Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:57

Ermənistanla Hindistan hərbi-texniki əməkdaşlığı müzakirə edir


Mohammad Hamid Ansari
Mohammad Hamid Ansari

Ermənistanla Hindistan ikitərəfli hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edirlər. «Bu, iki ölkə rəhbərliyinin ümumi tələbləri nəzərə alaraq müzakirə etdikləri məsələlərdir», – deyə Hindistanın vitse-prezidenti Mohammad Hamid Ansari AzadlıqRadiosunun erməni xidmətinin müxbirinə bildirib.

PAKİSTAN DA AZƏRBAYCANLA DOSTLUQ EDİR

Qeyd edək ki, Hindistanla münasibətləri gərgin olan Pakistan Azərbaycanla hərtərəfli hərbi əməkdaşlıq edir. Ötən ilin oktyabrında Pakistanın baş naziri Nawaz Sharif Bakda rəsmi səfərdə olub. Azərbaycan prezidenti İlham Əliyev onunla danışıqlardan sonra belə deyib: «Biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq niyyətindəyik. Bu məsələdə tam razılığa gəlmişik».

Bu ilin fevralında isə Azərbaycan prezidenti Pakistanın paytaxtı İslamabada gedib. Səfər zamanı İlham Əliyev və Nawaz Sharif hərbi-texniki əməkdaşlıqla bağlı danışıqları davam etdiriblər. Tərəflər Azərbaycanın Pakistan hərbi sənaye kompleksinin məhsullarını satın almasına dair razılığa gəliblər. Bu, verilən rəsmi bəyanatda da qeyd edilib.

Ayrıntılar barədə bilgi verilməsə də, ötən ilin sentyabrında Ermənistanın 25 illiyi münasibətilə Yerevanda keçirilən hərbi paraddan sonra media yazırdı ki, Azərbaycan Pakistanın dəstəyi ilə öz ballistik raketlərinin istehsalına başlayacaq. Xatırladaq ki, həmin hərbi parad zamanı «Iskander» raket kompleksləri sərgilənmişdi.

M.H.Ansari və baş nazir K.Karapetian
M.H.Ansari və baş nazir K.Karapetian

20.8 MİLYONLUQ TİCARƏT

Hindistanın vitse-prezidenti Mohammad Hamid Ansari Ermənistana aprelin 24-də başlamış üçgünlük rəsmi səfəri çərçivəsində ötən gün – aprelin 26-da ölkənin baş naziri Karen Karapetian-la görüşüb.

«Hindistan mühəndislik sahəsində, maşınqayırma, informasiya texnologiyaları, səhiyyə, o cümlədən əczaçılıq, kənd təsərrüfatı və bir sıra başqa sahələrdə geniş imkanlara malikdir və o bu imkanları Ermənistanla bölüşməyə hazırdır», – deyə Mohammad Hamid Ansari görüşdə qeyd edib.

İki gün öncə Ermənistan prezidenti Serzh Sarkisian Hindistanın vitse-prezidentini qəbul edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, «həmsöhbətlər min illərlə tarixi olan erməni-hind əlaqələrinin dövlətlərarası münasibətlərin gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə güclü dayaq olması barədə yekdil fikir ifadə ediblər».

Ancaq bununla yanaşı, Ermənistanla Hindistanın ticarət və iqtisadi əməkdaşlığının həcmi o qədər də böyük deyil. Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, ötən il qarşılıqlı ticarətin həcmi 20.8 milyon dollar olub. Bu isə Ermənistanın ümumi xarici ticarətinin cəmi 0.4%-ni təşkil edir.

AVRASİYA İTTİFAQININ ÜMUMİ İQTİSADİYYATINDAN ÇOX

Dünya Bankının son məlumatına görə, 2015-ci ildə Hindistanın əhalisi 1 milyard 311 milyon nəfərdən artıq olub, iqtisadiyyatının həcmi isə 2 trilyon 91 milyard dollar təşkil edib. Bu rəqəm Avrasiya İqtisadi İttifaqının ümumi iqtisadiyyatının həcmindən üstündür.

Ötən gün Yerevan Dövlət Universitetində tələbə və müəllimlərlə görüşü zamanı Hindistanın vitse-prezidentinə sual verilib ki, o, Ermənistan vasitəsilə Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi sahəsində hansı perspektivləri görür.

«Ötən gün biz günün çox hissəsini Ermənistan rəhbərliyi ilə müzakirələrdə keçirdik. İki ölkə arasındakı əməkdaşlığı necə irəli apara biləcəyimizi müzakirə etdik. Həm mən, həm də Ermənistan rəhbərliyi hesab edir ki, bu əməkdaşlıq təkcə bir istiqamətlə məhdudlaşmır. Biz öz maraqlarımıza uyğun əməkdaşlığı irəlilətmək üçün müxtəlif ittifaqlardan, ikitərəfli və çoxtərəfli münasibətlər çərçivəsində əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik», –deyə Hindistanın baş naziri Mohammad Hamid Ansari qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG