Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Ermənistanda da insan haqları axsayır


Erməni polisi gənc erməni fəalını yaxalayıb.

‘Human Rights Watch’ Ermənistanı da tənqid edir: “Ermənistanda insan haqlarının müdafiəsi ‘problematikdir’”

«Ötən il Ermənistanda insan hüquqlarının qorunması məsələsi problematik olaraq qalıb. Hökumət dinc nümayişçilərə... güc tətbiq edib, jurnalistlərə hücum edib, etiraz aksiyalarının iştirakçılarına və liderlərinə əsassız ittihamlar irəli sürüb». Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatının yanvarın 12-də yaydığı hesabatında belə deyilir.

Nüfuzlu qurum iyulda İrəvanda polis patrul xidməti alayının ərazisinin tutulmasından sonra başlamış etiraz aksiyaları ilə bağlı yazıb: «”Sasna tsrer”in təslim olmasından öncə cəmiyyətin onlara rəğbəti və insanların hökumətdən narazılığı bütöv bir müxalifət hərəkatına çevrildi. ...Etiraz aksiyaları dinc xarakter daşıyırdı... Ancaq polis etirazçılara qarşı xüsusi vasitələrə əl atıb. Bunun nəticəsində onlar birinci və ikinci dərəcəli yanıqlar alıblar».

Buna da bax:​ Erməni mediası:"Baş nazir öz kürəkənindən başlasın"

“DƏMİR MƏFTİLLƏRLƏ DÖYÜRDÜLƏR”

Hesabatda həmçinin deyilir ki, polis insanlara nəzarət edə bilməkdən ötrü daha yumşaq üsullardan yararlanmağa çalışmayıb, aksiyanın dağıdılacağına, yaxud güc tətbiq ediləcəyinə dair hər hansı xəbərdarlıq etməyə cəhd göstərməyib. «Hüquq mühafizəçiləri və onlarla birlikdə olan mülkigeyimlilər etirazçılara yumruq zərbələri endirir, bəzilərini isə dəyənək və dəmir məftillərlə döyürdülər.

Polis jurnalistlərə kütlədən aralı dayanmaq barədə xəbərdarlıq edib. Jurnalistlərin çoxu razılaşsa da, hüquq mühafizəçiləri onlar tərəfə səsli qumbara ataraq, ən azı, səkkiz nəfərinə xəsarət yetiriblər. Polis və naməlum şəxslər bəzi jurnalistləri döyüb, texnikasını sındırıb və əlindən alıb», – deyə hesabatda yazılır.

Buna da bax: Qarabağ münaqişəsinin Ermənistandakı etirazlarda rolu

Qurum daha sonra qeyd edir ki, hökumət polislə bağlı istintaqa başlayıb, İrəvanın polis rəisini işdən çıxarıb, dörd polisi vəzifəsindən kənarlaşdırıb, 13 polis nəfərinə isə töhmət verib.

POLİS ZORAKILIĞI

«Hadisələrdən yarım il keçmiş biz hələ də polis işçilərinin bu hüquq pozuntularına görə məsuliyyətə cəlb ediləcəyini gözləyirik. Ermənistan hökuməti nümayişçiləri çox sürətlə təqib etdi. Ancaq polis əməkdaşlarının hərəkətlərini araşdırarkən etimada layiq istintaq aparmadı», – deyə Human Rights Watch-un Cənubi Qafqaz üzrə rəhbəri Giorgi Gogia bildirib.

Buna da bax:​ Qarabağı Azərbaycanın parçası sayan erməni dissident...

HRW qeyd edir ki, iyul-avqust ayları ərzində Yerevandakı nümayişlər zamanı polis pərakəndə şəkildə onlarla vətəndaşı saxlayıb, bir çoxunu döyüb, bəzilərinə qarşı isə əsassız ittihamlar irəli sürüb.

«Polis zorakılığına görə məsuliyyətə cəlb etmə cəmiyyətdə etimadın gücləndirilməsi baxımından son dərəcə vacibdir», – Giorgi Gogia deyib.

QADINLAR, XƏSTƏLƏR, CİNSİ AZLIQLAR

Hesabatda qadın hüquqlarına ayrıca yer ayrılıb. Sənəddə qeyd edilir ki, Ermənistanda məişət zorakılığına görə cinayət məsuliyyəti barədə qanunvericilik yoxdur. Halbuki, yerli hüquq müdafiəçiləri bildirirlər ki, 2010-2015-ci illərdə 30 qadın ərləri, yaxud ailənin digər üzvləri tərəfindən öldürülüb və bu halların, demək olar ki, heç birində cəza tədbirləri görülməyib.

Buna da bax: Rusiya İstintaq Komitəsinin sədri də ABŞ-ın sanksiya siyahısına düşdü

Əvvəlki hesabatlardakı kimi, HRW bu dəfə də vurğulayır ki, Ermənistanda sağalmaz xəstəliklərdən əziyyət çəkən vətəndaşlar son dərəcə zəruri olan ağrıkəsici dərmanları almaq üçün əlavə çətinliklərlə qarşılaşırlar və mənasız yerə vaxt itirirlər ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ziddir.

Hesabatda cinsi azlıqların hüquqlarının pozulmasından da söz açılır. Qeyd edilir ki, «Ermənistan hökuməti onlara qarşı ayrıseçkiliyə ... və nifrət çıxışlarına reaksiya vermir».

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG