Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:34

Ermənistan konkret təkliflər gözləyir


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyanın sözlərinə görə, sürətli həlli mümkün, yaxud həlli uzun zaman tələb edən məsələlər var

Atəşkəs rejiminin pozulmasının təşəbbüskarının aşkarlanması, bu provokativ hərəkətin məqsədyönlü müzakirəsi gərginliyin azaldılması üçün vacibdir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün – avqustun 12-də hökumətin iclasında deyib.

Onun sözlərinə görə, beynəlxalq monitorinq mexanizmi olmadan belə bir funksiyanı təsəvvür etmək çətindir.

KTMT-yə alternativ

“Əvvəl dediyim kimi, hesab edirəm ki, burda KTMT-nin müşahidəçi missiyası olmalıdır. Bu, KTMT üçün qəbuledilməzdirsə, alternativ ATƏT-in Minsk qrupu həmsədrlərinə qalır. Minsk qrupu həmsədrlərinin Azərbaycanla sülh danışıqlarını bərpa etmək çağırışına gəlincə, Ermənistan danışıqlar prosesində ən yüksək səviyyədə iştiraka hazırdır. Konkret təkliflər gözləyirik”, – Paşinyan bildirib.

Azərbaycan prezidenti İlham Əliyev də iyulun 14-də danışıqlardan söz açaraq deyib ki, “qeyri-rəsmi kanallardan alınan informasiyaya görə Ermənistan sülh sazişinin imzalanmasına hazır deyil”. Prezident Əliyev bir müddət öncə isə ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyini açıqlamışdı.

Regional kommunikasiyaların açılması

Paşinyanın sözlərinə görə, sürətli həlli mümkün, yaxud həlli uzun zaman tələb edən məsələlər var.

“Sürətli həlli mümkün məsələlərdən biri regional kommunikasiyaların açılmasıdır. Hesab edirəm ki, baş nazirlərin müavinləri formatında üçtərəfli iş bərpa olunmalıdır”, – o vurğulayıb.

Baş nazir Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası üzrə mövqeyin dəyişmədiyini, bu istiqamətdə fəaliyyəti gücləndirməyin vacibliyini qeyd edib.

Ermənistan bu il mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin onun ərazisinə girdiyini iddia edib. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirib.

Qonşularla normal münasibətlər

“Ermənistan əmindir ki, qonşu ölkələrlə normal münasibətlərin qurulması və inkişafı regionda davamlı sülh, sabitlik, təhlükəsizlik və iqtisadi inkişafın açarıdır”, – deyən Paşinyan qonşu ölkələrlə əlaqələrin normallaşdırılmasının onun hökumətinin xarici siyasətinin istiqamətlərindən biri olacağını söyləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG