Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 22:36

Lavrov: Ermənistanın KTMT-də qalıb-qalmayacağı tezliklə həll olunmalıdır

Rusiya XİN rəhbəri Sergey Lavrov
Rusiya XİN rəhbəri Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalıb-qalmayacağı tezliklə həll edilməlidir. Bu hərbi ittifaq altı keçmiş sovet dövlətini birləşdirir.

Lavrov iyunun 10-da KTMT xarici işlər nazirlərinin toplantısından sonra bildirib ki, Ermənistan təşkilata üzvlük haqlarını ödəməkdə gecikir. Yerevan toplantıda təmsil olunmayıb.

Rusiya naziri deyib ki, KTMT üzvləri Ermənistanın üzvlük haqlarını ödəməməsinə görə sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə razılaşıblar. Bu barədə "Vedomosti" yazır.

"Artıq iki ildən çoxdur ki, Ermənistanın KTMT büdcəsi qarşısında borcu var və bu məsələ KTMT Nizamnaməsində nəzərdə tutulub. Bu gün biz KTMT Nizamnaməsinin müvafiq maddəsinin tətbiqi məsələsinə baxmaq barədə razılığa gəldik", – TASS Lavrovdan sitat gətirir.

Lavrov əlavə edib ki, Yerevanın niyə pul ödəmədiyini ona erməni həmkarı Ararat Mirzoyan özü deyib: "Həmkarım Ararat Samveloviç Mirzoyan KTMT ilə bağlı suala cavabında demişdi: "Biz üzvlük haqlarını ödəmirik, çünki sadəcə olaraq iştirak etmirik"".

KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv ölkələr iki il ərzində borclarını ödəmədikdə Kollektiv Təhlükəsizlik Şurası həmin dövlətin qurumdakı kvota vəzifələrinə namizədliyini dondurmaq və borc tam ödənilənə qədər onu səsvermə hüququndan məhrum etmək qərarı verir.

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 5-də seçkiqabağı debatlarda deyib ki, Yerevan KTMT-də tamhüquqlu iştiraka qayıtmaq niyyətində deyil və gələcəkdə təşkilatdan çıxmaq qərarı verə bilər.

Son illər Yerevanla Rusiyanın rəhbərlik etdiyi KTMT arasında gərginlik getdikcə artır. Ermənistan Qarabağdakı Rusiya sülhməramlılarını Azərbaycanın 2023-cü ildə keçirdiyi hərbi əməliyyatın qarşısını almamaqda günahlandırır. Rəsmi Bakı həmin əməliyyatla Qarabağ üzərində suverenliyini tam bərpa edib.

Bundan başqa, Ermənistan Azərbaycanın 2022-ci ildə onun ərazisinə girdiyini iddia edir və alyansı bunu qınamağa çağırıb. Bakı isə o zaman sadəcə öz mövqelərini dəqiqləşdirdiyini bildirmişdi.

XS
SM
MD
LG