Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 15:19

Ermənistanda 3 əsgər yoldaşını öldürməkdə şübhəli bilinən hərbi qulluqçu saxlandı


Azərbaycan-Ermənistan sərhədi ,18 iyun , 2021

Ermənistanlı hüquq müdafiəçisi deyir ki, əsgərlərin hansı şəraitdə ölməsindən asılı olmayaraq, əsas səbəb hərbi xidmətin düzgün təşkil edilməməsidir və buna görə Baş Qərargah məsuliyyət daşıyır

Ermənistanda 3 hərbi qulluqçunu öldürməkdə şübhəli bilinən əsgər saxlanıb.
AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, adı çəkilməyən əsgər, eyni hərbi hissədə təzəcə xidmət edirmiş. Faktla bağlı istintaq aparılır.

Ötən gecə Ermənistanın Sunik bölgəsindəki hərbi məntəqələrdən birində 3 əsgərin cəsədi aşkar edilib.

Onların 19 yaşlı sıravi əsgərlər Murad Muradyan, Levon Arutyunyan və Qor Saakyan olduqları bildirilir.

Ermənistan müdafiə nazirliyinin məlumatına görə, güllə yarası almış əsgərlərin meyitləri gecə saat 2:15 radələrində aşkar edilib.

Bu hərbi məntənin, Ermənistanın Tex bələdiyyəsinə aid olan Kornidzor kəndinin yaxınlığında yerləşdiyi bildirilir.

Qeyd edək ki, bu bölgə Azərbaycanın Laçın rayonu ilə həmsərhəddir.

Ermənistan Müdafiə Nazirliyindən AzadlıqRadiosunun erməni xidmətinə bildiriblər ki, araşdırmalar bu insidentin Azərbaycan tərəfi ilə heş bir bağlılığı olmadığını göstərib. Qeyd edək ki, bundan əvvəl Ermənistan mətbuatında bu hadisənin Azərbaycan tərəfindən törədilməsinin mümkünlüyü barədə məlumatlar dolaşırdı.

Ermənistanlı hüquq müdafiəçisi Artur Sakunts bu insidentin ciddi narahatlıq doğurduğunu bildirib.

Artur Sakunts-Ermənistanlı hüquq müdafiəçisi
Artur Sakunts-Ermənistanlı hüquq müdafiəçisi

O, qeyd edib ki, əsgərlərin hansı şəraitdə ölməsindən asılı olmayaraq, əsas səbəb, ölkədə hərbi xidmətin düzgün təşkil edilməməsini göstərir və buna görə Baş Qərargah məsuliyyət daşıyır.

Hüquq müdafiəçisi deyir ki, təkcə avqustda, sərhəddəki atışmalar da daxil olmaqla ümumilikdə 7 əsgər həlak olub. O, həmçinin mayda 6, iyulda isə 8 erməni əsgərinin həlak olduğunu deyir.

Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin məlumatına görə isə, ilin əvvəllərindən bu yana ümumilikdə 44 erməni hərbçisi həlak olub.

Məlumatda qeyd edilir ki, son vaxtlar sərhəddə vəziyyətin gərgin olmasına baxmayaraq, bunlardan yalnız 9-u qarşı tərəfin açdığı atəşdən ölüb.

XS
SM
MD
LG