Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:31

Xədicə İsmayıl teatra niyə buraxılmadı


Opera və Balet Teatrı

««ƏSA» Teatrı olanlarla bağlı ayrıca fikrini bildirəcək», – teatrın bədii rəhbəri Nihad Qulamzadə iki gün öncə araşdırmaçı-jurnalist Xədicə İsmayılın «ƏSA»nın tamaşasına buraxılmamasına münasibət bildirərkən belə deyir. O, AzadlıqRadiosuna baş verənlərdən məlumatsız olduğunu söyləyir.

Bu haqda danışmazdan öncə teatrın binasının olmamasını, növbəti tamaşanın nə zaman baş tutacağını dəqiq söyləyə bilməyəcəyini də qeyd edir. Söhbətə də burdan başlayırıq.

– İstərdinizmi sizin teatra ayrıca bina ayrılsın? Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyinə və ya sonuncu dəfə tamaşanıza gələn prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət etmisinizmi?

– Leyla xanım sağ olsun, tamaşamıza gəldi, aktyorlarımızla görüşdü, ürək sözlərini bizimlə bölüşdü. Amma biz Leyla Əliyeva ilə başqa heç bir ünsiyyətdə olmadıq ki, ondan ya başqalarından nəsə xahiş edək. Biz sadəcə tamaşamızı oynadıq. Sevindik ki, bizə diqqət var. Zal dolmuşdu, həm dövlət rəsmiləri, həm səfirliklərdən gəlmişdilər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bizim tamaşamıza gəlmişdi. Bu bizim teatr üçün gözəl hadisədir. Məqsədimiz «ƏSA» Teatrını Azərbaycanda tanıtmaq, əlilliyi olan insanları teatra cəlb etməkdir, daha sonra dünya səviyyəsinə çıxmaqdır. Bu yöndə bizə kim dəstək olursa, bundan şad oluruq, istər tamaşaçı olsun, istər rəsmilər olsun, istərsə də hər hansı təşkilatın nümayəndəsi. Teatr binasına qalanda, istərdik belə bir bina olsun. İndi icarəyə götürdüyümüz məkanın şəraiti o qədər də mükəmməl deyil, istədiklərimizi reallaşdıra bilmirik. O ki qaldı nazirliyə, yəqin məlumatları var, bəlkə də bu haqda düşünürlər.

– Son tamaşanıza səfirliklərdən, rəsmi qurumlardan xeyli adam gəlmişdi. Amma dəvətlilərdən biri – jurnalist Xədicə İsmayıl zala buraxılmadı. Bu baş verəni necə dəyərləndirirsiniz? Məsələ sosial şəbəkələrdə də müzakirə edilir. Və bir də bu hadisədən xəbərdar olsaydınız, onu önləməyə çalışardınızmı?

– Mən, ümumiyyətlə, bu hadisənin olması-olmaması haqda... Bu tamaşa Opera və Balet Teatrının binasında baş tutdu. Biz səhərdən axşamadək orda olduq. Biz 40 kvadratmetrlik yerdə hazırladığımız tamaşanı indi böyük səhnəyə adaptasiya etməliydik. Bu səbəbdən yaradıcı işlə məşğul idik. Opera və Balet Teatrının əməkdaşları tamaşadan üç saat öncə bizə yaxınlaşdılar ki, dəvətlilər məsələsini necə həll etmisiniz? Biz də dedik ki, danışmışıq könüllülər gəlib içəri keçirəcəklər. Onlar bildirdilər ki, bu işə özləri nəzarət edəcəklər. Bütün qarşılama, yerləşdirmə, yoxlama teatrın əməkdaşları tərəfindən olub. Mən özüm də tamaşaçıları ancaq zalda qarşılaya bildim. Bundan başqa əlavə məlumatım yoxdur. Mən sosial şəbəkələrdə yazılanlardan da xəbərsizəm. Bu haqda ümumi tamaşadan sonra öyrəndim. Amma hadisənin detallarını bilmirəm. Bilmirəm nə üçün bu hal baş verib. Ona görə də vəziyyəti qiymətləndirmək imkanım yoxdur. Nə baş verdiyini detalları öyrəndikdən, vəziyyəti dərk edəndən sonra biləcəm.

Əlillər öz teatrlarını yaratdılar
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

– Yəni, siz olanlardan xəbərsizsiniz?

