Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

ABŞ Ermənistanın Suriyadakı Rusiya missiyasında iştirakından narazıdır


Ermənistan kontingenti Suriyaya fevralın 8-də birbaşa Yerevandan göndərilib
Ermənistan kontingenti Suriyaya fevralın 8-də birbaşa Yerevandan göndərilib

Birləşmiş Ştatlar Ermənistanın Suriyadakı Rusiya hərbi missiyasında iştirakından məmnun olmadığını bildirib.

Ermənistan Suriyaya minatəmizləyən ekspertlər və başqa heyətlər göndərib.

Ermənistan bu ay bəyan etmişdi ki, Suriyaya “humanitar yardım” məqsədilə onlarca minatəmziləyən, tibb işçisi və təhlükəsizlik zabitləri göndərib. Yerevanın məlumatına görə ümumi sayı 83 nəfər olan heyət müharibədən əvvəl böyük erməni diasporu yaşayan Hələb şəhərində minaların təmizlənməsi və tibbi yardımın göstərilməsi ilə məşğuldur.

ABŞ Dövlət Departamenti fevralın 13-də AzadlıqRadiosuna təqdim etdiyi bəyanatda bildirib: "Biz Suriyadakı humanitar vəziyyətdə başqa ölkələrin yardım göstərməyə can atdığını başa düşürük və biz Yaxın Şərqdə dini azlıqlarla bağlı narahatlıqları bölüşürük. Bununla belə, biz Suriyanın hərbi qüvvələri ilə, istər mülkilərə yardımın göstərilməsi olsun, istərsə də hərbi təyinatlı fəaliyyət - hər hansı əməkaşlığın əleyhinəyik. Biz habelə bu missiyada Ermənistan və Rusiya arasında hər hansı əməkdaşlığı dəstəkləmirik”.

Dövlət Departamenti xatırladır ki, Rusiya “mülki əhalinin qətliamında və humanıtar fəlakətin yaradılmasında Bashar al-Assad hökumətinin partnyorudur və bu rejimi qlobal səhnədə himayə etməkdə davam edir”.

Rusiya Suriyada 2011-ci ildən bəri davam edən münaqişədə Assad rejiminə həlledici hərbi dəstək verərək, qüvvələr balansını Dəməşqin xeyrinə dəyişib. Rusiya 2015-ci ildə Suriyaya hərbi müdaxilə edəndə Bashar al-Assad faktiki olaraq devrilmək üzrə idi.

Rusiya bu missiyada Ermənistana logistik dəstək verməlidir. Yerevan bildirir ki, onun heyəti Suriyada “müstəsna olaraq döyüş əməliyyatlarının getmədiyi yerlərdə fəaliyyət göstərir”.

Lakin fevralın 12-də Ermənistanın müdafiə naziri Davit Tonoyan deyib ki, “zərurət yarandığı təqdirdə Ermənistan Respublikası qanun çərçivəsində hərbi əməliyyatlarda da iştirak edə bilər”.

Bununla belə, baş nazir Nikol Pashinian fevralın 13-də bildirib ki, “müdafiə nazirinin qeydlərindən xəbərsizdir və Ermənistan heyətinin döyüş əməliyyatlarında iştirakına dair heç bir plan yoxdur”.

Yerevan həmişə ənənəvi olaraq Moskva ilə sıx bağlara maklik olub və Rusiyanın Ermənistanda böyük hərbi bazası var.

Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvüdür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG