Dünya xəbərləri
Ermənistan səfiri İsrail XİN-ə çağırılıb
İsrail Xarici İşlər Nazirliyi (XİN) Ermənistan səfirini bu quruma dəvət edərək Fələstin Dövlətinin tanınmasına etiraz edib.
XİN-in məlumatına görə, səfir Arman Akopyan Fələstinin tanınmasına görə rəsmi Təl-Əvivdən "şiddətli töhmət" alıb.
Ötən ilin oktyabrında Qəzzada müharibə başladıqdan sonra bir sıra dövlətlər - Sloveniya, İrlandiya, İspaniya, Norveç Fələstinin müstəqilliyini tanıyıb.
İsrail müxtəlif dərəcəli diplomatik addımlarla Fələstini tanıyan ölkələrlə münasibətlərini yenidən nəzərdən keçirir.
Ermənistan Fələstin Dövlətini tanıyıb
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Fələstin Dövlətini tanındığını rəsmən elan edib.
"İsrail-Fələstin münaqişəsinin həlli üçün "iki dövlət" prinsipini dəstəkləyirik", - nazirliyin saytında yer alan bəyanatda bildirilir.
Xatırladılır ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Qəzza zolağında dərhal atəşkəsə çağıran qətnaməsinə qoşulub.
Xatırlatma
İsrail-Fələstin münaqişəsinin tarixi ötən əsrin ortalarına gedir. 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) qurumun nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verib. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb. Nəticədə tərəflər arasında münaqişə yaranıb.
Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.
Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.
Bütün xəbərləri izləyin
Moskvada politoloq narkotik ittihamı ilə həbs edilib
Rusiyada politoloq Aleksandr Kınev cinayət işi çərçivəsində həbs edilib və Moskvanın Perovo rayon Məhkəməsinin qərarı ilə sentyabrın 25-də istintaq təcridxanasına göndərilib.
"Mediazona"nın məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, Kınev narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur və bu maddə üzrə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyir.
Politoloqun saxlanılması faktını vəkil Mixail Biryukov da "Mediazona"ya təsdiqləsə də, onun məhz nə vaxt saxlanıldığı hələlik məlum deyil. İki gün əvvəl Kınev Dövlət Dumasına keçirilən seçkiləri "Facebook" hesabında şərh edib, həmçinin yaxın vaxtlara qədər onun Telegram-kanalında da seçki nəticələri ilə bağlı paylaşımlar dərc olunub.
Jurnalist Aleksey Venediktovun yazdığına görə, Kınev özünü təqsirli bilmir.
Kınev Rusiyanın regionlarında hakimiyyət strukturunu təhlil edir, seçkilərlə bağlı araşdırmalar aparır. Onun 2025-ci ildə işıq üzü görən "Rusiya regionlarını kim və necə idarə edir" kitabında SSRİ-nin dağılmasından sonra regional administrasiyaların formalaşması mərhələləri tədqiq olunur.
Politoloq Ukraynadakı müharibəyə qarşı çıxıb. Rusiya hakimiyyəti bu ilin fevralında onu "xarici agent" elan edib.
Kiyev və Odessaya zərbələrdən ölənlər var
Bu gün – sentyabrın 25-də günorta saatlarında Rusiyanın Ukraynanın paytaxtı Kiyevə dron hücumu nəticəsində üç nəfər həlak olub. Bu barədə şəhərin meri Vitali Kliçko məlumat verib.
"İlkin məlumata görə, dronun düşdüyü ofis binasının yaxınlığındakı dayanacaqda avtomobillər alışıb. Orada üç nəfərin meyiti tapılıb. Daha yeddi nəfər isə yaralanıb”, –Kliçko Teleqram kanalında yazıb.
+++
Sentyabrın 25-nə keçən gecə Rusiya Ukraynaya dron və raketlərlə irimiqyaslı hücum edib. Kiyev şəhəri, Kiyev və Odessa vilayətləri hədəfə alınıb. Ölənlər var.
Kiyev meri Vitali Kliçkonun Telegram-da yazdığına görə, dronun çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində 7–10-cu mərtəbələrdə yanğın başlayıb. Digər bir dron isə 25 mərtəbəli başqa binanın dördüncü mərtəbəsinə dəyib.
Kiyevə hücum nəticəsində 14 yaşlı oğlan həlak olub, daha üç nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Rusiya hərbçiləri Odessa şəhərinə və vilayətinə də növbəti zərbə endiriblər. Bir qadın həlak olub, daha bir nəfər isə yaralanıb.
Sentyabrın 25-i səhər saatlarında Rusiyanın Zaporojye şəhərini atəşə tutması nəticəsində tibb mərkəzində yanğın başlayıb, təcili tibbi yardım maşınları zədələnib, bir nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi isə Kiyev vilayətində dron anbarını, Odessa vilayətində isə iki logistika mərkəzini və Reni limanını vurduğunu bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə hücumları zamanı 295 zərbə dronundan istifadə edib, onlardan 267-si vurulub. Bu rəqəmləri müstəqil mənbələrdən təsdiqləmək mümkün olmayıb.
Ukraynanın zərbələri
Ukrayna dronları isə ötən gecə Rusiyanın Perm diyarında, Voronej, Rostov və Ulyanovsk vilayətlərində sənaye müəssisələrinə genişmiqyaslı hücumlar təşkil edib. Xəsarət alanlar var.
Ulyanovsk vilayətinə hücum nəticəsində biri uşaq olmaqla, səkkiz nəfərin xəsarət aldığı açıqlanıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar region səmasında 50 dronun vurulduğunu bildirib. Onun sözlərinə görə, hücum nəticəsində Novoşaxtinsk Neft Məhsulları Zavoduna ziyan dəyib, müəssisə fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyi ölkənin 18 regionu və Krım yarımadası üzərində Ukraynaya məxsus 600-ə yaxın dronun vurulduğunu bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı zərbələri hələlik şərh etməyib.
Qazaxıstanda təlimdə həlak olan hərbçilərin sayı 12-yə çatıb
Qazaxıstanda Xəzər dənizində hərbi təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb. Manğıstau vilayətinin regional hakimiyyət orqanlarının yaydığı məlumata görə, daha iki hərbçinin axtarışları davam edir və onlar hələ də itkin düşmüş hesab olunurlar.
Hadisə ötən gün baş verib, güclü dalğa 17 nəfəri dənizə aparıb. Onlardan 12-si ölüb, üçünü isə xilas etmək mümkün olub.
Prezident Kasım-Jomart Tokayev sentyabrın 25-də ölkədə ümummilli matəm günü elan edib.
"Azattyq Asia" yazır ki, bu, Xəzər dənizində təlim zamanı ilk ölüm halı deyil. 2015-ci ildə Aktau yaxınlığında keçirilən "Mərkəz – 2015" təlimlərində də dörd hərbçi həlak olmuşdu. Həmin vaxt göyərtəsində 52 hərbçi olan altı BTR-80 zirehli transportyoru dənizə çıxmış, güclü külək nəticəsində batmışdı. Faciənin səbəbləri kimi təhlükəsizlik qaydalarına riayət olunmaması, şəxsi heyətin hazırlığının yetərsizliyi və nəzarətin zəifliyi göstərilmişdi. Altı nəfər təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdi.
+++
Qazaxıstan Müdafiə Nazirliyi təlim zamanı 9 hərbçinin həlak olduğunu, qalanlarının isə axtarıldığını bildirib.
Məlumata görə, sentyabrın 24-də Manğıstau vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri təlim keçirərkən hava şəraiti qəfil pisləşib və külək güclənib. Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirən hərbçilər güclü dalğanın təsirindən dənizdə batıb.
19 hərbçidən doqquzunun öldüyü təsdiqlənib, üç hərbçi xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib. Qalan hərbçilərin axtarışı davam edir.
Faktla bağlı Qazaxıstan Baş Prokurorluğunda cinayət işi başlanıb.
Berlin aeroportu dron səbəbindən işini müvəqqəti dayandırıb
Berlin-Brandenburq aeroportu yaxınlığında dron görünməsi səbəbindən sentyabrın 23-ü axşam saatlarında işini müvəqqəti dayandırıb.
Dron yerli vaxtla saat 20:00 radələrində görünüb. Bundan sonra Almaniyanın Hava Nəqliyyatının İdarə Edilməsi Xidməti (DFS) əvvəlcə şimal, sonra isə cənub uçuş-enmə zolağını bağlayıb. Məhdudiyyətlər bir saat sonra aradan qaldırılıb.
DPA agentliyinə görə, Berlin-Brandenburq Almaniya hava limanları arasında yaxınlığında ən çox dron aşkar edilən məkandır. Dispetçer xidməti 2026-cı ilin ilk altı ayında burada 28 dron qeydə alıb və onlardan 7-sində uçuşlar dayandırılıb. Müqayisə üçün, 2025-ci ilin bütün ili ərzində cəmi 8 dron qeydə alınmışdı.
Hazırda Almaniya aeroportları və hərbi obyektləri yaxınlığında şübhəli dronların görünməsi ilə bağlı bir neçə hadisə araşdırılır.
Avqustda Leypsiq hava limanında bir neçə dron tapılıb. Onlardan birinin partlayıcı ilə təchiz olunduğu və Ukraynanın sursat daşıyan "An-124" təyyarəsinin yaxınlığında yerləşdiyi bildirilir. Sentyabrın 1-də Almaniya hakimiyyəti iddia edilən təxribat cəhdində Rusiyanı günahlandırıb. Moskva ittihamları rədd edib.
Sentyabrın 23-də Vunstorf hərbi aerodromu yaxınlığında tapılan dron qalıqlarının yanında da naməlum maddə aşkarlanıb. Maddənin partlayıcı olduğu güman edilir, amma kriminalistik ekspertiza hələ bitməyib. Həmin aerodromda Almaniya Hərbi Hava Qüvvələrinin "Airbus A400M" hərbi nəqliyyat təyyarələri yerləşir.
Almaniyanın Federal Prokurorluğu və Federal Cinayət İşləri İdarəsi bu iki hadisə arasında əlaqəni araşdırır.
Almaniya mediasının məlumatına görə, dronların quruluşu oxşardır. Vunstorfdakı dronun ən azı bir detalı 3D printerdə hazırlanıb.
Rusiya hərbi helikopteri Polşanın hava məkanını pozub
Helikopter Polşanın hava məkanına təxminən 300 metr daxil olub və orada 42 saniyə qalıb
Sentyabrın 23-də Rusiyaya məxsus Mi-8 hərbi helikopteri Polşanın hava məkanını pozub. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatına görə, hadisə ilə əlaqədar qırıcı təyyarələr havaya qaldırılıb.
Açıqlamada bildirilir ki, Kalininqrad istiqamətindən gələn helikopter Polşanın hava məkanına təxminən 300 metr daxil olub və orada 42 saniyə qalıb.
“Hadisənin xarakteri göstərir ki, Rusiya hava hücumundan müdafiəmizin hazırlığını yenidən sınağa çəkir”, – məlumatda deyilir.
Sentyabrın 13-nə keçən gecə Polşa-Ukrayna sərhədi yaxınlığında Rusiya dronlarının hücumlarından sonra Polşanın baş naziri Donald Tusk Rusiyanın gərginliyi artırmasının “artıq fakta çevrildiyini” bildirib. O xəbərdarlıq edib ki, qarşıdakı həftələr və aylar Moskvanın “çox intensiv fəaliyyət” dövrü ola bilər. Tuskun sözlərinə görə, gərginliyin Polşa ərazisinə də yayılacağını istisna etmək olmaz.
İyulun 30-na keçən gecə Rusiyanın X-101 qanadlı raketi Polşaya düşüb. Ölkə prokurorluğunun məlumatına görə, raket 2026-cı ilin ikinci rübündə Moskva vilayətindəki zavodlardan birində istehsal olunub.
ABŞ Rusiya xarici işlər nazirinin müavininə viza verməyib
ABŞ Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimova Nyu-Yorkda BMT tədbirlərində iştirak etmək üçün viza verməyib. TASS agentliyi xəbəri Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqinova istinadla yayıb.
"Rusiya Federasiyasının BMT çərçivəsində keçirilən tədbirlərə göndərdiyi nümayəndələrlə bağlı bütün viza müraciətlərinin nə vaxtsa tam təmin olunduğunu xatırlamıram", – o deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, viza məsələsi ABŞ hakimiyyəti ilə müzakirə olunacaq. Onun sözlərinə görə, bu addım BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkənin öhdəliklərini pozur.
Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Sentyabrın 23-də onun Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır.
Sentyabrın 22-də Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın görüşəcəyi gözlənilir. Danışıqların əsas mövzusunun "enerji atəşkəsi" adlı razılaşmanın mümkünlüyü olacağı bildirilir.
Tramp son vaxtlar Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri məsələsinə dəfələrlə toxunub, bu hücumların dünya bazarında dizel yanacağının bahalaşmasına səbəb olduğunu bildirib. Zelenski bir gün əvvəl bəyan edib ki, Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələri dayandırarsa, Ukrayna da analoji deeskalasiya addımları atmağa hazırdır.
Türkiyədə məktəb yaxınlığında atəş açılıb, 8 şagird yaralanıb
Sentyabrın 22-də Türkiyənin qərbindəki Manisa vilayətində bir şagird oxuduğu məktəbin qarşısında atəş açaraq azı səkkiz şagirdi yaralayıb. Bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır. Yerli valilik hücum edən şəxsin saxlanıldığını bildirib.
İnternetdə yayılan foto və videolarda əli tüfəngli bir şəxsin məktəbin yaxınlığındakı küçə ilə getdiyi, daha sonra isə həmin küçədən geriyə qaçdığı görünür.
Hücumun motivi hələlik bəlli deyil.
Apreldə Türkiyə məktəblərində iki silahlı atışma insan itkisi ilə nəticələnib. Bundan sonra rəsmilər 2026-2027-ci tədris ili üçün yeni təhlükəsizlik tədbirləri tətbiq ediblər. Silahlara nəzarətin də sərtləşdirildiyi bildirilib.
Əvvəllər Türkiyədə bu cür hücumlar geniş yayılmamışdı.
Vitse-prezident Cövdət Yılmaz bildirib ki, daxili işlər naziri Mustafa Çiftçi və təhsil naziri Yusuf Tekin araşdırma aparmaq üçün Manisaya yollanıblar.
Paşinyan da Nyu-Yorka gedib
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-dən 25-dək ABŞ-yə işgüzar səfərə yola düşüb. O, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək.
Hökumətin yaydığı məlumata görə, Paşinyan BMT-nin baş katibi Antonio Quterreş və digər xarici həmkarları ilə görüşlər keçirəcək. Digər görüşlərin konkret olaraq kimlərlə planlaşdırıldığı isə hələlik açıqlanmayıb.
Xarici işlər naziri Ararat Mirzoyan bir müddət əvvəl AzadlıqRadiosunun erməni xidmətinə BMT Baş Assambleyasının iclası çərçivəsində azərbaycanlı həmkarı, xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyini, ancaq hələlik yekun razılaşma əldə olunmadığını bildirib. Mirzoyanın sözlərinə görə, bu görüş tərəflərin iş cədvəllərindən asılıdır.
Mirzoyan və Bayramov sonuncu dəfə sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonu işğal edilmişdi. 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində öz suverenliyini tam bərpa edib.
Ötən il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələrinə dair birgə bəyannamə də imzaladılar. Bu bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin olunacaq. TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) adlanan bu tranzit xətti Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını tam qoruyub saxlayacaq.
Paraflanan mətndə tərəflər qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri götürüləcəyini xüsusi vurğulayırlar.
BMT Ukrayna müharibəsində azı min seksual zorakılıq faktını sənədləşdirib
Rusiyanın Ukraynada genişmiqyaslı təcavüzkar müharibəyə başlamasından bəri mülki şəxslərə və hərbi əsirlərə qarşı azı 1004 seksual zorakılıq faktı qeydə alınıb. Bunu BMT-nin İnsan Hüquqları Ali Komissarlığı sentyabrın 18-də yayımladığı hesabatında bildirir. Real say bundan xeyli yuxarı ola bilər, çünki monitorinq qrupu yalnız Ukraynanın nəzarətindəki ərazilərdə araşdırma apara bilib və yalnız başlarına gələnləri danışmağa cəsarət edən zərərçəkənlərlə görüşüb.
Hesabatda seksual zorakılıq dedikdə zorlama, seksual xarakterli digər zorakı hərəkətlər, məcburi soyundurma, cinsiyyət orqanlarına xəsarət yetirilməsi və işgəncə verilməsi, həmçinin zorlama cəhdləri ilə hədə-qorxular nəzərdə tutulur.
Sənədləşdirilmiş halların 89 faizində seksual zorakılığı Rusiya hərbçiləri və güc strukturları – Federal Təhlükəsizlik Xidməti (FSB) və Federal Penitensiar Xidmətin əməkdaşları törədiblər. Qalan 11 faiz hallar üçün isə Ukrayna hərbçiləri, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və penitensiar sistemin əməkdaşları məsuliyyət daşıyıblar.
Zorakılığın qurbanları arasında həm mülki şəxslər, həm də hərbi əsirlər olub.
Monitorinq qrupu həm Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərlə, həm də əsirlikdən qayıtmış keçmiş ukraynalı hərbi əsirlərlə müsahibələr aparıb. Rusiya hakimiyyəti isə BMT nümayəndələrinin işğal altındakı ərazilərə girişinə icazə verməyib.
Zorakılıq qurbanlarının dörddə üçü kişilərdir. Onların əksəriyyəti əsirlikdə və ya məcburi saxlanma yerlərində zorakılığa məruz qalıb. Əsirlikdə və ya həbsxanada olmayan qurbanlar arasında isə qadın və qızlar çoxluq təşkil edir. Ən yaşlı qurbanın 82 yaşı olub, ən kiçiyi isə dörd yaşlı qızdır. Üç qadın zorlama nəticəsində uşaq dünyaya gətirib.
Zelenski Nyu-Yorkda Trampla görüşəcək
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefonla danışıb. O, X sosial şəbəkəsindəki rəsmi hesabında bu haqda yazıb.
“Vacib söhbət oldu, bir çox mövzunu müzakirə etdik”, – Zelenski bildirib.
O, həmçinin iki prezidentin Nyu-Yorkda şəxsən görüşməklə bağlı razılığa gəldiyini açıqlayıb.
“Bu görüş çox şeyi dəyişə bilər”, – Ukrayna prezidenti vurğulayıb.
“Gərginliyin azaldılması və təhlükəsizliyin əsas məsələləri – enerji və ərzaq təhlükəsizliyi, insanların həyatının qorunması ilə bağlı ideyalarımız var. Biz Amerika komandası ilə birlikdə işləyirik, gerçəkdən ciddi addımlar atmağa hazırıq”, – Zelenski yazıb.
Zelenski Trampa Rusiyaya qarşı sanksiyalar nəzərdə tutan “Lindsi Qrem qanun layihəsi”ni imzaladığına görə təşəkkür edib.
Paylaşımda iki dövlət başçısının görüşünün dəqiq vaxtı göstərilməyib. Zelenski daha əvvəl sentyabrın 20-dən sonra Trampla görüşməyə ümid etdiyini bildirmişdi.
ABŞ prezidenti sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək. Onun həmin gün bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Almaniya seçkilər ərəfəsində Latviyaya qırıcılar göndərir
Almaniya gələn ay keçiriləcək parlament seçkiləri vaxtı Latviyanın hava məkanını qorumaq üçün bu ölkəyə "Eurofighter" qırıcıları göndərəcək. Məlumatı Almaniya Müdafiə Nazirliyi yayıb.
Latviya 3 oktyabr parlament seçkiləri ərəfəsində NATO müttəfiqlərindən əlavə dəstək istəyib.
"Son həftələr və aylar dronların Baltikyanı ölkələrin hava məkanını dəfələrlə pozması fonunda Latviya hökuməti parlament seçkilərinin təhlükəsiz keçirilməsi üçün alyansdakı tərəfdaşlarına müraciət edib, hava məkanının müdafiəsində dəstək istəyib", – məlumatda deyilir.
Almaniya Müdafiə Nazirliyi bildirir ki, ölkə "xüsusilə şərq cinahında daha həssas vəziyyətdə olan müttəfiqlərinə etibarlı dəstək göstərir" və bu çərçivədə Latviyaya dörd "Eurofighter" qırıcısı göndərəcək.
Bu il Latviyada dronlarla bağlı bir neçə insident baş verib. İyun və avqustda qırıcı təyyarələr ölkə üzərində dronları məhv edib.
Ukrayna dronların Rusiyanın radioelektron mübarizə (REM) sistemlərinin fəaliyyəti nəticəsində Baltikyanı ölkələrin ərazisinə keçdiyini bildirib. Bununla belə, Litva və Estoniyanın xarici işlər nazirləri də Rusiyanı Ukrayna dronlarını qəsdən bu ölkələrə tərəf yönəltməkdə ittiham ediblər.
Beynəlxalq tribunal Haşim Taçiyə 25 il həbs cəzası kəsib
Sentyabrın 16-da Haaqa tribunalı Kosovo Azadlıq Ordusunun (KLA) keçmiş komandiri, sonradan Kosovo prezidenti olmuş Haşim Taçini müharibə cinayətlərində təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.
58 yaşlı Taçi qətl, işgəncə və təqib ittihamları ilə mühakimə olunurdu. O, 1998-1999-cu illər müharibəsində Serbiya qüvvələrinə qarşı döyüşmüş Kosovo Azadlıq Ordusunun digər üç keçmiş rəhbəri ilə birlikdə məhkəmə qarşısına çıxarılmışdı. Kosovoda geniş ictimaiyyət onları milli qəhrəman sayır.
Məhkəmə hökmü oxumağa davam edir.
H.Taçi 2020-ci ildə barəsində ittiham irəli sürüldükdən sonra Kosovo prezidenti vəzifəsindən istefa verib. Həmin vaxtdan Niderlandın Haaqa şəhərində yerləşən Kosovo üzrə Xüsusi Məhkəmə Palatalarının təcridxanasında saxlanılır.
Kosovonun Serbiyadan ayrılması uğrunda müharibədə 10 mindən çox insan həlak olub, onların çoxu etnik albanlar idi. 1600-dən çox şəxs isə hələ də itkin düşmüş sayılır.
2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovonu bir çox Qərb ölkələri tanıyıb. Serbiya və onun müttəfiqləri olan Rusiya ilə Çin isə bu addımı atmayıb.
Yanvar etirazlarına görə 100-dən çox şəxs edam təhlükəsi ilə üz-üzədir
İranda yanvar etirazları ilə əlaqədar azı 100 nəfərə ölüm hökmü çıxarılıb. Onların arasında beş qadın və ittiham olunduqları əməlləri törətdikləri vaxt yaşı 18-dən az olan azı beş nəfər var. Məlumatı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) yayıb.
Qurum bildirib ki, bu hallar İranın 31 vilayətindən 13-də qeydə alınıb və ölüm cəzası ilə üzləşə biləcək etirazçıların kiçik bir hissəsini əhatə edir. Rəsmi mənbələr 100 işdən beşi barədə məlumat yayıb.
Onların hamısına azı ilkin mərhələdə ölüm hökmü çıxarılıb, bəzilərinin hökmünü İranın Ali Məhkəməsi qüvvədə saxlayıb.
IHR-in direktoru Mahmud Əmiri-Müqəddəm deyir ki, İnqilab məhkəmələri etirazçıları minimum ədalətli məhkəmə standartlarına belə cavab verməyən proseslərdə ölüm cəzasına məhkum edib.
Təşkilatın məlumatına görə, etirazlarla bağlı işlər üzrə təqsirləndirilən şəxslərə adətən öz seçdikləri vəkillə təmin olunmaq imkanı verilmir, işgəncə və məcburi etiraflardan sistemli şəkildə istifadə olunur.
IHR bildirir ki, martın 18-dən bəri İranda 31 etirazçı edam edilib. Onlardan 29-u yanvar etirazları zamanı saxlanılıb, ikisi daha əvvəl keçirilmiş "Qadın, həyat, azadlıq" hərəkatı ilə əlaqəli olub.
Təşkilatın son məlumatlarına görə, 2026-cı ilin əvvəlindən İranda 561 nəfər edam edilib.
Rusiya dronları Nikopolda avtobusa hücum edib, 5 nəfər həlak olub
Rusiya qüvvələri sentyabrın 16-na keçən gecə Nikopolda marşrut avtobusuna dronlarla hücum edib. Bu haqda Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Qanja məlumat verib. Beş sərnişin həlak olub, yeddi nəfər yaralanıb.
Kiyevdən Nikolayevə gedən sərnişin qatarı da dron hücumuna məruz qalıb. Qatar briqadası və sərnişinlər təxliyə olunub, onların daşınması üçün avtobuslar ayrılıb.
Rusiya dronları ilk dəfə deyil sərnişin qatarlarına hücum edir. Sentyabrın 8-də Kiyev-Sumı və Dnepr-Zaporojye qatarları, Sumı vilayətində şəhərətrafı elektrik qatarı dron hücumuna məruz qalıb, bələdçi qadın həlak olub. Sentyabrın 9-da "Şahed" dronu Xarkov vilayətində sərnişin qatarını vurub, yeddi nəfər yaralanıb. Sentyabrın 13-də isə dronlar Ukraynanın qərbində dəmir yoluna hücum edib, Kiyev-Varşava qatarının lokomotivi dağılıb.
Rusiya dronları ötən gecə Kiyevə də hücum edib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Svyatoşinski rayonunda anbarlarda yanğın başlayıb. Hazırda yanğın söndürülür. Bir nəfər xəsarət alıb.
Ümumilikdə gecə ərzində Ukraynaya 80-ə yaxın Rusiya dronu ilə hücum gerçəkləşdirilib.
Türkiyədə polis LGBT fəallarını kütləvi saxlayıb
Sentyabrın 12-13-də Türkiyə polisi onlarla LGBT fəallını saxlayıb. Reydlər İstanbul, Ankara, İzmir və Antalyada keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları fəalların mənzillərində, LGBT təşkilatlarının ofislərində və gecə klublarında axtarış aparıblar.
Polisin məlumatına görə, İstanbulda 26, Ankarada 20 nəfər saxlanılıb. Ümumilikdə reydlər 12 vilayətdə keçirilib. LGBT hüquqlarını müdafiə edən "Kaos GL" assosiasiyası 50 nəfərin saxlandığını, onların içində öz əməkdaşlarının da olduğunu bildirir.
"Kaos GL"in iddiasına görə, axtarışlara assosiasiyanın saytında və sosial şəbəkələrdə yayımlanan, prokurorluğun ədəbsiz saydığı paylaşımlar səbəb olub. LGBT təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayt və sosial şəbəkə səhifəsi şənbə günü – sentyabrın 12-də bloklanıb. Yalnız fəalların səhifələrinə deyil, Boğaziçi Universitetinin LGBT Araşdırmaları Klubu, Cinsi Təhsil, Araşdırma və Tibb Assosiasiyası (CETAD) kimi elmi təşkilatların saytlarına da giriş məhdudlaşdırılıb.
Polis əməliyyatı hökumətin "Ailəm təhlükəsizdir" təşəbbüsü çərçivəsində keçirilir. Məqsədin doğum səviyyəsinin azalması ilə mübarizə aparmaq, uşaqları mənfi təsirlərdən qorumaq olduğu bildirilir. Türkiyənin ədliyyə naziri Ərkin Gülək bildirib ki, prokurorluq ölkənin 15 vilayətində araşdırma aparır.
Türkiyə İnsan Hüquqları Assosiasiyası hakimiyyətin addımlarını pisləyib. "Bu əməliyyatın əsl adı "Ailəm təhlükəsizdir" deyil; bu, dövlətin yönəltdiyi ayrıseçkilik, qorxutma siyasəti və vətəndaş cəmiyyətinin məhv edilməsidir", – assosiasiyanın nümayəndələri X sosial şəbəkəsində yazıblar.