Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:12

Ermənistan seçkiləri: Qarabağ aspekti


Serzh Sarkisian səs verərkən, Yerevan,2 aprel 2017

Sarkisian “sərhəddə sakitçiliyə” səs verib

Ermənistan prezidenti, Ermənistan Respublikaçılar Partiyasının (HHK) sədri Serzh Sarkisian bu gün Yerevanda parlament seçkisində səs verib. Seçki Dağlıq Qarabağ münaqişə zonasında aprel toqquşmalarının bir illiyilə üst-üstə düşür. Ötən ilin 2-5 aprel tarixlərində keçirilmiş əməliyyatlarda hər iki tərəf onlarla itki verib.

Sarkisian-ın hakim partiyasının ölkə parlamentində çoxluğu qazanacağı və növbəti hökuməti formalaşdıracağı gözlənilir.

Sarkisian səs verəndən sonra jurnalistlərə deyib ki, o, “sərhədlərdə sakitçilik” və “sərhədlərin toxunulmazlığı”na səs verib.

Sarksian cümə günkü yekun seçki kampaniyası nitqində də təhlükəsizlikdən danışıb, deyib ki, seçkinin nəticəsindən “yeni silahların, hərbi texnikanın alınması, müdafiə məqsədiylə yeni gücləndirmələr, əsgərlərin yerləşdirilməsinin səmərəli sxemləri” asılıdır.

“BU PRİNSİPDƏN HEÇ VAXT ƏL ÇƏKMƏYƏCƏYİK”

“Seçki günü atdığınız bülleten bir nömrəli Dağlıq Qarabağ münaqişəsini kimin və necə həll etməsi deməkdir. Bu, Dağlıq Qarabağın yekun statusunun Artsakh (Dağlıq Qarabağ) əhalisi tərəfindən, dinc danışıqlar sonucunda müəyyənləşməsini təmin etmək deməkdir – biz bu prinsipdən heç vaxt əl çəkməyəcəyik”, – Sarkisian deyib.

Bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergei Lavrov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həll paketi mövcuddur. İşğal edilmiş ərazilərin boşaldılması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi tələbi, hələ də qüvvədədir. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov isə bildirirdi ki, “Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz. Lakin Dağlıq Qarabağın özünüidarəsi məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublikaya çevrilə bilər”.

Ermənistanın xarici işlər naziri aprel toqquşmaların bir illiyi münasibətilə bəyanatında bildirib ki, Dağlıq Qarabağ “heç vaxt və heç bir statusla Azərbaycanın tərkibinə qatılmayacaq”.

Azərbaycanın xarici işlər nazirliyi isə Bakının heç vaxt “torpaqlarının işğalıyla barışmayacağını” bildirib.

TER-PETROSİAN-IN DEDİYİNƏ QARŞIDIRLAR

Levon Ter-Petrosian , Yerevan, 2 aprel 2017
Levon Ter-Petrosian , Yerevan, 2 aprel 2017

Ermənistan parlamentində 100 yer uğrunda 9 partiya və blok mübarizə aparır. Onların hamısı Azərbaycanla sülh danışıqları tərəfdarıdır. Bircə keçmiş prezidentLevon Ter-Petrosian-ın Congress-HZhK alyansı bildirir ki, Azərbaycanla sülh sazişinə Dağlıq Qarabağın beynəlxalq statusu əvəzində torpaq güzəştləri salınmalıdır və belə bir sülh sazişi Ermənistanın təhlükəsizliyi və rifahından ötrü vacibdir. Seçkiyə qatılan digər tərəflər bunu rədd edir, məğlubiyyətçi sayırlar.

Ter-Petrosian bu həftənin əvvəlində söyləyib ki, Prezident Sarkisian ATƏT-in Minsk qrupunun irəli sürdüyü sülh planı üzrə irəliləsə, Congress-HZhK onu dəstəkləyəcək.

Bəzi beynəlxalq qurumların keçirdiyi rəy sorğularına görə, Sarkisian-ın seçkidə əsas rəqibi Tsarukian Alyansıdır. Bu alyansa rusiyapərəst maqnat Gagik Tsarukian başçılıq edir. O, seçki kampaniyasında daha çox sosial və iqtisadi məsələlərdən danışıb.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

İşğal olunmuş Dağlıq Qarabağ, Ermənistan əsgəri əlində silah, 6 aprel 2016
İşğal olunmuş Dağlıq Qarabağ, Ermənistan əsgəri əlində silah, 6 aprel 2016

İstər Azərbaycan, istərsə də dünyanın heç bir ölkəsi Dağlıq Qarabağda elan edilən separatçı respublikanı tanımır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Ötən il isə əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırmaqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG