Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Ayk Sarkisyan hərbi əməliyyatlar zamanı həlak olanların kiçik qardaşlarının hərbi mükəlləfiyyətdən azad olunması barədə qanun layihəsi təklif edib.
Deputatın fikrincə əgər ailədə ata və ya qardaşlardan biri hərbi əməliyyatlarda həlak olubsa, onda kiçik qardaş orduda icbari xidmətdən azad oluna bilər.
AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, deputat belə bir fikrə 44 günlük müharibədə həlak olanların ailələri ilə çoxsaylı görüşlərindən sonra gəldiyini söyləyir.
Əgər bu qanun layihəsi qanuna çevrilərsə, o bütün növ hərbi hərəkətlər zamanı həlak olanların yaxınlarına şamil ediləcək.
Deputat deyib:
“Birincisi həlak olanların doğmaları ağır psixoloji vəziyyətdə olurlar və heç nə olmayıbmış kimi daha bir övladı əsgərliyə göndərə bilmirlər. Bu ailələrin həm də maliyyə çətinliyi olur. Bu halda övladın ailədə qalması daha yaxşı olardı. Mən bu məsələni baş nazirlə hələ bir il əvvəl müzakirə etmişəm. Onu da bilirəm ki, baş nazirin ofisinə eyni rica ilə çox sayda ərizələr daxil olub”.
Orduya mümkün təsirləri
Azatutyun yazır ki, layihədə bu qanunun nə qədər mənfəətdarı olacağı, yəni bütövlükdə nə qədər adamın hərbi mükəlləfiyyətdən azad ediləcəyi nəzərə alınmayıb.
Amma Ayk Sarkisyan əmindir ki, nəticədə ordu xidmətindən azad edilənlərin sayı elə də çox olmayacaq və silahlı qüvvələri o qədər də təsirləndirməyəcək:
“Konkret olaraq bu çağırışda belə bir qanun yalnız 25 nəfərə şamil edilərdi. Ehtiyat qüvvəni də nəzərə alsaq, indi bizim silahlı qüvvələrdə 100 mindən artıq qulluqçumuz var. 100 min nəfərdən 25-nin xidmətdən azad olunmasının silahlı qüvvələrin qüdrətinə elə də böyük təsiri olmayacaq”.
Azatutyun yazır ki, müxalifət hələki bu layihə ilə bağlı fikir bildirməyib.
Hayastan müxalifət fraksiyasının başçısı, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib ki, onlar layihəni nəzərdən keçirirlər.
“Şərəfim var” fraksiyası da münasibət bildirməyib. Fraksiyanın başçısı Artur Vanetsyan deyib ki, onlar məsələnin müdafiə komissiyasında müzakirəsini gözləyəcəklər.
Layihə barədə hələki Müdafiə Nazirliyi də münasibət bildirməyib.
Hər hansı bir qanun layihəsinin parlament müzakirəsinə çıxarılması üçün sənədə müvafiq parlament komissiyasında baxılmalıdır.
Azatutyun yazır ki, belə bir qanun qəbul edilərsə, artıq qarşıdan gələn yay çağırışı üçün qüvvədə olacaq.