Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:08

Ermənistan bazar axtarır


Suren Karayan
Suren Karayan

Moskvaya yeni sanksiyaların nəticələrindən çəkinən Ermənistan bazarlarını şaxələndirir.

ABŞ-ın Rusiyaya yeni sanksiyaları hələlik Ermənistan iqtisadiyyatının durumuyla bağlı ciddi narahatlıq yaratmır. Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirli Suren Karayan hökumətin 10 avqust iclasından sonra jurnalistlərə belə deyib.

Ancaq nazir həm də qeyd edib ki, hökumət bu sanksiyaların Ermənistana təsirini təhlil etməkdədir.

«İQTİSADİYYATIMIZ BUNA UYĞUNLAŞIB»

«Sanksiyalar çoxdan qüvvədədir, özünüz gördünüz ki, iqtisadiyyatımız artıq buna uyğunlaşıb və hazırda ciddi narahatlığa hər hansı səbəb görmürəm», – deyə Karayan bildirib.

O qeyd edib ki, hökumət hazırda Ermənistan məhsulları üçün yeni satış bazarları tapmağa çalışır. Nazirin sözlərinə görə, bu ilin birinci yarısına aid statistik məlumatlardan da bunu görmək olar.

«Əgər ilin ilk altı ayı ərzində Avrasiya İqtisadi İttifaqının (Aİİ) bazarlarına ixrac 25% artıbsa, Avropa Birliyi bazarına ixrac 20% çoxalıb. Başqa sözlə, bazarlarımızı şaxələndirməyə çalışırıq», – deyə nazir əlavə edib.

Bir həftə öncə ABŞ prezidenti Donald Trump Rusiyaya yeni sanksiyaları nəzərdə tutan qanunu imzalayıb. Bununla da qanun qüvvəyə minib. Yeni sanksiyaların ilk növbədə Rusiya Federasiyasının energetika sahəsinə zərbə endirəcəyi bildirilir.

Ermənistanın maliyyə naziri Vardan Aramyan-sa ötən həftə AzadlıqRadiosunun erməni xidmətinə (Radio Azatutyun) müsahibəsində bildirmişdi ki, ABŞ-ın Rusiya və İrana yeni sanksiyaları Ermənistana da ziyan vuracaq.

Shavarsh Kocharian
Shavarsh Kocharian

Ötən gün ölkənin xarici işlər nazirinin müavini Shavarsh Kocharian da Rusiyaya sanksiyaların Ermənistana mənfi təsir göstərəcəyi haqda fikri «məntiqli» hesab etdiyini bildirib.

AZƏRBAYCANA, GÜRCÜSTANA DA TƏSİRDƏN DANIŞIRLAR

«Aydındır ki, Rusiya iqtisadiyyatında mənfi hallar baş verəndə bu, bütün qonşu ölkələrə də təsir edir. Buna klassik örnək kimi Rusiyada böhran başlayanda bunun Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistana da, Avrasiya İttifaqının üzvü olmayan Azərbaycana da, Avropa Birliyinə can atan Gürcüstana da təsir etdiyini göstərə bilərik», – deyə Shavarsh Kocharian qeyd edib.

Nazir müavininin sözlərinə görə, Ermənistan sanksiyaların nəticələrini neytrallaşdıra bilməsə də, onların təsirini minimallaşdırmaqdan ötrü yeni xarici iqtisadi siyasi əlaqələr yaratmağa cəhd edə bilər.

Ermənistan hökumətinin ötən iclasında ölkənin xarici iqtisadi siyasətini aktivləşdirmək barədə qərar qəbul olunmuşdu. Bu məqsədlə hökumət öncədən müəyyən etdiyi 14 ölkə ilə iqtisadi əlaqələrin canlandırılması istiqamətində iş görəcək. Ancaq bu təşəbbüsdə Avrasiya İqtisadi İttifaqının adı yerli-dibli çəkilmir. Seçilmiş 14 ölkə arasında isə sözügedən qurumun üzvlərindən yalnız Rusiyanın adı var.

Xarici işlər nazirinin müavini Shavarsh Kocharian məsələ ilə bağlı belə deyib:

«Sərfəli olan bütün ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirmək lazımdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG