Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:39

Moskva Qarabağı 'təhvil verməsi' ittihamını rədd edir


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 3-də Ermənistan Milli Məclisi spikerinin "Lavrov planı" barədə şərhinə reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyi dekabrın 3-də Ermənistan Milli Məclisi spikerinin “Lavrov planı” barədə şərhinə reaksiya verib və bildirib ki, “həqiqətdə yox, xəyalda olan nəyəsə” şərh vermək çətindir.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, noyabrın 12-də Rusiya KİV-lərin nümayəndələri ilə görüşündə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Lavrov planını” xatırladıb və “Qarabağın təhvil verilməsini” Rusiya ilə əlaqələndirib.

Azatutyunun yazdığına görə hələ noyabrın 24-də dərc olunmuş səs yazısında Rusiya jurnalisti Ermənistan hakimiyyətini “Qarabağı təhvil verməkdə” ittiham edir və bildirir ki, bu, Ermənistanın öz siyasi kursunu dəyişməsi üçün edilib.

Sözü gedən audioda Alen Simonyan ittihama belə cavab verir:

“Siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burda “Lavrov planı” da daxil bir neçə variantlar vardı”.

Azatutyunun yazdığına görə, Rusiya XİN RIA Novosti agentliyi vasitəsilə bildirir ki, “bu söhbət zamanı Ermənistan Respublikası Milli Məclisinin hörmətli spikeri erməni cəmiyyətində dolaşan “Qarabağı Rusiya təhvil verib” fikrinə istinadən deyib:

“Ermənistanda kimsə nəyisə təhvil vermək fikrində olsaydı, bunu etmək üçün “Lavrov planı” da daxil bir neçə planlar vardı”.

Amma spiker əlavə edib ki, “heç kim heç nəyi təhvil verməyib”.

Niyə müharibədən bir il sonra?..

Azatutyun diqqəti belə bir məqama çəkir ki, Rusiya XİN-in sözü gedən bəyanatını Rusiyanın dövlət RIA Novosti agentliyi təqdim edib və bu bəyanat Rusiya XİN-in rəsmi saytında yoxdur.

Bu da deyilir ki, RIA Novosti hər hansı rəsminin adını çəkmədən sadəcə Rusiya XİN-ə istinad edir:

“Həqiqətdə yox, yalnız təsəvvürdə mövcud olan nəyisə şərh etmək çətindir. Nazirlikdən deyiblər ki, “Lavrov planı da belə təsəvvür edilən reallıqlardandır”. Nazirlikdən əlavə ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllindən söhbət getdiyi halda “təhvil vermək” ifadəsini demək olmaz”.

Rusiya XİN bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin tənzimləmə planının son redaksiyası tərəflərə 2019-cu ilin iyununda verilib.

Bu sənədə görə “birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusunun mütləq şəkildə buna bağlanması şərtilə daha iki rayonun qaytarılması nəzərdə tutulurdu”.

Azatutyun yazır ki, Sergey Lavrovun başçılıq etdiyi qurum müharibədən bir il sonra Alen Simonyanın bəyanatlarının təkzibi üçün Minsk qrupunun sonuncu sənədinin detallarını dərc edib.

Bu detallar isə belə idi:

“Planın başqa elementləri - Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması şərtilə Dağlıq Qarabağ əhalisinin tam həyat fəaliyyətini təmin edən hüququnun tanınması; Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirakı; blokadanın götürülməsi; sərhədlərin açılması; tərəflərin güc tətbiq etməmək barədə öhdəlik götürməsi; Laçın dəhlizinin eni və statusu məsələsinin həllini nəzərdə tuturdu”.

Armen Qriqoryan:Ermənistan dəhliz ideyasını heç vaxt qəbul etməyəcək
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Müharibəyə qədər masa üstündə olan təkliflər

Rusiya mediasında Rusiya XİN-ə istinadən verilən məlumatda daha sonra deyilir ki, Dağlıq Qarabağın statusuna gəlincə, 2020-ci ilin payızınadək danışıqlar masası üstündə olan təkliflər aşağıdakıları nəzərdə tuturdu:

“Dağlıq Qarabağın yekun hüquqi statusu tərəflərin razılaşdığı müddətdə, BMT-nin və ya ATƏT-in egidası altında Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etməsi şəklində ümumxalq səsverməsi yolu ilə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyən edilir və hüquqi baxımdan icbari xarakter daşıyır”.

Bu da qeyd olunurdu ki, ümumxalq səsverməsinə çıxarılacaq sual və suallara məhdudiyyət qoyulmur, nəticələrinə isə tərəflərin hörmət göstərəcyi nəzərdə tutulur.

RIA Novostinin yazdığına görə Rusiya XİN vurğulayır ki, bu məsələdə tam razılaşma əldə olunmasa da, plan nə Ermənistan, nə də Azərbaycan tərəfindən rədd edilməmişdi.

Azatutyun yazır ki, “müharibəni Azərbaycan başlasa da”, Moskva dinc tənzimləmə üçün çox sayda imkanın itirildiyi barədə “mücərrəd” fikir irəli sürür.

Rusiya XİN-ə aid edilən açıqlamada deyilir:

“Həmsədrlərin qeyd olunan təklifləri ilə indiki vəziyyəti müqayisə edin və nəticə çıxarın”.

Bəyanatın sonunda qeyd olunur ki, “Rusiya XİN hətta razılaşmadığı hallarda belə başqa ölkələrdəki ictimai rəyə hörmətlə yanaşır və bu, söhbət Ermənistan kimi müttəfiq və dost ölkədən gedərkən ikiqat həqiqətdir”.

Rusiya XİN-ə aid edilən bəyanatda daha sonra deyilir:

“Bəzi erməni siyasətçilərin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı təhvil verməsi kimi cəfəng fikirləri təkzib etməməsi və mahiyyət etibarilə belə əsassız mülahizələrlə həmrəylik nümayiş etdirməsi dərin təəssüf hissi doğurur”.

Azatutyun yazır ki, Ermənistan parlamentinin spikeri Rusiya XİN-ə aid edilən şərhlə bağlı fikir bildirməkdən imtina edib.

Rusiya XİN-ə aid edilən bəyanat barədə Rusiyanın dövlət TASS xəbər agentliyi də material dərc edib.

Özəl reportaj: Erməni ordusunda 'dedovşina': 60 nəfər ölüb
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG