Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Etibar Məmmədov: 'Bu, Əli İnsanovun hüququdur'


E.Məmmədov
E.Məmmədov

Keçmiş səhiyyə naziri Əli İnsanovun həbsdən çıxdıqdan sonra verdiyi açıqlamalar müxtəlif cür şərh olunmaqdadır. Onu «Qərbi azərbaycanlıların ağsaqqalı» adlandıranlar, həmin bölgədən olan azərbaycanlıları çevrəsində toplamaqla ölkə siyasətində canlanma yaradacağını iddia edənlər var. Bu məsələyə hətta bu günlərdə baş nazirin müavini Əli Əhməov belə münasibət bildirməli olub.

Həbsdən çıxan keçmiş səhiyyə naziri Əli İnsanov danışdı
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Qərbi Azərbaycandan olan, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov keçmiş səhiyyə nazirinin siyasətə qayıtması haqda nə düşünür? Ona siyasi dəstək verməyə hazırdırmı? E.Məmmədov AzadlıqRadiosuna xaricdə olduğunu söyləsə də, qısaca bəzi sualları cavablandırıb.

- Etibar bəy, Əli İnsanovun aktiv siyasətə gəlməsini necə dəyərləndirirsiniz?

- Bu, onun hüququdur. Mən başqa söz deyə bilmərəm.

- Qərbi azərbaycanlı kimi ona siyasətdə dəstək verəcəksinizmi?

- Mən azərbaycanlıyam.

- Həbsindən öncə bəzi iddialar dolaşırdı ki, Əli İnsanov AMİP-i almaq istəyib, bu partiya ilə keçmiş nazir arasında müəyyən yaxınlaşma var və s...

- Xahiş edirəm, Milli İstiqlal Partiyasının yüz minlərlə üzvünü, tərəfdarını təhqir etməyin. Partiya əşya deyil ki, onu alsınlar və yaxud satsınlar. O sözü deyənlər tamam məqsədli şəkildə söyləyiblər.

- Sizcə, Əli İnsanovun gəlişi ilə ölkə siyasətində nəsə dəyişə bilər?

- Mən heç nə deyə bilmərəm. Bu, onun şəxsi işidir. Nə istəyir etsin.

- Bəs sizə əməkdaşlıq etməyi təklif etsə, yenidən siyasətə qayıtmağı düşünəcəksinizmi?

- Çox sual verdiniz. Mən 2003-cü ildən sonra siyasətdə deyiləm. Ona görə də bunu nəzərə almalısınız.

- Ölkədə baş verənlər haqda nə düşünürsünüz? İlham Əliyevin atdığı son addımları «yumşalma», «islahat» adlandıranlar var. Bu cür yanaşma nə qədər əsaslı sayıla bilər?

- Nə istəyirlər adlandırsınlar. Hər hansı müsbət hadisə baş verirsə, ona dəyər vermək lazımdır.

Etibar Məmmədov 1988-ci ildə başlanan xalq hərəkatının öncüllərindən biridir. 1990-cı ildə sovet qoşunu Bakıya girəndə o da həbs edilənlərdən biri olub. Sonradan Moskvaya Lefortovo həbsxanasına aparılan siyasətçinin azad edilməsi üçün bir milyondan artıq səs toplanaraq SSRİ rəhbərliyinə göndərilib.

Azərbaycan Xalq Cəbhəsindəki millətçi qanadın təmsilçilərindən olan E.Məmmədov daha sonra Milli İstiqlal Partiyasını (AMİP) yaradıb.

İstər mərhum prezident Əbülfəz Elçibəyin tələbəsi və tərəfdarı, istərsə də 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləyənlərdən biri olmasına baxmayaraq, hakimiyyətdə təmsil olunmayıb.

1990-2005-ci illərdə Milli Məclisin üzvü olub. 1998-ci il prezident seçkisində iştirak edib, rəsmi məlumata görə, rəqibi Heydər Əliyevə uduzub.

2005-ci ildən siyasətdən getdiyini bəyan edib.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilsə də, sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı keçmiş nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib.

Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir. O, bu günlərdə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG