Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Rusiya Ermənistanın ərzaq bazarına necə sahiblənir?


Foto arxivdəndir
Foto arxivdəndir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, yeni ilin ilk günündən Ermənistanda bir sıra ərzaq məhsullarının qiymətləri qalxacaq.

Bu onunla əlaqədardır ki, 1 yanvar 2018-ci ildən Ermənistanda Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük rüsumları qüvvəyə minəcək. Bunun nəticəsində Aİİ-yə daxil olmayan ölkələrdən idxal olunan mallara əlavə rüsum qoyulacaq.

Aİİ-yə daxil olmayan ölkələrdən gətirlən gündəlik tələbat mallarından toyuq ətinin, südün, kərə yağının, bitki yağlarının, çayın bahalaşacağı gözlənilir.

Ermənistan iqtisadi inkişaf və investisiyalar nazirinin müavini Hovannes Azizyan Azatutyun radiosuna deyib ki, qiymət artımı nəzərəçarpacaq olmamalıdır, çünki əlavə rüsumların 1-2 faiz artırılması nəzərdə tutulub.

Onun sözlərinə görə toyuq əti 4 faiz, bitki yağlarının qiyməti isə 2 faiz artacaq.

Azizyan izah edib ki, Ermənistanın Aİİ-yə qoşulmasına dair müqaviləyə əsasən Yerevana 900 adda məhsulun gömrük rüsumlarının tədricən qaldırılması üçün 2024-cü ilədək vaxt verilib.

Yanvarın 1-dən bu məhsulların yalnız 40-ı üçün rüsum dəyişikliyinin tətbiqi nəzərdə tutulub.

Yeni Zelandiya yağı əvəzinə Rusiya yağı

Nazir müavinin sözlərinə görə daxili rüsum siyasətinin yürüdülməsinə səbəb Avrasiya İqtisadi İttifaqı daxilində ticarətin stimullaşdırılması niyyətidir.

Azizyan deyib ki, xarici mallara əlavə rüsumların tətbiqi yerli istehsalın canlanmasına təkan verəcək.

Nazir müavini etiraf edib ki, yeni rüsumların tətbiqi nəticəsində, məsələn ucuz xarici toyuq ətinin qiyməti yerli malın qiyməti ilə bərabərləşəcək.

Hovannes Azizyan son vaxtlarda kərə yağının 40 faiz bahalaşmasından danışarkən deyib ki, bu məhsul Ermənistanda kifayət qədər istehsal olunmur, buna görə də hazırda geniş satışda olan Yeni Zelandiya yağının əvəzinə Rusiya kərə yağından istifadə etmək olar. Beləki Rusiyadan gələn ərzaq məhsullarına əlavə rüsumlar nəzərdə tutulmayıb.

Azatutyun yazır ki, 2024-cü ilədək dəyişdirilməsi nəzərdə tutulan rüsumların 90 faizi qiymətlərin bahalaşması ilə nəticələnəcək. 2020-ci ildən ölkəyə avtomobil gətirilməsinin sənədləşdirilməsi orta hesabla 5 faiz bahalaşacaq.

Lakin bir sıra yerli iqtisadçilar hökumətin verdiyi proqnozlara inanmırlar. İqtisadçı Artak Manukyanın fikrincə yerli istehsalın canlandırılması üçün xarici malların bahalaşdırılmasından daha ağıllı vasitələr var.

İqtisadçı bildirib ki, gözlənilən bahalaşmadan əlavə, Aİİ ölkələrində 2018-ci ildən rüsum tariflərinin qaldırılması həm də aksiz qiymətlərinin artmasına səbəb olacaq. Bunun nəticəsində siqaretin, arağın və yanacağın qiymətləri bahalaşacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG