Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:42

Kocharian-ın həbsi: Məxməri inqilab, yoxsa qisas?


Serzh Sarkisian solda) və Robert Kocharian 2008-ci ilin dekabrında (Arxiv)
Serzh Sarkisian solda) və Robert Kocharian 2008-ci ilin dekabrında (Arxiv)

AzadlıqRadiosunun müxbiri Tony Wesolowsky yazır ki, Robert Kocharian keçmiş sovet respublikalarında həbs edilmiş ilk dövlət başçısıdır.

1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Kocharian “Ermənistanda konstitusiya quruluşunu devirməkdə” ittiham edilir.

Başqa sözlərlə onu 2008-ci ilin martında ölkəni bürümüş etiraz aksiyalarına divan tutmaqda ittiham edirlər.

Bu ittiham 2008-ci ilin prezident seçkisindən dərhal sonra başlanmış etiraz aksiyalarına qarşı polis zorakılığinin tətbiqindən qaynaqlanır. Həmin seçkidə Serj Sargsyan qalib gəlmişdi.

Seçkinin belə nəticəsinə etiraz edən aksiyanın dağıdılması zamanı 8 nümayişçi və iki polis nəfəri həlak olmuşdu. Bu, Ermənistanın post-sovet tarixində ən qanlı hadisələrdən biri idi.

Kocharian ona qarşı ittihamları rədd edir və bildirir ki, bu, Ermənistanın yeni hakimiyyətinin ona qarşı “qisaçılıq” aktıdır.

Ötən may ayında Ermənistanı bürümüş etiraz aksiyalarını bəzi təhlilçilər “məxməri inqilab” adlandırırlar. Bu etirazların nəticəsində Serj Sargsyan baş nazir vəzifəsindən istefa edib və etirazların lideri Nikol Pasinian yeni baş nazir seçilib.

Keçmiş hakimiyyətin dövründə Pashinian təqiblərə məruz qalan müxalifət fiqurlarından biri idi. Məhz buna görə də hazırda Ermənistanda keçmiş hakimiyyətə qarşı irəli sürülmüş ittihamlar, bir növ qisas aktı kimi görünə bilər.

Buna baxmayaraq Pashinian əksər ermənilərin dəstəklədiyi bir fiqurdur.

Ölkə əhalisinin əksəriyyəti iyunun 16-da general Manvel Grigorian-ın həbs edilməsini razılıqla qarşılayıb.

Grigorian-ın villasına keçirilmiş reyd zamanı orada idman maşınları parkının, vəhşi pələnglərin saxlandığı şəxsi zooparkın olduğu aşkar edilib.

Reyd zamanı villada habelə məktəblilərin Dağlıq Qarabağda döyüşən erməni əsgərlərə göndərdikləri ət konservləri və başqa ərzaq tapılıb.

Londondakı Chatham House analitik mərkəzinin Cənubi Qafqaz üzrə təhlilçisi Laurence Broers deyir ki, Pashinian üçün 2008-ci il hadisələrinin üzərindən sükutla keçmək çətin olardı:

“Bu həqiqətən də həllini tapmalı olan milli travmadır”.

Broers bunu da əlavə edib ki, “milli yaralardan” biri də 1999-cu ildə parlament binasında baş nazir Vazgen Sarkisian-ın, spiker Karen Demirchian-ın və 6 millət vəkilinin güllələnməsidir. Bu insident indiyədək müəmmalara bürünmüş halda qalır.

1999-cu il parlament gülləbaranının qurbanları
1999-cu il parlament gülləbaranının qurbanları

Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz təhlilçisi Olesya Vartanyan deyir ki, bir çox ermənilər Kocharian-ın həbsini alqışlayıblar və hətta qonşuları və dostları ilə birlikdə bu münasibərlə kabab qonaqlığı veriblər:

"Ümumən cəmiyyət cənab Kocharian-ı ölkədə iqtisadi tənəzzül və sosial problemlərə səbəb olmuş siyasi durğunluğa görə məsul bilir”.

Cənubi Kaliforniya Universitetində Erməni Araşdırmaları İnstitutunun elmi işçisi Emil Sanamyan deyir ki, Pashinian və Kocharian arasında “xüsusi düşmənçiliyin” tarixçəsi mövcuddur:

"Kocharian-ın hakimiyyəti zamanı Pashinian böhtan ittihamları ilə dəfələrlə məhkəmə qarşısına çıxarılıb və 2008-ci ildən sonra prokurorlar Pashinian-a qarşı indi Kocharian barəsində elan edilən ittihamları irəli sürüblər”.

2010-cu ildə 2008-ci il etirazlarının təşkilatçısı kimi məhkum edilmiş Pashinian Kocharian-ın həminetirazlar zamanı fəaliyyətinin araşdırılmasını tələb edib.

Kocharian 2008-ci il etirazları ilə əlaqədar ittiham olunan ən böyük siyasi fiqur olsa da, bu mənada tək deyil.

İyulun əvvəllərində Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci ildə müdafiə naziri olmuş Mikael Harutiunian-ın həbsi üçün order verib.

Harutiunian etirazçılara qarşı silahlı qüvvələrdən qanunsuz istifadə etməkdə və nəticə etibarilə konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

72 yaşlı keçmiş nazir bu ilin əvvəllərində Moskvada cərrahiyyyə əməliyyatı olunub və hazırda Rusiyadadır.

Kocharian-ın həbs olunduğu gün Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibi Yuri Khachaturov-a qarşı konstitusiya quruluşunu devirmək ittihamı irəli sürülüb. 2008-ci ilin qanlı etirazları zamanı Khachaturov Yerevan hərbi qarnizonunun rəisi idi.

Yuri Khachaturov
Yuri Khachaturov

Khachaturov 10 min dollar məbləğində zamin pulu ödədikdən sonra müvəqqəti sərbəst buraxılsa da, Kocharian barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri qüvvədə saxlanıb.

Sanamyan Kocharian və Khachaturov-a fərqli münasibəti proseslərə Pashinian-ın təsiri ilə izah edir.

Bununla belə Pashinian hökumətinin həyata keçirdiyi son həbslər Moskvanın narahatlığına səbəb olub.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin keçmiş hakimiyyətin təqib edilməyəcəyinə dair bəyanatları ilə ziddiyyət təşkil edir.

Rusiyanın dövlət TASS xəbər agentliyinin məlumatına görə Lavrov bu bəyanatı iyulun 31-də jurnalistlərlə söhbəti zamanı səsləndirib.

Lavrov deyib ki, “son günlərin hadisələri Ermənistanın yeni hakimiyyətinin keçmiş hakimiyyətin siyasi motivlərlə təqib olunmayacağına dair bu yaxınlarda verdiyi bəyanatlarla ziddiyyət təşkil edir”.

Lavrov deyib: "Rusiya Yerevanın müttəfiqi kimi erməni dövlətinin sabitliyində maraqlıdır və buna görə də hazırda orada baş verənlər, həm də MDB ərazisində fəaliyyət göstərən təşkilatların normal işi baxımından bizi narahat etməyə bilməz”.

Lavrov ümid etdiyini bildirib ki, Ermənistanda siyasətçilərin həbsləri ilə bağlı situasiya konstruktiv həllini tapacaq:

"Son bir neçə gün ərzində biz bu narahatlığımızı bir neçə dəfə Ermənistan hakimiyyətinin nəzərinə çatdırmışıq...”.

1 mart 2008-ci il etirazları zamanı
1 mart 2008-ci il etirazları zamanı

Təhlilçilər bildirirlər ki, keçmişlərdə Rusiya Ermənistan barəsində tənqidi bəyanatlar verməməyə çalışıb. İki dövlət çox yaxın siyasi, hərbi və iqtisadi bağlara malikdir.

Pashinian müxalifətdə olarkən Rusiyanı kəsklin tənqid edən bəyanatlar versə də, baş nazir olandan sonra iki ölkə arasında “məxsusi” münasibətlərin saxlanmasına tərəfdar olduğunu deyib.

Pashinian Kocharian-ın həbsi ilə bağlı proseslərə hər hansı müdaxilə etdiyini danır, hərçənd keçmiş prezidentin tərəfdarları tamamilə əks fikirdədirlər.

Broers deyir ki, hazırkı şəraitdə Kocharian-ın ədalətlə mühakimə ediləcəyi şübhə doğurur:

"Problem bundan ibarətdir ki, Ermənistanın ədliyyə sektoru islahatları həyata keçirməyə macal tapmayıb. İndi təhlükə bundadır ki, prosesin yüksək səviyyədə həyata keçirilməməsi onu cəmiyyətin öz keçmişi ilə barışmasından daha çox “qaliblərin ədalətinə” çevirə bilər”.

Vartanyan-ın fikrincə hazırda Pashinian-ın populyarlığı o qədər yüksəkdir ki, tərəfdarları onun bütün hərəkətlərinə haqq qazandırırlar və çox az sayda jurnalist və siyasətçi onun barəsində tənqidi suallar verə bilir.

İş o yerə çatıb ki, Pashinian-ı dəstəkləyən Qagik Tsarukian fraksiyasından bir millət vəkili Kocharian-ın həbs edilməsininin qanuniliyinə şübhə ifadə etdikdən sonra istefa verməli olub.

Ermənistanın ilk post-sovet baş naziri Manukian deyib ki, o keçmiş liderlərin həbslərindən cəmiyyətin keçirdiyi eyforiyanı başa düşür, lakin hakimyyətin zirvəsində bu qədər gücün cəmləşməsi yeni təhlükələr yaradır.

XS
SM
MD
LG