Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Ermənistanda olanlara Bakıdan və Yerevandan baxışlar. 'Şans var'


Pashinyan deyir ki, parlamentdəki fraksiyalar tezliklə açıq mövqe bildirəcəklər
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Pashinyan deyir ki, parlamentdəki fraksiyalar tezliklə açıq mövqe bildirəcəklər

«Bu gün Ermənistan parlamenti siyasi meyitdir. O, Nikol Paşinyan baş nazir seçiləndən siyasi meyitdir, deputatların formal olaraq əllərində, sadəcə, mandat var. Bu onların müdafiə olunmaq üçün son cəhdləridir», – ermənistanlı politoloq Stepan Qriqoryan ölkəsindəki son hadisələri şərh edərkən deyir.

Ötən həftə Ermənistan parlamenti növbədənkənar seçkilərin keçirilməsini çətinləşdirən qanun layihəsini birinci oxunuşda qəbul edib. Bundan sonra Paşinyan tərəfdarları parlament önünə toplanıb və baş nazir danışıqlara başlayıb, o, növbədənkənar seçkilərin keçirilməsi üçün istefa verəcəyini bəyan edib.

S.Qriqoryan
S.Qriqoryan

«Sadəcə, dirənirlər»

«Formal olaraq parlamentdəki deputatlar təşəbbüsləri bloklaya bilərlər, amma müəyyən vaxtdan sonra güzəştə getməli olacaqlar. Həqiqətən də, toplum parlamentə qarşı daha kəskin münasibət sərgiləyir, onun legitimliyinə şübhəylə baxır və odur ki, deputatlar əvvəl-axır növbədənkənar seçkilərə razılıq verəcəklər. Sadəcə, indi dirənirlər», – Qriqoryan durumu izah edir.

Onun sözlərinə görə, baş nazir N.Paşinyan yüksək reytinqə malikdir və ictimaiyyət onu dəstəkləyir, bu dəstək sayəsində də parlament geri çəkiləcək: «Bu gün daha çox gərginlik və qarşıdurma yaradan bizim köhnə parlamentdir, o, Ermənistandakı yeni tendensiyaları, yeni dəyişiklikləri təmsil etmir. İstənilən halda, Ermənistanda inqilab baş verib. Köhnə parlamentdəkilərsə hansısa iş adamları, oliqarxlardır, aydındır ki, o dəyişməlidir».

M.Sarkisyan
M.Sarkisyan

Başqa bir ermənistanlı politoloq Manvel Sarkisyan deyir ki, artıq hər şey bəllidir, parlament seçkiləri keçiriləcək, sadəcə, onun mayda ya dekabrda keçirilməsi müzakirə mövzusudur: «Burda Konstitusiya ilə bağlı həssas məqam var. Yaxın günlərdə Paşinyan istefa versə və parlament iki dəfə onun lehinə səs verməsə, onda seçkilər dekabrın birinci yarısına düşəcək. Yox, Paşinyan başqa yolla getsə, referendum keçirsə və daha sonra parlamenti buraxsa, onda seçki fevralda ya da martda baş tutacaq».

Bakıdan görünənlər

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, qonşu ölkədəki qarşıdurma çoxdan yaranıb və son siyasi toqquşmalar regional xarakter daşıyır.

T.Zülfüqarov
T.Zülfüqarov

«Qarabağ klanı 20 ildə iqtisadi, siyasi sahədə öz adamlarını yerləşdirməklə Ermənistanı istismar edirdi. Yeni hakimiyyətsə Qarabağ klanından olanları ya həbs edir, ya da məhkəməyə çəkir. Digər tərəfdən, qarşı tərəf hakimiyyətə gələnləri sıxışdırmağa çalışır. Bu qarşıdurma gec ya tez ciddi toqquşmalara gətirib çıxarmalı idi», – T.Zülfüqarov deyir.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistan baş nazirinin tələsməsinə diqqət çəkir: «Yerevanda mer seçkilərindən sonra Paşinyanın dəstəklədiyi namizəd böyük səs çoxluğu ilə qələbə qazanıb. Ona görə Paşinyan düşünür ki, seçkiləri maya saxlamaq olmaz, dekabrda isti-isti seçki keçirib əlini gücləndirmək niyyətindədir. Bilir ki, seçki dekabrda keçirilsə, parlamentdə səs çoxluğu qazanacaq, maya qalsa, Ermənistanda vəziyyət dəyişə bilər, Rusiya proseslərə qarışa bilər, hərbi çevriliş cəhdi mümkündür. Parlamentdəkilərsə isti yerlərini qorumaq istəyirlər».

Paşinyandan Qarabağ məsələsinin həllində nə gözləmək olar?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

T.Zülfüqarov proseslərdə Dağlıq Qarabağ məsələsinin də istismar olunduğunu düşünür. O, qruplaşmalardan birinin siyasi məqsədlərinə nail olmaq üçün cəbhə xəttində hərbi əməliyyatların bərpasına və ya başqa təxribatlara əl atmasını istisna etmır.

«İki qruplaşma arasındakı konfliktdə istər-istəməz Qarabağ kartından istifadə edəcəklər. İkincisi, Qarabağ klanı Rusiyanın təsiri altındadırsa, Paşinyan qərbmeyllidir. Bu baxımdan, toqquşma və ya təxribatlar çox realdır», – keçmiş nazir söyləyir.

Onun qənaətincə, son hadisələr Ermənistanı bir dövlət kimi zəiflədir, eyni zamanda, Rusiyanın da artıq Qərbə meyllənən Ermənistana qarşı siyasətini dəyişəcəyini, ondan uzaqlaşacağını güman edir: «Ermənistanın ən böyük problemi budur ki, qərbyönlü siyasət apardığı halda həm də Rusiyanın təhlükəsizlik zəmanətinin qalmasını istəyir. Bu da mümkün deyil. Bu, gələcək böhranlara yol aça bilər».

E.Şahinoğlu
E.Şahinoğlu

«Qarabağ klanı var, ondan narazı hərbçilər var...»

Politoloq E.Şahinoğlu da Ermənistan siyasi səhnəsində baş verənlərin cəbhə bölgəsinə təsirini mümkün sayır. O, Azərbaycandan fərqli olaraq qonşu ölkədə fərqli siyasi qüvvələrin olduğunu xatırladır, üstəlik də, Paşinyanı sevməyən Rusiyanın da təxribatlara əl atacağını istisna etmir. Politoloq 1997-ci ildə sülh sazişi imzalamağa hazır olan Levon Ter-Petrosyanın devrilməsini, 1999-cu ildə parlamentin gülləboran edilməsini yada salır və oxşar hadisələrin təkrarlanmasını mümkün sayır: «Hesab edirəm ki, Paşinyan prosesə tam nəzarət edə bilmir, Qarabağ klanı var, ondan narazı hərbçilər var. Təsadüfi deyil ki, Düşənbə görüşündən sonra o, Dağlıq Qarabağ separatçılarının liderinə zəng vurdu, adam göndərdi, onları inandırmaq istədi ki, atəşkəsə riayət etsinlər. Dağlıq Qarabağdakı separatçılarla münasibətləri soyuqdur. Paşinyana problem yaratmaq istəyənlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirə bilərlər».

Yerevandan görünənlər

Politoloq S.Qriqoryan cəbhə xəttində gərginlik olacağını düşünmür, ən azından, buna ümid edir.

«İndi həm Ermənistan, həm də Azərbaycan baş verənlərə anlayışla yanaşır və başa düşürlər ki, indiki halda cəbhə xəttində gərginlik yaratmağa dəyməz, bu, xalqların marağına da uyğun deyil», – Qriqoryan söyləyir.

Sizcə, Ermənistandakı siyasi durumların sonu necə görünür?
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

«Nikol Paşinyanla İlham Əliyev bugünlərdə qısaca söhbət ediblər. Düşünürəm ki, onların qısa da olsa, təmasda olması müsbətdir. Çünki bu cür qısa görüşlər az müddətə də olsa, gərginliyi aradan qaldırır», – o, sözlərinə əlavə edir.

Erməni politoloq M.Sarkisyan da əmindir ki, hadisələrin Qarabağ münaqişəsinə təsiri olmayacaq.

S.Qriqoryan buna da diqqət çəkir ki, keçmiş Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin həllində ortaya siyasi iradə qoyaraq qətiyyət göstərmirdi, amma yeni sima olan Paşinyandan bunu gözləyir, çünki onun belə istəyinin olduğunu iddia edir. S.Qriqoryana görə, sadəcə, bunun üçün Ermənistanda yeni parlamentin seçilməsini gözləmək lazımdır: «Bundan sonra Paşinyan, əlbəttə, Qarabağ münaqişəsinin nizamlanması ilə daha fəal məşğul olacaq. Bu gün Paşinyanın simasında Azərbaycan yeni fiqurla, yeni simayla danışıqlara gedəcək və bu baxımdan yeni fikirlər meydana çıxa bilər. Şans var. Sadəcə, bu siyasi böhran bitməlidir. Üstəlik də, legitim hakimiyyət qətiyyətli davrana bilər».

Politoloq E.Şahinoğlunun fikrincə də, Azərbaycan üçün Paşinyanla danışıqlar aparmaq daha sərfəlidir, çünki Qarabağ klanının üzvü deyil, Xocalı hadisələrində əli yoxdur. Amma bunu da əlavə edir ki, cəbhədə vəziyyət gərginləşəcəyi halda hakimiyyətdə kimin olması arxa plana keçəcək.

T.Zülfüqarovsa hesab edir ki, Bakı qonşu ölkədə olanları diqqətlə izləyib, lazımi anda uyğun addımları atmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG