Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:02

Ermənistan hərbi xidmətdən yayınma yollarını bağlayır


Ermənistan universitetlərinin tələbələri ordudan möhləti faktiki olaraq ləğv edən qanuna etiraz edirlər
Ermənistan universitetlərinin tələbələri ordudan möhləti faktiki olaraq ləğv edən qanuna etiraz edirlər

Ermənistanın Milli Məclisi noyabrın 15-də ikinci və son oxunuşda “Hərbi xidmət və hərbi xidmətçinin statusu” haqqında ziddiyyətli qanunu 86 leyhinə və cəmi 6 əleyhinə olmaqla qəbul edib.

Bu qanunun əleyhinə yalnız müxalif Yolk (Çıxış) fraksiyasından olan deputatlar səs veriblər.

Səsvermədən əvvəl çıxış edən fraksiya üzvü Ararat Mirzoyan hakim Respublikaçı Partiya ilə Daşnaksütunun koalisiyasını, habelə Tsarukyan fraksiyasını bu qanunun əleyhinə səs verməyə çağırmışdı.

O bildirmişdi ki, hazırda dörd tələbə bu qanunun əleyhinə aclıq aksiyası keçirir və 120 ali məktəb müəllimi və elmi işçi tələbələrin tələbini dəstəkləyiblər.

Lakin deputatlar bu çağırışa məhəl qoymayıblar.

Əsgərlik istəyənə iki, istəməyənə üç il hərbi xidmət

Beləliklə Ermənistanda qəbul edilmiş yeni hərbi xidmət qanunu tələbələrə ali təhsil almaq üşün akademik möhlətin verilməsi qaydasını kökündən dəyişir.

Bu qanuna uyğun olaraq ali təhsil almaq üçün möhlət yalnız o halda veriləcək ki, bu möhləti almaq istəyənlər təhsilin sonunda ordu sıralarında 3 il müddətində xidmət edəcəkləri barədə müqavilə imzalamış olsunlar.

Bu da qeyd olunur ki, belə müqaviləni imzalayanlar Müdafiə Nazirliyinin göndərdiyi yerlərdə icbari hərbi xidmət keçəcəklər.

Belə bir müqaviləni imzalamayanlar tələbə olub-olmadıqlarına baxmayaraq 18 yaşına çatan kimi iki illik hərbi xidmətə çağırılacaqlar.

Qanun faktiki olaraq Ermənistan gənclərini ali təhsil almaqdan əvvəl hərbi xidmət keçməyə məcbur edir.

Bu qanun layihəsini Milli Məclisə təqdim etmiş müdafiə naziri Vigen Sarkisyan deyib ki, qanun təhsil almaq bəhanəsi ilə ordudan yayınma hallarının qarşısını almaqla sosial ədalətin bərpasına nail olacaq.

Tələbələr vise-spiker Eduard Şarmazanovla (solda) danışıqlardan sonra etiraz aksiyasını dayandırmaq qərarına gəliblər
Tələbələr vise-spiker Eduard Şarmazanovla (solda) danışıqlardan sonra etiraz aksiyasını dayandırmaq qərarına gəliblər

Bu qanunun əleyhinə çıxan və son 7 gün ərzində tətil edən tələbələr, noyabrın 15-də vise-spiker Eduard Şarmazanovla görüşdən sonratətili dayandırmaq və məsələnin müzakirəsini dəyirmi masa arxasında davam etdirmək qərarına gəliblər.

Etirazçı tələbələr deyirlər ki, qanun elmin inkişafına əngəl olacaq, ordudan yayınmaq istəyənlər isə bunu başqa yollarla edəcəklər.

AzadlıqRadiosunun Erməni xidmətinə müsahibəsində Eduard Şarmazanov deyib ki, tələbələrin tələbləri hökumətin qərarları və qanunaltı aktların çərçivəsində müzakirə edilə bilər.

Başqa sözlərlə hökumət sözü gedən qanunun icrası barədə qərarlarında tələbləri nəzərə ala bilər.

Dağlıq Qarabağa göndərilmək qorxusu

AzadlıqRadiosunun müxbiri Tony Wesolowsky yazır ki, tələbələr xüsusilə də üç illik kontraktları imzaladıqdan sonra Dağlıq Qarabağa və ya başqa qaynar nöqtəyə göndərilə biləcəklərindən narahatdırlar.

Human Rights Watch təşkilatının 2016-cı il hesabatında deyilir ki, Ermənistanın ordu sıralarında zorakılıq və qeyri-döyüş səbəblərindən ölüm hallarının çoxalması ciddi narahatlıq doğurur.

Bəzi mıəlumatlara görə Dağlıq Qarabağın müdafiə ordusu da daxil Ermənistan Silahlı Qüvvələrində 2010-cu ildən 2016-cı ilədək olan müddətdə bədbəxt hadisələrdən 472 nəfər həlak olub.

Bu rəqəmə Azərbaycan Silahlı Qüvvələri ilə təmas xəttində atəşkəsin pozulması nəticəsində həlak olmuş 133 nəfər və 2016-cı ilin aprel müharibəsində öldürülmüş 80 nəfər də daxildir.

Beynəlxalq Böhran Qrupundan Cənubi Qafqaz üzrə təhlilçi Olesya Vartanyan AzadlıqRadiosuna bildirib ki, “Ermənistan ordusu son bir neçə il ərzində dərin böhran yaşayır”.

Təhlilçinin qənaətinə görə sözü gedən qanun Ermənistan hökumətinin bu böhranı cəmiyyəti daha dərindən hərbiləşdirməklə çıxmaq planının bir hissəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG