Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:54

Ruben Mehrabyan: 'Pozanı götürüb hər şeyi silmək mümkün deyil'


Ruben Mehrabyan
Ruben Mehrabyan

Sabah – mayın 8-də Ermənistan parlamentində baş nazir seçkisi olacaq. Müxalifət lideri Nikol Paşinyan artıq qanunverici orqandakı əsas müxalifət fraksiyalarının dəstəyini təmin etdiyini bildirib. Mayın 1-dəki səsvermədə hakim Respublika Partiyası onun namizədliyinə səs verməyəndən sonra etirazlar davam etmişdi. Paşinyan yenə tərəfdarlarını mayın 8-də Yerevanın mərkəzindəki meydana, durumu monitorinq etməyə çağırıb.

Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan AzadlıqRadiosuna müsahibə verib.

- Ruben, demək olarmı, Nikol Paşinyan artıq baş nazirdir?

- Baş nazir seçilməyənədək yüz faiz demək çətindir. Hərçənd görünən budur ki, proses elə buna gedir, o, baş nazir seçiləcək.

- Sizcə, Paşinyanın hakimiyyət başına gəlməsindən sonra Ermənistanda nə dəyişəcək?

- Ölkənin dəyişməyə ümidi yaranıb. İndi ancaq bunu söyləmək olar. Nə dəyişəcək? Bu artıq indi proqnozlaşdırılması çətin olan bir çox şərtlərdən asılıdır. Amma prosesi pozitiv məcraya yönləndirməkdən, ölkədə bir çox şeyin dəyişməsindən ötrü çox böyük istək və çox böyük enerji var. Xüsusən də vertikal şəkildə inteqrasiya etmiş korrupsiyanın önlənməsi, inhisarların məhdudlaşdırılması, ölkədə iqtisadi fəaliyyətin sərbəst nəfəs alması istənilir. Və nəhayət, azadlıq ab-havası… Bu ab-hava yoluxdurucudur. Bu da adamların gündəlik işlərində müstəqil davranmalarına təkan verir. Bu da həyatı dəyişdirir. Ermənistan öz gələcəyi uğrunda mübarizəyə qalxan ölkələrlə müqayisədə istisna təşkil etmir. Biz başa düşürük ki, bu mənada başqalarından nə yaxşıyıq, nə də pisik. Bunu deyə bilərəm.

- Dəyişikliyi xalq, müxalifət istəyir. Baş nazir seçiləcəyi halda hakimiyyətə gələn yeni komanda köhnə komandanın müqaviməti ilə rastlaşmayacaqmı? Bu komanda korrupsiya ilə, inhisarla mübarizə aparmaq istəyirmi?

- Ermənistanda «məxməri inqilab» baş versə də, amma bu, yenə də inqilabdır. Bunun da öz qanunauyğunluqları var. Aydındır ki, abioz, korrupsiyalaşmış şəxslər hakimiyyətdən, iqtisadi sistemdən uzaqlaşdırılmalıdırlar, inhisar məhdudlaşdırılmalıdır. Bu yöndə çox geniş ictimai sifariş var. Əlbəttə, müqavimət də olacaq. Eləcə də aydındır ki, orta və aşağı qatlarda təmsil olunan bürokratlar xalqın bir hissəsidir, onlara indiyədək ictimai maraqlara xidmət etməyən ziyanlı tapşırıqlar veriblər. İndi heç kim hər şeyi altına-üstünə çevirməyəcək. Bu, doğru olmazdı. Bunu hamı dərk edir. Bir də, axı, bu dairələrdə də narazılıq vardı.

- Paşinyanın öz komandası varmı?

- Komandası var. Ancaq bugünkü komanda bütün sistemi əhatələməyə yetərli deyil. Yaxın zamanda hakimiyyət sistemi yenidən qurulanda ora müxtəlif çevrələrdən adamlar cəlb olunacaq. Bununla da, həm də nəsillərin dəyişməsi baş verəcək. Ermənistanda postsovet nəsli artıq böyüyüb və onların dövlətin, hakimiyyətin fəaliyyəti ilə bağlı öz baxışları var. Bəlkə də məhz onlar öz baxışları ilə hakimiyyət idarəçiliyinə gələcəklər. Eyni zamanda, köhnə kadrların da hamısı korrupsiyalaşmayıb, hamısı təsadüfi şəxslər deyil, yəqin belələri hakimiyyətdə qalacaqlar. Düşünürəm ki, bu baxımdan kompromis olacaq. Yəni bu, hər zaman, hər yerdə baş verir. Pozanı götürüb hər şeyi silmək mümkün deyil.

- Paşinyanı Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə müqayisə edənlər də az deyil. Nə qədər uğurlu müqayisədir?

- İndi çox müqayisələr aparırlar. Onu gah Saakaşvili ilə, gah (Kuba inqilabının lideri) Çe Qevara ilə, gah da (Cənubi Afrikanın ilk qaradərili prezidenti) Nelson Mandela ilə müqayisə edirlər. Bu müqayisələr publisistik baxımdan maraqlı sayıla bilər. Praktik baxımdan müqayisə aparmaq mümkün deyil. Saakaşviliyə və Paşinyana bütün sayğılarımıza rəğmən deməliyik ki, Saakaşvili Saakaşvilidir, Paşinyan da Paşinyan.

- Sizcə, nə baş verdi ki, erməni xalqı inqilab etdi?

- İnqilab bir sadə səbəbdən baş verdi. Əvvəla, ölkə yerində sayırdı, ikincisi, ölkədə həddən artıq tələb vardı. Ermənistan hakimiyyəti isə bu tələbləri yerinə yetirməyə qadir deyildi. Xalqdan gələn tələblərlə hakimiyyətin onu gerçəkləşdirmək qabiliyyəti arasında dərin uçurum vardı. Növbəti faktor budur ki, xalq artıq bu hakimiyyətdən cana yığılmışdı, sadəcə, yorulmuşdu. Eyni sifətlər, xalqla eyni monoton, təkəbbürlü tərzdə danışılırdı. Səbir kasasının daşmasına son hadisələr səbəb oldu. 2014-cü ildə yeni idarəçilik sisteminə, prezidentlik üsul-idarəsindən parlament üsul-idarəsinə keçid haqda söhbət başlayanda Serj Sarkisyan bəyan etmişdi ki, bu dəyişikliklər baş tutacağı halda o, nə baş nazir, nə prezident, nə də parlament sədrliyi vəzifəsinə iddia edəcək. Ancaq referendumdan sonra tərəfdarları başladılar ki, niyə də o, baş nazir olmasın? Son ana qədər hakim partiya baş nazir postuna namizədinin adını açıqlamırdı, quş dilində nəsə deməyə çalışırdı. Amma birdən bəyan etdilər ki, namizəd Sarkisyandır. Düzdür, onun prezidentlik kürsüsündən baş nazir vəzifəsinə keçidi qanunvericiliyi pozmurdu. Amma belə təəssürat yaranırdı ki, bizə ələ salırlar. Nikol Paşinyan Mahatma Qandi kimi Gümrüdən Yerevana yürüşə çıxanda onunla bir neçə adam vardı. Sonra onunla bərabər yola çıxanların sayı onlarla oldu, sonra sayı yüzlərə çatdı. Artıq Yerevana çatanda yürüşçülərin saytı minlərlə oldu. Proses total xarakter aldı və hakimiyyət nə baş verdiyini anlaya bilmədi. O qədər başa düşə bilmədi ki, total hadisələrin, Sarkisyanın istefası fonunda mayın 1-də parlament baş naziri yenidən seçəndə hakim partiya dirənməyə başladı, Paşinyan 8 səs ala bilmədi. Ertəsi gün Ermənistan yenidən ayağa qalxdı. Aeroport, dəmiryolu, magistral yollar bağlandı. Hərəkat Yerevandan bölgələrə yayıldı. Artıq mayın 2-də başqa bəyanatla çıxış etdilər ki, son şansdan yararlanmasaq parlament buraxılmalıdır. Bu da o deməkdir ki, Ermənistan bir neçə ay hakimiyyətsiz qalacaq və yolverilməzdir.

- Sizcə, Paşinyanın gəlişindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində nəsə dəyişəcəkmi?

- Düşünmürəm ki, bu istiqamətdə nəsə dəyişsin. İstənilən halda, bir yandan Ermənistanın öz beynəlxalq öhdəlikləri var, o biri yandan da Ermənistanda bu problemlə bağlı ictimai-siyasi konsensus var. Düşünmürəm ki, bu baxımdan dəyişiklik olacaq. Öncəki hakimiyyətlərin, rəsmi Yerevanın münaqişənin həlli yönündə elan etdiyi hamıya məlum tələblər qüvvəsində qalacaq.

- İndiyədək bəzi politoloqlar Dağlıq Qarabağ probleminin nizamlanması məqsədilə Serj Sarkisyan və İlham Əliyevin ortaya siyasi iradə qoymadığını deyirdilər. Xalqın dəstəyi ilə hakimiyyətə gələn Paşinyan bu məsələnin həllində qətiyyətini göstərə bilərmi?

- Başa düşmək lazımdır ki, hakimiyyət xalq tərəfindən seçiləndə o, özünü xarici siyasət meydanında daha komfortlu hesab edir. İkincisi də, münaqişənin həlli ikitərəfli yolla hərəkət tələb edir. Siyasi iradə, qətiyyət öz yerində. Amma öncəliklə regional reallıqlar bütünlükdə dəyişməlidir. Dağlıq Qarabağ və onun ətrafındakı problemlər deyirlər, bax, bu münaqişənin ətrafındakılar dəyişməlidir ki, problem transformasiya edilsin, qarşılıqlı anlaşmanı inkar edən mövqedən iki tərəfin də münaqişənin nizamlanması prosesinə təkan verəcək üçüncü baxışı ortaya qoya bilsinlər. Ona görə yaxın gələcəkdə tektonik xarakterli tərpənişlər görəcəyimizi düşünmürəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG