Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:21

Duma “Rusiya-Ermənistan birgə qoşunu” barədə qanunu qəbul etdi


Rusiya Dövlət Duması Rusiya-Ermənistan hava hücumundan müdafiə (HHM) birləşmiş sisteminin yaradılmasına dair sazişi ratifikasiya edib.

Parlamentə təqdim olunmuş arayışda bildirilir ki, bu sazişlə yaradılacaq birləşmiş sistem MDB regional sisteminin təkib hissəsi hesab olunacaq.

Sözü gedən saziş 23 dekabr 2015-ci ildə Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın artıq keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən imzalanıb.

Dövlət Dumasına təqdim edilmiş arayışda habelə qeyd olunur ki, Rusiya və Ermənistan HHM-lərin birgə hərəkətləri Rusiya Federasiyası hərbi hava və kosmik qoşunlarının komandanı tərəfindən əlaqələndiriləcək, birgə hərəkətlərə ümumi komandanlıq isə Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin rəhbəri tərəfindən həyata keçiriləcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, sözü gedən sazişi Ermənistanın Milli Məclisi kifayət qədər qızğın debatlardan sonra iyunun 30-da ratifikasiya edib.

Bu razılaşma parlamentə verilməzdən əvvəl prezident Serj Sarkisyan tərəfindən Konstitusiya məhkəməsinə təqdim edilmiş, məhkəmə isə sənədin ölkə konstitusiyasına zidd olmaması barədə qərar qəbul etmişdi.

Rusiya parlamentinə təqdim edilmiş arayışa görə birləşmiş sistemi hər iki tərəf maliyyələşdirəcək.

Rusiya tərəfindən sazişə görə bunu Müdafiə Nazirliyi etməlidir, lakin bu məqsədlə xərclərhələlik dövlət büdcəsinə daxil edilməyib.

Saziş 5 il müddətinə imzalanıb və bu müddətdən sonra uzadıla bilər.

Qarabağ və Yerevandan fərqli baxış

Noyabrın 30-da Moskvada həm də “Rusiya və Ermənistan silahlı qüvvələrinin birləşmiş qoşun qrupunun yaradılmasına dair saziş” də imzalanıb.

Azatutyun yazır ki, bu razılaşmanı da Ermənistanda birmənalı qəbul etməyiblər.

Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Samvel Babayan deyib ki, hər iki sənəddə təzə bir şey yoxdur.

“Sadəcə olaraq nə varsa, onu qanuniləşdiriblər” – deyib Babayan. Onun fikrincə bu sazişlərdə Ermənistan üçün heç bir təhlükə elementi də yoxdur və əksinə razılaşma erməni tərəfinə faydalı ola bilər. Bu faydanı götürüb-götürməmək isə artıq Yerevandan asılı olacaq.

Samvel Babayan deyib ki, lazım gələrsə Yerevan istədiyi vaxt bu razılaşmadan çıxa bilər.

“Biz heç bir öhdəlik götürmürük, əksinə Rusiya Ermənistan ərazisində HHM sistemini yeni texnika ilə gücləndirə bilər.Hesab edirəm ki, bu saziş əvvəl-axır buna gətirib çıxarmalıdır. Lakin buna bizim rəhbərliyimizin nə dərəcədə nail ola biləcəyi artıq başqa məsələdir” – deyib Babayan.

Lakin Qloballaşma və Region Tədqiqatlar Mərkəzinin rəhbəri Stepan Qriqoryan deyib ki, bu sazişdə Ermənistan üçün heç bir müsbət element yoxdur.

“Burada Cənubi Qafqazda öz mövqeyini möhkəmlətməyə çalışan Rusiyanın ilk növbədə hərbi maraqları nəzərə çarpır. Mən bu sənəddə Ermənistan üçün heç bir maraq görmürəm. Maraqlı bir məsələni xatırladım. Bunu bir neçə gün əvvəl Serj Sarkisyanın özü deyib. O deyib ki, bizi çox çətin vaxtlar gözləyir, resurslarımız yoxdur və sair. İndi mən sual verirəm: Biz Rusiya ilə müqaviləni imzalayanda siz bizə demişdiniz ki, bu birləşmiş qüvvələr Ermənistanın öz təhlükəsizliyini təmin edə bilməsi üçün yaradılır. Bu isə o deməkdir ki, bu müqavilələrin Ermənistanın təhlükəsizliyinə heç bir dəxli yoxdur” – deyib Stepan Qriqoryan.

XS
SM
MD
LG