Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 07:01

Ermənistan üçün İran qazını almaq müşkülə dönüb


►İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkənin qazını almağa çox müştəri çıxıb.

Ermənistan isə qazpaylama şəbəkəsini Rusiyaya satdığı üçün İran qazının alınması müşkülə dönüb.

Vaxt var idi, qazın qiyməti dünya bazarında durmadan artırdı. Hətta 2013-cü ildə Ermənistan Rusiya ilə razılığa gəlmişdi ki, rus qazının qiyməti 5 il sabit qalsın. Çünki hər dəfə qiymət qalxanda Ermənistanda etirazlar baş qaldırırdı.

Hökumət 5 illik təminatı böyük bir nailiyyət kimi təqdim etmişdi. Amma üstündən iki il keçəndən sonra Ermənistan yenə də Rusiyayla qaz qiymətləri barədə danışıqlara başlamalı olmuşdu.

Ermənistan hökuməti özünün "ArmRosqazprom"dakı sonuncu - 20% səhm payını da "Qazprom"a güzəştə getmiş, bunun müqabilində hər 1000 kubmetr qazın qiymətini 189 dollara endirməyə nail olmuşdu.

Keçən il Rusiya qiyməti bir daha endirmiş - 165 dollara salmışdı. Ancaq iki gün əvvəl məlum olub ki, bu tarif yanvarın 1-dək qüvvədə imiş və bu ildən Ermənistan qaza görə yenidən 189 dollar ödəməlidir.

Təxminən bir həftə əvvəl Ermənistanın baş naziri Ovik Abramyan sahibkarlarla görüşü zamanı enerji daşıyıcılarının qiymətlərinə yenidən baxılması ilə bağlı Rusiyaya müraciət edildiyini bildirmişdi.

Ermənistanla Rusiya arasında mövcud qaz müqaviləsi qalmaqal fonunda bağlanmışdı. O zaman birdən-birə məlum olmuşdu ki, 2011-ci ildən bəri Ermənistanın Rusiyaya 300 milyon dollar borcu yığılıb.

Buna da bax: Khomeininin nəvəsi seçkidən kənarlaşdırıldı

Qeyd olunur ki, Avrasiya ittifaqının üzvü olan Belarus Rusiya qazı üçün 142 dollar ödəsə də, bununla kifayətlənməiyb Moskva ilə qiymətin endirilməsi barədə danışıqlar aparır.

Ermənistan iqtisadçıları və iş adamları qeyd edirlər ki, Avrasiya ittifaqının üzvü olan digər ölkələrdə qazın daha ucuz olması yerli istehsalçılara üstünlük qazandırır.

İqtisadçı Aşot Yegizaryanın fikrincə, bu gün Ermənistan əvvəlki illərin siyasətinin nəticələrini görməkdədir. O zaman ölkənin bütün qaz paylama şəbəkəsi "Qazprom"a ötürülmüş, ölkənin İrandan qaz idxal etmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdı.

Nəticədə hazırda bu sahədəki bütün infrastrukturun, yəni qaz boru kəmərlərinin sahibi "Qazprom"dur.

"Qazprom" isə İran qazının ona rəqib olmasını heç istəmir. Qiymətdə güzəşt də yəqin İranı Qafqaz bazarına buraxmamaq istəyinin nəticəsidir.

XS
SM
MD
LG