdirir.

Beləliklə, İsveçdə keçirilən 2016-cı il Eurovision Mahnı Müsabiqəsində nəticələr belə olub:

1) Ukrayna - 534

2) Avstraliya - 511

3) Rusiya - 491

4) Bolqarıstan - 307

5) İsveç - 261

6) Fransa - 257

7) Ermənistan - 249

8) Polşa - 229

9) Litva - 200

10) Belçika - 181

11) Hollandiya – 153

12) Malta - 153

13) Avstriya - 151

14) İsrail - 135

15) Latviya - 132

16) İtaliya - 124

17) Azərbaycan - 117

18) Serbiya - 115

19) Macarıstan - 108

20) Gürcüstan - 104

21) Kipr - 96

22) İspaniya - 77

23) Xorvatiya - 73

24) Birləşmiş Krallıq - 62

25) Çexiya - 41

26) Almaniya - 11

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG