Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:41

Ermənistan İrana dəmiryolu çəkməyə 8 il pul tapmayıb


Ermənistan, Gümrüdə dəmiryolu stansiyası, 28 may 2013.
Ermənistan, Gümrüdə dəmiryolu stansiyası, 28 may 2013.

Ermənistan prezidenti Serzh Sarkisian-ın (Serj Sarkisyan) yaxın illərdə İranla dəmiryolu çəkiləcəyinə dair vədindən düz səkkiz il keçəndən sonra hakimiyyət optimillaşdırma tədbirləri çərçivəsində bu xəttin layihələndirilməsi və tikilməsi ilə məşğul olacaq şirkəti ləğv edib.

Hökumətin bu günlərdəki iclasında nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaqan Martirosyan (Vagan Martirosian) qeyd edib ki, “Dəmiryolu tikintisi müdiriyyəti” Qapalı Səhmdar Cəmiyyəti-nin ləğvi nəticəsində 13 ştat ixtisar ediləcək və 35 milyon drama (131 mindən çox manat) yaxın vəsaitə qənaət olunacaq.

İclasda nazir vurğulayıb ki, şirkətin ləğvi o demək deyil ki, hökumət Ermənistan-İran dəmiryolu çəkilməsindən imtina edir:

“Çünki nazirlikdə dəmiryolu departamenti fəaliyyət göstərir, bu funksiyasını hazırkı departament icra edə bilər”, – o izah edib.

Buna da bax: Bakı-Tbilisi-Qarsın 'bəxti' açılır

Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vahan Martirosyan, Yerevan. 19 dekabr 2016
Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları naziri Vahan Martirosyan, Yerevan. 19 dekabr 2016

Ortada heç layihə də yoxdur

Təxminən bir ay öncə jurnalistlərlə görüşündə Vaqan Martirosyan demişdi ki, Ermənistan-İran dəmiryolu tikintisində hansısa inkişaf yoxdur, hələ ki, yalnız potensial sərmayədarlarla müzakirə aparır.

İndi isə aydın olur ki, Sarkisian-ın vədindən səkkiz il keçsə də, hətta heç dəmiryolunun layihəsi belə hazır deyil. “Təxmini hesablamalara görə, (tikinti üçün tələb olunan) 3.2 milyard dollara yaxın vəsait lazımdır. Ancaq bu, dəqiq deyil, çünki hələ son layihə hazır deyil”, – nazir hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Uzunluğu 305 km olacaq dəmiryolu Siunik əyalətində dağların arasından keçməli idi.

AzadlıqRadiosunun erməni xidməti-nin “prezidentin bəyanatından niyə səkkiz ildən sonra layihə belə hazır deyil” sualının cavabında nazir deyib: “Çünki sərmayə qoyacaq investor özü üçün uyğun layihə üzərində işləməlidir”.

2008-ci ilin oktyabrında xalqa müraciətində yeni seçilmiş prezident Serj Sarkisian vəd vermişdi: “Yaxın illərdə İran-Ermənistan dəmiryolunun tikintisi başlayacaq”.

Ermənistan-İran dəmiryolu Sarkisian-ın təklif etdiyi üç iri layihədən biri idi. Bir neçə ay sonra hətta yeni atom stansiyasının tikintisi də başlamalı idi, Dünya Bankı isə bunu maliyyələşdirəcəkdi. Bu təşəbbüslərin heç biri reallaşmadı.

Son zamanlar hətta hakimiyyətin yüksək dairələri belə yaxın gələcəkdə İran-Ermənistan dəmiryolunun tikintisinin mümkün olacağına dair şübhələrini gizlətmirdilər.

2015-ci ilin fevralında hökumətin iclasında o vaxtkı baş nazir Ovik Abramyan o vaxtkı nəqliyyat və rabitə naziri Hahik Behlapyana müraciətlə demişdi:

“Beqlaryan, ümumiyyətlə, sənin bu məsələylə bağlı ümidin varmı?”

185 milyon dram nəyə xərclənib?

ABŞ dolları
ABŞ dolları

“Dəmiryolu tikintisi müdiriyyəti” QSC-nə dövlət büdcəsindən təxminən 5 il ərzində 185 milyon dram (700 min manata yaxın) ayrılıb. AzadlıqRadiosunun erməni xidməti Vaan Matrosyan-dan soruşub ki, bu 185 milyon dramı şirkət nə edib?​

“Şirkət boş yerə çalışmayıb. Onlar işləyiblər, müzakirələr aparıblar. Bu müddət ərzində bizim bir konsessiya qaydası ilə təşkil edilmiş müəssisəmiz olub. Bu müəssisə araşdırıb ki, neçə tunel, körpü lazım ola bilər. 185 milyon üçün bu (yəni iş –red.) azdır, ya çoxdur, bunu qiymətləndirə bilmərəm, ancaq iş aparılıb”, – nazir deyib.

Əgər hökumət hətta 13 əməkdaşa bu layihəni gerçəkləşdirmək üçün maaş belə vermək istəmirsə, bu o deməkdirmi ki, hakimiyyət bu dəmiryolunun tikintisini yaxın gələcəkdə mümkün saymır?

Vaan Matrosyan deyib: “Mən müddət göstərə bilmərəm, amma bu proqram hökumətin nəzarətinə keçir”.

Nazirin sözlərinə görə, ilkin hesablamalar, investorun 3,2 milyard dollarlıq sərmayəsini təxminən 22 ilə çıxara biləcəyini göstərir.

“Dəmiryolu rentabelli deyil”

İqtisadi şərhçi Hayk Gevorgian-ın fikrincə, Ermənistan-İran dəmiryolu iqtisadi cəhətdən əlverişsizdir, rentabelli deyil. Buna görə də yaxın on illiklərdə onun tikintisi, çətin ki, mümkün ola:

“İnvestoru bu vəsaiti qoymağa cəlb etmək üçün yükdaşıma, sərnişin dövriyyəsi yüksək deyil. Hökumətin hesablaması ki, sərmayədar 22 ilə qoyduğunu götürəcək, sonra gəlirlə çalışacaq, inandırıcı görünmür”, – o deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG