Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:16

Ermənistan üçün alma sirkəsi


Azərbaycan alması
Azərbaycan alması

Ermənistana guya Türkiyə pomidorlarının idxalı ətrafında baş verənlərdən sonra, bir həftədən çoxdur ki, ölkədə Azərbaycan istehsalı olan almaların Yerevan bazarlarına necə düşməsi müzakirə olunur. Bəs, görəsən, bu hallar dövlət qurumlarının razılığı iləmi baş verir? Necə olur ki, Ermənistanın düşmən saydığı ölkələrin məhsulları ölkə bazarlarında sərbəst satılır? Hökumət bunu «qaçaqmalçılıq» adlandırıbsa, niyə günahkarlar bu vaxta qədər tapılmayıb?

Sosial şəbəkələr üzərində Türkiyə və Azərbaycan etiketləri olan yeşiklərin şəkilləri ilə doludur. Bəs erməni ictimaiyyətini narahat edən nədir? Ermənistan qanunvericiliyində bu barədə nə deyilir? Hər hansı ölkənin məhsullarının ölkəyə gətirilməsinə rəsmi qadağa varmı?

Jurnalist, Ermənistanda çıxan «168 saat» qəzetinin redaktor müavini Garnik Gevorgian deyir ki, Ermənistan bazarında Azərbaycan malları vaxtaşırı peyda olsa da, nadir hadisədir.

«EMOSİONAL PARTLAYIŞ İDİ»

«Bir neçə il öncə, səhv etmirəmsə, Azərbaycan çayı ətrafında oxşar hadisə baş vermişdi. Deyirlər, Yerevanda Azərbaycandan gətirilmiş nərə balığı və s. almaq olar. Ancaq bu, geniş yayılmayıb. İndi baş qaldıran hay-küy isə Facebook-da paylaşılmış bir şəkildən başlayıb. Bir vətəndaş Yerevanda satılan almaların şəklini çəkib, daha sonra bəlli olub ki, bu, nadir hadisə deyil. Yəni, Yerevanda Azərbaycanda yetişmiş almaların böyük partiyası peyda olub. Qanunvericiliyə gəlincə, özü-özlüyündə sanksiyalar mövcud deyil. Yəni, Azərbaycan, yaxud Türkiyə mallarının satışı rəsmi qaydada məhdudlaşdırılmayıb. Bu, əsasən, emosional partlayış idi. Daha sonra hakim strukturlar bildirdilər ki, bu, qaçaqmaldır və onlar bu məhsulun Ermənistana daxil olmasını hər hansı şəkildə qeydə almayıblar... Alma yeşiklərində «Made in Azerbaijan» yazılmışdı. Deyəsən, şirkətin adı «DAD» idi. Bu, həmin almaları istehsal edən böyük bir Azərbaycan şirkətidir. Almaların üzərində də balaca etiketlər var. Onlardan da görünür ki, almalar Azərbaycanda yetişdirilib», – jurnalist deyir.

Türkiyə pomidorları ətrafında yaranan qalmaqal zamanı isə yayılmış videomaterialda türk fermer dərmanlı pomidorları Ermənistana göndərdiklərini, təbii yetişdirdikləri məhsulu isə özlərinə saxladıqlarını deyirdi.

Azərbaycan almaları
Azərbaycan almaları

EKSPERTİZANIN NƏTİCƏSİ, HƏLƏLİK, YOXDUR

G.Gevorgian hesab edir ki, bu da həqiqətdən çox, emosional səviyyədə baş verən hal idi. «Düşünmürəm ki, istehsalçı məhsulun dəqiq Ermənistana gələcəyini bilir. Çünki daşınma sxemi Gürcüstandan keçir. Böyük ehtimalla, bu, Gürcüstan və Ermənistan iş adamları arasında bağlanan sövdələşmədir. Bəlkə də birbaşa Azərbaycan biznesmenləri ilə edirlər, ancaq mən belə düşünmürəm. Almalara gəlincə, hələlik, ekspertizanın nəticələri təqdim olunmayıb. Hərçənd, gömrük komitəsi və digər strukturlar almaları aşkarlayan kimi hamısını məhv etdiklərini bildiriblər», – G.Gevorgian deyir.

Ermənistanın gömrük sərhədlərində çoxlu qaçaqmal hallarının olduğu, gəlirin büdcəyə çatmadığı bildirilir. Ekspertlər deyirlər ki, bu gəlirin büdcəyə daxil olmasını sərbəst, dayağı olmayan idxalçıların hesabına təmin edirlər və əksinə, monopoliya idxalçılarının malları xüsusi olaraq qorunur.

«ADLAR, ÜNVANLAR BƏLLİDİR»

G.Gevorgian-ın sözlərinə görə, bu, Ermənistan iqtisadiyyatının ən mühüm sindromlarından biridir və monopoliya qismən bu faktorun üzərində dayanır. «Əlbəttə ki, bu var. Dəqiq rəqəmləri, dövlətin qaçaqmalçılığa görə hansı məbləği ala bilmədiyini deyə bilmərəm, ancaq bu hal var. Yeni hökumət çox tez-tez gömrük sistemində islahatlar gerçəkləşdirdiyini, gömrük nəzarətini sərtləşdirdiyini və s. deyir. Buna baxmayaraq, nə qədər olmasa, yenə də bu hal mövcuddur», – deyə o qeyd edir.

Jurnalistin sözlərinə görə, ictimaiyyət məmurların qaçaqmalçılıq kvotası verdiyi iş adamlarının adlarını da bilir. «Prinsipcə, ya adlar, ya da sistem ünvanları bəllidir: bu, gömrük işçiləri, Milli Təhlükəsizlik Xidmətinin və başqa hüquq-mühafizə strukturlarının məmurlarıdır. Yəni, əlbəttə ki, müəyyən bir qeyri-rəsmi iyerarxiya mövcuddur», – G.Gevorgian deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG