Ermənistanda siyasi gərginlik yenidən qızışır. Politoloq Zərdüşt Əlizadə düşünür ki, Ermənistanda vəziyyət düzələnə qədər Dağlıq Qarabağa dair danışıqlar dayanacaq.
Onun fikrincə, Ermənistan və Azərbaycan rəhbərlərinin keçən həftə Düşənbədə qısa görüşündən sonra Qarabağ danışıqlarının canlanmasına ümid yaranmışdı. Lakin o Ermənistanda siyasi sabitlik yaranana qədər danışıqlarda bir yenilik gözləmir:
“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri New Yorkda, BMT-nin Baş Assambleyası çərçivəsində görüşüblər, 3 saatlıq söhbət ediblər. Azərbaycanın xarici işlər naziri bu görüşü səmərəli və əhəmiyyətli adlandırıb. İkincisi hər iki ölkə rəhbərləri arasında kommunikasiyanın yaradılması ilə bağlı tapşırıq verilib. Həm də 5-6 gündür cəbhə xəttində sabitlikdir. Mən düşünürəm ki, bütün bunlar Düşənbə sammitindəki danışıqların nəticəsidir”.
Zərdüşt Əlizadə qeyd edir ki, Pashinian siyasi qələbə çalarsa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar yenidən aktuallaşa bilər. Lakin o hesab edir ki, indiki durumda Pashinian-ın Ermənistandakı proseslərdə qələbəsi o qədər də asan görünmür:
“Bu gün 6 nazir istefaya göndərilib, oktaybrın 2-də isə Ermənistanın baş naziri Nikol Pashinian bu ilin sonuna növbədənkənar parlament seçkiləri təyin edib, xalqı küçələrə çağırıb. Biz Ermənistandakı son hadisələrdən bir qədər sonra danışacağıq. İndi isə ondan danışırıq ki, Ermənistandakı son proseslər Dağlıq Qarabağ münaqişəsinə necə təsir göstərəcək”.
Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Richard Giragosian düşünür ki, Pashinian parlamentdə təmsil olunanların da demokratik yolla seçilməsini istəyir. O düşünür ki, demokratik seçkilər keçirilərsə, Pashinian hakimiyyətinə müxalif olan respublikaçıların seçilmək sansı az olacaq:
“Ermənistanda baş verənlərin, demokratik dəyişiklərin Azərbaycana da təsiri var. Yeni Ermənistan hakimiyyətinin təcrübəsi az olsa da, onlar Azərbaycan üçün bəlkə daha məqbul tərəfdaş ola bilər. Eyni zamanda Ermənistandakı demokratik dəyişikliklər Azərbaycanı da həvəsləndirə bilər. Baxmayaraq ki, İlqar Məmmədov azadlıqdadır açığı düşünmürəm ki, Azərbaycanda demokratik dəyişikliklər üçün lazımı müxalif qüvvələr var”.
O ki, qaldı Dağlıq Qarabağ münaqişəsində danışıqlar prosesinə Richard Giragosian vurğulayır ki, bu sahədə yeni səhifə açılır, inam və etimadlı mühit yaradılır.
Amma Azərbaycandan olan millət vəkili Rasim Musabəyov bu fikiləri bölüşmür. O deyir ki, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara başlayır, digər tərəfdən də hərbi xərcləri artırır.
Onun fikrincə, son proseslər göstərir ki, Ermənistanda Pashinian öz hakimiyyətini gücləndirir. Amma Rasim Musabəyov hesab edir ki, Pashinian hakimiyyəti ilə aparılan Qarabağ danışıqlarının nəticəsi haqda fikir söyləmək çətindir:
“Əvvəlki populist fikirləri ilə çıxış edəcəyi halda vəziyyət istəmədiyimiz hərbi müstəviyə keçə bilər. Baxın bir tərəfdən deyirlər ki, biz münaqişənin sülh yolu ilə həllini istəyirik, digər tərəfdən də maliyyə sıxıntıları içində olsalar da, Ermənistanın hərbi qüvvəsini 25-30 faiz artırırlar. Bu o deməkdir ki, heç özləri də danışıqlardan bir nəticə gözləmirlər və anlayırlar ki, danışıqlar hərbi müstəviyə keçə bilər”.
Amma Rasim Musabəyov Nikol Pashinian-ı siyasi xətt olaraq, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdar olan biri kimi xarakterizə edir. Düşünür ki, bəlkə də Ermənistanda hazırkı siyasi durum ondan populist fikirlər söyləməyi tələb edir. Əks halda
rəqibləri Pashinianı Qarabağı satmaqda ittiham edə bilərlər. Bu baxımdan o hesab edir ki, Ermənistandakı siyasi sabitlik təmin olduqdan sonra dəqiq fikir söyləmək olar.
AzadlıqRadiosu bu abrədə Bakı sakinlərinin də fikirlərini öyrənib:
Nikol Pashinian bu ilin mayında - kütləvi etiraz aksiyalarının nəticəsində hakimiyyətə gəlib.
O, parlamentdə çoxluq təşkil edən opponentlərinin mandatdan məhrum edilməsi məqsədilə erkən seçkilərin keçirilməsinə çalışır.
Buna cavab olaraq onun opponentləri oktyabrın 3-də Pashinian-ın parlamenti buraxmasını mümkünsüz edən qanun layihəsini ilkin oxunuşda qəbul ediblər.
Bundan sonra Pashinian-ın “əks-inqilaba” qarşı çağırışı ilə dərhal bir neçə min nəfər parlamentin binası qarşısına toplaşıb. İndilik tərəflər yeni seçkilərin keçirilməsi məsələsində razılaşa bilmirlər.