Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:10

Azərbaycan və Ermənistan nazirlərinin görüşü nəzərdə tutulur


Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanian (solda) və Elmar Məmmədyarov
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanian (solda) və Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü ilə bağlı hazırlıq işləri aprılır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva fevralın 25-də keçirdiyi brifinqdə bildirib.

“Azərbaycan işğal olunmuş ərazilərinin azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtmasını təmin edəcək nəticəyə yönəlik görüşlərin tərəfdarıdır. Bu görüşlərin keçirilməsinə hazırdır,” mətbuat xidmətinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gündəmdədir. “Növbəti görüşün yeri və zamanı ilə bağlı hələ konkret məlumat mövcud deyil,” o qeyd edib.

Abdullayeva deyib ki, Azərbaycanın mövqeyi birmənalıdır.

“Azərbaycanın ən yüksək rəsmiləri dəfələrlə bəyan ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdırlar”

Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavabda isə Abdullayeva deyib:

“Ötən ilin dekabrında xarici işlər nazirlərinin Milanda keçirilən görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd edilirdi ki, ən yüksək səviyyə də daxil olmaqla intensiv, nəticəyə yönəlik danışıqların davam etdirilməsi və görüşün təşkili istiqamətində daim səylər gəstərilir. Ancaq ən yükəsk səviyyədə görüş müəyyən edildikdən sonra həmin məlumatı media ilə bölüşə bilərik. Hələki, belə bir məlumata malik deyiləm,” o qeyd edib.

Mətbuat Xidmətinin rəhbəri deyib ki, Minsk Qrupunun həmsədrlərinin bəyanatında da vurğulandığı kimi, hər iki əhalinin sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsinə dair razılıq mövcuddur.

“Əhalinin sülhə hazırlanmsının ən birinci elementi olaraq təbii ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların bərpa olunmasıdır. Dağlıq Qarabağın azərbaycanlı icması dəfələrlə bəyanatlarla çıxış edərək bu dialoqa, təmasa hazır olduğunu bəyan edib. Təbii ki, münaqişə həll olunduqdan sonra yenə də bu iki icma bir yerdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşamalı olacaq. Onun üçün də biz sülhə hazırlama kontekstində ən birinci məhz icmalararası dialoqun təşviq olunmasının tərfədarıyıq.”

“Bir vaxt Rusiyanın təşəbbüsü ilə icmaların qarşılıqlı səfərləri olmuşdu. Hazırda icmaların görüşü nə vaxt ola bilər?” sualının cavabında mətbuat xidmətinin rəhbəri deyib ki, həqiqətən bir neçə il əvvəl belə təşəbbüs olmuşdu və icmalar arasında təmaslar mövcud idi.

“Təəsüflər olsun ki, Ermənistanın ovaxtkı rəhbərliyinin “səyləri”” nəticəsində bu kimi təşəbbüslərin qarşısı alındı. Lakin biz bu kimi təşəbbüslərin yenidən canladırılmasının və icmalar arasında təmasların bərpa olunmasının tərfədarıyıq,” o əlavə edib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Nikol Paşinian Ermənistanda 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Azərbaycan isə bunu qəbul etmir.

2018-ci il sentyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev və Nikol Paşinianın MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən toplantısında qeyri-rəsmi görüşü olub.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinianın söhbəti də olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıldığı bildirilir.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

Nəhayət yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü barədə bəyanatında da qeyd edilirdi ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəliblər.

Yanvarın 22-də isə Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Rəsmi məlumatlara görə, dövlət başçıları görüş zamanı danışıqlarda mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparıblar.

Son zamanlar görüşlərin dinamikasının artmasına baxmayaraq Azərbaycan və Ermənistan əvvəliki mövqeyindən geri çəkilmədiyini bildirən bəyanatlarını davam etdirirlər.

XS
SM
MD
LG