►Mərkəz "dedovşina" probleminə qarşı da mübarizə aparacaq
Ermənistanın Müdafiə Nazirliyində yeni qurum fəaliyyətə başlayıb. Bu qurumun vəzifəsi hərbi heyət arasında korrupsiya, hüquq pozuntuları və başqa cinayətlərin qarşısının alınmasıdır.
Nazirlik cümə günü verdiyi bəyanatda bildirib ki, İnsan Hüquqları Mərkəzinə rəhbərlik edəcək polkovnik-leytenant eyni zamanda Müdafiə naziri Seyran Ohanyanın “baş köməkçisi” statusunu daşıyacaq.
Nazirliyin bəyanatında deyilir ki, mərkəz “müdafiə sahəsində insan hüquqlarının müdafiəsi, dürüstlüyün gücləndirilməsi və antikorrupsiya siyasətinin inkişafı” istiqamətində səyləri koordinasiya edəcək.
Bu işin Ermənistanın vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçiriləcəyi qeyd edilir.
Buna da bax: MTN-də 5 vəzifəli şəxsi də həbs etdilər
Müdafiə Nazirliyinin yeni mərkəzinin dedovşina və əsgərlərin qeyri-müharibə şəraitində ölməsi ilə nəticələnən digər xroniki pozuntularla məşğul olacağı bildirilir.
Ordu rəhbərliyi belə halların davamlı olaraq azaldığını iddia etsə də, yerli insan haqları qrupları bu halların hələ də kifayət qədər olduğunu deyirlər.
Ermənistan NATO-nun Dürüstlüyün Gücləndirilməsi proqramının iştirakçısıdır. Proqramın məqsədi üzv və tərəfdaş dövlətlərə silahlı qüvvələrdə korrupsiya risklərini azaltmağa və hesabatlılığı artırmağa kömək etməkdir.
Bu ilin aprel ayında NATO öz bəyanatında bildirmişdi ki, alyans Ermənistana “müdafiə və təhlükəsizlik sektorunda dürüstlük, şəffaflıq, hesabatlılıq və yaxşı idarəçiliyi” inkişaf etdirməyə kömək edəcək.