Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:55

Zaxarova Rusiya-Ermənistan müqaviləsinin işə salınması mümkünlüyü barədə danışıb


Mariya Zaxarova
Mariya Zaxarova

"Kommersant": Moskvada Ramil Usubovun Armen Qriqoryanla görüşü planlaşdırılmır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 17-də keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə toxunub.

Onun sözlərinə görə, Bakı və Yerevanın rəsmi bəyanatlarından iki tərəfin situasiyanı bir-birinə tam zidd qiymətləndirdiyi görünür.

Zaxarova deyib ki, Rusiya Azərbaycan və Ermənistanla daimi əlaqədədir və yaranmış vəziyyəti dinc axara yönəltməyə çalışır.

Rusiya XİN-in sözçüsü bildiirib ki, noyabrın 16-da prezident Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb, müdafiə naziri Sergey Şoyqunun isə azərbaycanlı və erməni həmkarlarıyla söhbətindən sonra iki ölkə sərhədində atəşkəs elan olunub:

“Gərginliyin aradan qaldırılması üçün birgə iş davam etdirilir. Hər iki tərəfi təmkin nümayiş etdirməyə, yeni insidentlərə yol verməməyə və bütün mübahisələri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırırıq”.

Delimitasiya və demarkasiya mühümdür

Zaxarova bir daha iki ölkə arasında sərhədin müəyyənləşdirilməsi məsələsinə toxunub:

“Son hadisələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesinin və bunun ardınca demarkasiyanın tezliklə işə salınmasının, müvafiq birgə komissiyanın bundan əvvəl Rusiya tərəfindən verilmiş təkliflər əsasında fəaliyyətə başlamasının mühümlüyünü təsdiqləyir”.

ATƏT-in Minsk qrupu həmsədrlərindən söz açan Zaxarova bildirib ki, onlar da yaranmış vəziyyətdən narahatdırlar və aktıv səylərini davam etdirirlər.

Rusiya Federasiyası və Ermənistan Respulikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarixli müqavilənin, habelə KTMT mexanizmlərinin hərəkətə gətirilməsi mümkünlüyü barədə suala cavab verən Zaxarova deyib:

“Rusiya özünün həm ikitərəfli, həm də çoxtərəfli öhdəliklərinə ciddi yanaşır. İkitərəfli xətt üzrə müvafiq məsləhətləşmələr aparılır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə isə, orada, bizim məlumatımıza görə, Ermənsitan-Azərbaycan sərhədindəki vəziyyəti diqqətlə izləyirlər”.

Armen Qriqoryan
Armen Qriqoryan

Ermənistan Rusiyaya yazılı müraciət hazırlayır

Ermənistan Azərbaycanla sərhəddə son gərginliklə bağlı Rusiyadan diplomatik və hərbi yardım gözləyir. "Kommersant" qəzetinin yazdığına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 17-də Moskvada deyib. Onun sözlərinə görə, Ermənistan hazırda müttəfiqi Rusiyaya yazılı müraciət hazırlayır, Rusiyadan 1997-ci ildə imzalanmış qarşılıqlı yardım razılaşmasına uyğun olaraq kömək gözləyir.

Qriqoryan bir gün öncə Rusiyadan Ermənistanın ərazi bütövlüyünün qorunması üçün kömək istəmişdi. Yerevan Azərbaycanı təcavüzdə ittiham edir, Bakı isə Ermənistanın sərhəddə törətdiyi "təxribat və hərbi avantüra"nı iflasa uğratdığını bildirir.

"Azərbaycanın silahlı qüvvələri hazırda Ermənistanın suveren ərazisindədir. Bu, təcavüz aktıdır. 1997-ci ildə Ermənistanla Rusiya belə hallarda bir-birinə kömək etməyə razılaşıb. Bu baxımdan Rusiyaya üz tutmuşuq", – Qriqoryan qəzetə deyib.

Sərhəddə toqquşmalar: Bakı və Yerevandan ekspertlər durumu şərh edirlər
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Onun sözlərinə görə, Ermənistan problemin diplomatik yolla həllinə tərəfdardır. Amma bu, mümkün olmasa, problem hərbi yolla həll edilməlidir.

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov da Moskvada MDB toplantısındadır. "Kommersant" öz mənbələrinə istinadla iki rəsmi arasında görüşün planlaşdırılmadığını xəbər verir.

Azərbaycan dünənki toqquşmalarda 7 hərbçisinin öldüyünü, 10-nun yaralandığını bildirib. Ermənistan bir hərbçisinin həlak olduğunu, 13 hərbçisinin əsir götürüldüyünü, 24-nün itkin düşdüyünü açıqlayıb.

Rusiyanın vasitəçiliyi ilə noyabrın 16-dan axşam sərhəddə atəşkəsin elan olunduğu bildirilir.

Son həftələr istər Azərbaycan-Ermənistan sərhədindən, istərsə də Dağlıq Qarabağdan atəşkəsin pozulmasına dair məlumatlar gəlir.

Paşinyan deyir ki, Azərbaycan sərhəddə irəliləyib
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG