Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:42

'Aprel döyüşçüsü'nün atası: Konkret deyirlər ki, dərman yoxdur


Aptek.
Aptek.

«Hara müraciət ediriksə, bizə konkret deyirlər ki, ağsaqqal, dərman yoxdur».

Ötən il aprel döyüşlərində yaralanmış Ruzi Tağıyevin atası Çapar Tağıyev oğlunun həyatının təhlükədə olduğunu deyir. Səbəbsə, vaxtında qəbul etməli olduğu dərmanları əldə edə bilməməsidir.

HƏR DƏFƏ ƏLİBOŞ QAYIDIR

Ata iddia edir ki, Ruzi Tağıyev orduda xidmət edərkən həm də leykoza tutulub. Əsas çatışmayan dərmanlar da bu xəstəliyə görə olanlardır. Çapar Tağıyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin qərarı ilə oğlu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda dərman preparatları ilə təmin olunmalıdır. Ancaq ata övladının dərmanlarına görə bir müddətdir ki, İnstituta gedir və əliboş qayıdır: «Övladım ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirib. İlk vaxtlar Mərkəzi Hərbi Hospitalda yatanda yaxşı diqqət göstərildi, dərmanla da təmin olunurdu. Ancaq ordudan tərxis olunandan sonra müalicə və müayinələrdən ötrü Səhiyyə Nazirliyinin tabeliyindəki Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərildi. O vaxtdan da dərmanları Türkiyədən sifariş etdirirəm».

NƏ YAŞI VAR Kİ - 21...

Ç.Tağıyev hesab edir ki, övladı bu xəstəliyə hərbi xidmət zamanı tutulduğuna görə dövlət onun xaricdə əməliyyatını (ilik köçürülməsi) özü təmin etməlidir. Ancaq bu gözləntiləri ona xəyal kimi görünür: «Bilirəm ki, bu bizim üçün bir xəyaldır. Ancaq heç olmasa, vaxtında dərmanlarını versin, uşaq ölməsin. Nə yaşı var ki – 21...».

Onun sözlərinə görə, övladının dərmanlarına görə xeyli borclanıb. Kasıb ailə indi nə borcları qaytara, nə də dərmanları ala bilir. Ata Səhiyyə Nazirliyinin qaynar xəttinə də dəfələrlə zəng vurub.

«ARAŞDIRMAĞA EHTİYAC VAR»

Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan «Qaynar xətt»ə bildirilib ki, xəstələri siyahıdakı pulsuz dərmanlarla təmin etməkdə sıxıntı yoxdur. «Səhiyyə Nazirliyinin göndərdiyi siyahılardakı bütün xəstələr pulsuz dərmanla təmin olunur. Bəlkə hansısa sənəd çatışmazlığı var. Yenə də araşdırmağa ehtiyac var», – İnstitutdan bildirilib.

Səhiyyə Nazirliyindənsə bildirildi ki, Ç.Tağıyev quruma ərizəylə müraciət etsə, məsələ araşdırılar.

XS
SM
MD
LG