– Heç bir məlumatım olmayıb. Hətta teatr əməkdaşlarının da xəbəri olmayıb. Jurnalistlər məndən hadisəyə yanaşmamı soruşurlar. Mən məsələyə necə yanaşdığımı Nihad Qulamzadə kimi açıqlamayacam, bu haqda ayrıca teatrın adından fikrimizi bildirəcəyik. Amma teatrın bədii rəhbəri olaraq yox, sadəcə, şəxsi fikrim olaraq deyirəm ki, hadisəylə bağlı məlumatım yoxdur. Buna görə də fikir söyləyə bilmirəm.

– Kollektiv özü baş verənləri necə qarşıladı? Yəqin öz aranızda müzakirə etmisiniz.

– Tamaşadan sonra biz gedib tort kəsmişik, çay içmişik. Heç kimin də baş verənlərdən xəbəri olmayıb. Hətta kollektivin indi də yəqin xəbəri yoxdur. Kollektivdə Xədicə İsmayılın kim olduğunu bilməyən, tanımayan aktyorlarımız var. Bilsələr belə, başa düşməyəcəklər nə məsələdir, niyə baş verib.

– Nihad bəy, kim olmağından asılı olmayaraq, sizin tamaşaçınız, sizin dəvətliniz zaldan uzaqlaşdırılıb. Bu ayrıseçkilik haqda danışmaq, hadisəni qiymətləndirmək istəmirsiniz?

– Bu məsələ mənim səlahiyyətində deyil ki, bu ayrıseçkiliyə normal da baxım. Sizə bir şey danışım. İki il qabaq Akademik Milli Dram Teatrına tamaşaya gedəndə şortik geymişdim, çox qısa deyildi, normal uzunluqda idi. Ayağımda da ket vardı. Məni saxladılar ki, dövlət rəsmiləri gələcək, bu görkəmdə içəri keçə bilməzsən. Mən sosial şəbəkədə bununla bağlı status yazdım. Məni başa saldılar ki, dövlət adamları gələn tədbirə şortikdə və ya ketdə keçmək olmaz. Mən də bunu başa düşdüm. Amma bir neçə gün sonra yenə eyni geyimdə gedib tamaşaya baxdım, yenə şortikdə və ketdə idim. Bu, ictimai prosesdir. Nəzərə alın ki, orda ABŞ səfirliyindən, hökumətdən nümayəndələr vardı. Bu cür hadisə baş verə bilərdi. «ƏSA» Teatrının üzərindən bu qədər hadisənin baş verməsi mənim özümü də narahat edir. Mən konkret fikrimi məsələlər aydın olandan sonra bildirəcəm.

– Məsələlər nə zaman aydın olacaq?

– Tamaşanın ertəsi biz Opera və Balet Teatrına gedib bir neçə saat ərzində dekorasiyaları, reklam lövhələrini sökmüşük, avadanlıqları, geyimləri götürmüşük, onları yükləmişik, gətirmişik öz binamıza. Haqq-hesab etmişik. Hazırda məkanımızı səliqəyə salmaqla məşğuluq.

– Belə başa düşmək olar ki, rəsmilər tamaşaya gələndə Xədicə İsmayılın zala buraxılmamasına normal baxırsınız?

– Rəsmi şəxslər gələndə Xədicə İsmayılın zala buraxılıb-buraxılmamasına normal baxmaq məsələsi deyil. Mən məlumatsızam. Öz başıma gələn hadisəni də danışdım, dostlarım da başa saldı ki, sən şortikdə içəri keçə bilməzdin. Mən də başa düşdüm ki, dövlət adamları gələndə o cür şeylərə dəqiqliklə yanaşırlar. Sadəcə, başıma gələni danışdım. Amma bunu Xədicə İsmayıla yönəldib fikrimi onda cəmləmirəm.

Azərbaycanda hakim ailənin, hökumət təmsilçilərinin biznesini ortaya çıxarmasıyla tanınan araşdırmaçı-jurnalist X.İsmayıl Facebook səhifəsində yazıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Yusif Məmmədəliyev onu tamaşada görmək istəməyib. Jurnalistin sözlərinə görə, tamaşada iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ona zəng edərək, baş verənlərdən üzüldüyünü bildirib.

2016-cı ildə müstəqil şəkildə yaranmış «ƏSA» əsas heyəti əngəlli şəxslərdən ibarət inklüziv teatrdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG