Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 23:04

AB Ermənistandakı 'siyasi korrupsiya'dan narahatdır


Piotr Switalski

Ermənistanda mövcud «siyasi korrupsiya» Avropa Birliyini (AB) narahat edir. Birliyin Yerevandakı nümayəndəliyinin rəhbəri, səfir Piotr Switalski ötən gün Gümridə belə bir bəyanat verib. Onun sözlərinə görə, seçicilərin səslərinin alınması və satılması Ermənistanın imicinə mənfi təsir edir.

SEÇKİ RÜŞVƏTİ

«Mən seçki rüşvəti sarıdan narahatam və bu, ciddi narahatlıqdır. Bunu «seçki korrupsiyası» adlandırıram, çünki bu, sadəcə, səslərin satın alınmasından daha çox şey deməkdir. Bəli, mən beynəlxalq müşahidə missiyasının bəyanatına istinad etmək istərdim. Bəyanatda seçkilərə kölgə salan bu pis haldan söz açılır. Mən obyektiv və ədalətli olmağa çalışıram. Biz məhz səslərin alqı-satqısından başlayaraq, seçkilərlə bağlı bu mənfi hal üzərində ciddi dayanırıq. Bu, Ermənistanın imicindən ötrü pisdir, Ermənistandakı demokratik proseslərdən ötrü pisdir və biz bu barədə çox açıq danışırıq», – deyə AB-nin səfiri bildirib.

Ancaq səfirin sözlərinə görə, Avropa Birliyi videokameraların qurulmasına və məntəqələrdə səs verənlərin barmaq izlərini aşkarlayan cihazlara ayrılmış vəsaitin xərclənməsindən razı qalıb. Seçki prosesində bu texniki yeniliklərin tətbiqi üçün AB Ermənistana 7 milyon avro ayırmışdı. Səfir, eyni zamanda, bu proqramda risklərin də olduğunu gizlətməyib.

RİSKLİ PROQRAM

«Bu proqramda çox böyük risk vardı. O, əvvəllər heç vaxt belə qısa zaman kəsimində gerçəkləşməmişdi, ancaq Ermənistanda bu işlədi», – deyə P.Switalski qeyd edib.

AB təmsilçisi həmçinin, seçkilərlə bağlı əvvəllər rast gəlinən, ancaq bu dəfə barəsində şikayətlərin daxil olmadığı bir sıra başqa pozuntulara da toxunub. «Keçmişdəki mənfi hallar tamamilə çıxdaş olunub. Məsələn, «karusel» əsasında dəfələrlə səsvermə, yaxud da bülletenlərin qutuya doldurulması haqda şikayətlər eşitmirəm», – deyə səfir əlavə edib.

Avropalı diplomat həmçinin qeyd edib ki, hazırda seçki prosesi «mühüm mərhələdədir». Onun sözlərinə görə, partiya və müşahidəçilər şikayətlərini təqdim ediblər və indi bu prosesi izləyirlər. İstənilən halda, yekun qərar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODIHR) yekun hesabatında əks olunacaq. Hesabatın iyunda dərc ediləcəyi gözlənilir.

Galust Sahakian
Galust Sahakian

«SARKISIAN ƏVVƏLKİ MÖVQELƏRİNDƏ QALACAQ»

Bu arada, Ermənistan parlamentinin spikeri Galust Sahakian əmindir ki, prezident Serzh Sarkisian 2018-ci ildə prezidentlik müddətinin başa çatmasından sonra da siyasətdə özünün əvvəlki mövqelərində qalacaq.

«O, baş nazirmi olacaq, yoxsa başqa bir şey düşünüb tapmaq olar – bunu heç kim deyə bilməz», – G.Sahakian qeyd edib. Ancaq o, «düşünülüb tapıla biləcək» şeyin nə olacağını açıqlamağa çətinlik çəkib.

«Ona görə ki, bu bizim düşünüb təklif edə biləcəyimiz məsələ deyil. Ancaq hesab edirəm ki, Serzh Sarkisian sona qədər olmalıdır», – deyə G.Sahakian vurğulayıb.

Özünün siyasi gələcəyinə gəldikdə isə, parlamentin spikeri bu barədə dəqiq bir söz deyə bilməyib. «Məni Galust Sahakian kimi tanıyın. Çünki mənim üçün Milli Məclisin sədri, yaxud da deputat olmağımın heç bir fərqi yoxdur. Mən hər zaman Galust Sahakian-am və həmişə siyasətlə məşğul olacağam», – o deyib.

Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkisində prezident Serzh Sarkisian-ın Respublika Partiyası 49 faizdən çox səs toplayıb. Ümumilikdə parlamentə 4 siyasi partiya və blok keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG