Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

'Ermənistanda inqilab hüquqi baxımdan sənədləşdirildi'


N.Paşinyan səs verir
N.Paşinyan səs verir

«Ermənistandakı parlament seçkilərinin nəticələri inqilabın hüquqi baxımdan sənədləşdirilməsidir», – siyasi şərhçi Zərdüşt Əlizadə bazar günü – dekabrın 9-da Ermənistanda baş tutmuş seçkiləri dəyərləndirərkən bildirir.

«Kimin əlində icra hakimiyyəti var, onun imkanı bir az genişdir. Amma obyektiv olaraq da Paşinyana bu gün böyük inam, ümid var», – o deyir.

Nikol Paşinyanın «Mənim addımım» bloku seçkilərdə 70.43, «Çiçəklənən Ermənistan» 8.27, «İşıqlı Ermənistan» 6.37 faiz səs almaqla parlamentdə təmsil olunacaqlar.

Politoloq Şahin Cəfərli Paşinyanın indiki mərhələdə istədiyinə - növbədənkənar seçkilər keçirməklə qanunverici orqanda mövqeyini gücləndirməyə nail olduğunu söyləyir: «Bununla da qarşıdakı 5 ildə istədiyi islahatları həyata keçirə bilmək üçün xalqdan mandat aldı».

Pashinyan:Demək olar ki,artıq ümumi məqsədimizə çatmışıq
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

«Ağır dövr başlayır»

Amma bununla belə, Ş.Cəfərli Paşinyanı çətin dövr gözlədiyini düşünür. İlk növbədə erməni xalqının ondan sosial-iqtisadi problemlərin həllinə başlamasını gözlədiyini, bunun isə asan başa gəlməyəcəyini, Paşinyanın ölkədə islahatlar aparmalı və xaricdəki erməni diasporunun dəstəyini almalı, Ermənistana xarici kapitalı cəlb etməli olduğunu vurğulayır. Politoloqun fikrincə, xarici kapital cəlb etmədən ölkəiçi problemləri həll etmək mümkünsüzdür: «İkinci bir vəzifə dövlət aparatını tədricən təmizləməkdir. İndi dövlət aparatı uzun illər Qarabağ klanına, yəni Robert Koçaryana və Serj Sarkisyana yaxın insanlardan formalaşıb. Bu da sadə məsələ deyil. İstər-istəməz onları uzaqlaşdırmaqla cəmiyyətdə narazılar ordusunun böyüməsinə zəmin yaratmış olacaq. Təbii ki, ən ağır problem Dağlıq Qarabağ münaqişəsinin həllidir. Artıq Ermənistanda qanuni, legitim hakimiyyət var. Bundan sonra Paşinyan Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycan prezidenti ilə masaya oturmalı, münaqişənin həlli ilə bağlı mövqeyini daha konkret ortaya qoymağa məcbur olacaq».

Z.Əlizadə
Z.Əlizadə

«Paşinyan ümidləri doğrultmayacaq»

İndiki halda toplumun böyük dəstəyinə sahib olan N.Paşinyan bu sadalananları bacaracaqmı? Onun bloku parlament seçkilərində böyük səs fərqi ilə qələbə qazansa da, azərbaycanlı ekspertlər daxili və xarici siyasətdə radikal dəyişikliklərə gedəcəyini güman etmirlər.

Z.Əlizadə əmindir ki, Paşinyan ona olan ümidləri doğrultmayacaq. Onun sözlərinə görə, Ermənistanın vəziyyəti elədir ki, orda seziləcək böyük irəliləyiş əldə etmək imkansızdır, üstəlik də, «özünün tikdiyi, qurduğu qəfəs»in içindədir: «Bu qəfəsin içində neyləmək olar ki, biz deyək demokratiya qururlar, insan haqlarını müdafiə edirlər, iqtisadiyyatları inkişaf edir? Baxın Azərbaycanın durumuna. O da qəfəsin içindədir. Bir az sağa, bir az sola dönən kimi hakimiyyətdəkilər kənara atıla bilər. Ermənistanda bu daha parlaq şəkildə görünür. 1998-ci ildə Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mərhələli plana razılıq verəndə generallar yanına girdilər, yarım saat sonra o istefa verdi. Və ya güclü siyasi cütlük yarandı: Sarkisyan-Dəmirçiyan cütlüyü. Ehtimal yarandı ki, Moskvanın itaətindən çıxa bilərlər. Nə oldu? Daşnaklar parlamentə girib onları güllələdilər. Hamı da hər şeyi anladı».

Z.Əlizadəyə görə, bu gün də Ermənistanda heç nə dəyişməyib. O, fikrinin təsdiqi üçün Paşinyanın müxalifətdə olarkən qərbpərəst çıxışları ilə fərqləndiyini, amma hakimiyyətə gələn kimi ilk səfərini Moskvaya etdiyini, Putinə sədaqət andı içdiyini deyir. Bu səbəbdən də Ermənistanın siyasətində dəyişiklik gözləmir. «Niyyət ola bilər, amma Qarabağ qandalı buna imkan verməyəcək», – deyə siyasi şərhçi fikrini tamamlayır.

Ş.Cəfərli
Ş.Cəfərli

«Qərblə və Rusiyayla ehtiyatlı siyasət aparacaq»

Politoloq Ş.Cəfərli də bu fikirdədir ki, heç də hər şey asan olmayacaq. Məsələn, Paşinyan hakimiyyətə gələn kimi yeni bir təklif verdi: Qarabağ erməniləri danışıqlarda iştirak etsinlər. Politoloq hesab edir ki, o, bu mövqeyindən geri çəkilməli olacaq, uzun illərdir danışıqların Azərbaycanla Ermənistanın apardığını və Yerevanın bu formatı pozmağa, həmsədr dövlətlərin iradəsinə qarşı çıxmağa gücü çatmayacaq. Amma politoloq münaqişənin həllinin hansı istiqamətdə inkişaf edəcəyini söyləməkdə də çətinlik çəkir. Ş.Cəfərlinin sözlərinə görə, yeni hakimiyyət münaqişənin həlli istiqamətində kiçik güzəştə gedəcəyi halda müxalifət onu sıxışdıracaq.

Politoloqun fikrincə, Paşinyan Rusiya və Qərblə ehtiyatlı siyasət aparmağa çalışacaq, kəskin addımlardan, reveranslardan çəkinəcək. İnqilabdan sonra olduğu kimi, yenə də Rusiyanı qıcıqlandırmamağa çalışacaq.

«Rusiya ilə Ermənistan ittifaqı yetərincə dərindir. Rusiyanın hərbi bazaları bu ölkədədir. Bununla yanaşı, Ermənistan Rusiya ilə Avrasiya İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsində təmsil olunur. Odur ki, hər iki güc mərkəzi ilə ehtiyatlı siyasət davam edəcək», - Ş.Cəfərli deyir.

E.Məmmədov
E.Məmmədov

Deputat: «Paşinyan hakimiyyətdə otura bilsə...»

Qarabağ icmasının üzvü, deputat Elman Məmmədov Paşinyanın qələbəsində Rusiya qədər Qərbin də təsiri olduğunu düşünür. Üstəlik də, onun əvvəlki hökumət, dövlət başçılarından fərqli mövqedə olduğunu deyir. Bu səbəbdən də Qarabağ münaqişəsinin nizamlanmasında dəyişikliyə ümid etdiyini söyləyir.

«Biz nəyə ümid edirik? Uzun illər Ermənistan hakimiyyətində Qarabağda cinayətlər, soyqırımları törətmiş ünsürlər oturmuşdu. Amma Paşinyanın o məsələlərdə iştirakı olmayıb. Hətta jurnalist kimi Ter-Petrosyanın yanında olduğu, deputat olduğu vaxtlarda da torpaqların Azərbaycana məxsus olması haqda çıxışları da olmuşdu», – E.Məmmədov deyir.

Deputat hesab edir ki, N.Paşinyan özündən əvvəlki rəhbərlərin fəaliyyətindən nəticə çıxarmalıdır: «Mənə belə gəlir, onun qələbəsində müəyyən rol oynayan şimal qonşumuz da qarşısında müəyyən şərtlər qoyub. Əks təqdirdə bu, mümkün deyildi. Paşinyan özündən əvvəlkilərin fəaliyyətindən nəticə çıxardaraq düzgün yol, ədalətli mövqe tuta bilsə, öz xalqını da düşdüyü böhrandan çıxara bilər. Yeganə yol qonşularla sülh şəraitində, mehriban yaşamaqdır. Bu da işğal siyasətindən əl çəkməkdən keçir. Türkiyəyə qarşı düşmən münasibətinə son qoyulmalıdır. Paşinyan hakimiyyətdə otura bilsə və məhz bu dediyimiz yolla davam etsə, münaqişənin həllində dönüş yarana bilər».

E.Namazov
E.Namazov

E.Namazov: «Paşinyanın qələbəsi Qarabağ nizamlanmasına...»

«Nikol Paşinyanın komandasının qələbəsi təkcə ölkədən ötrü yox, həm də regionda geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edəcək».

Politoloq Eldar Namazov Ermənistandakı parlament seçkilərinin nəticələrini şərh edərkən belə deyib. O vurğulayıb ki, seçkilər bu ilin aprelində Ermənistanda başlamış hakimiyyət dəyişikliyi prosesini başa çatdırıb.

«Ötən aylarda Paşinyanın komandası çox iş gördü, ancaq dünənki (dekabrın 9-da) qələbə cəmiyyətin real dəyişikliklərə can atdığını göstərdi. «Mənim addımım» hərəkatı və «Çiçəklənən Ermənistan» Partiyası parlamentdə mütləq çoxluq qazanıblar və konstitusion islahatlar həyata keçirə bilər. Lakin bütünlüklə qanunverici hakimiyyəti əldə edən yeni hökumət həm də yeni problem qazandı- parlamentdə real müxalifətin olmamasını. Bu, o deməkdir ki, Respublika, Daşnaksutyun partiyaları və digər qüvvələrin timsalında birləşmiş müxalifət hakimiyyətlə qeyri-hüquqi meydanda, küçələrdə mübarizə aparacaq ki, bu da olduqca təhlükəlidir», - E.Namazov bildirib.

«Qarabağ nizamlanması məsələsində nə gözləmək olar» sualının cavabında E.Namazov son həftələr, hətta aylarda keçirilən diskussiyalara toxunub.

«Paşinyanın yaxın tərəfdarlarından biri Sasun Mikaelyanın fikirləri hay-küyə səbəb oldu. O demişdi ki, «məxməri inqilab»ın qələbəsi Qarabağda qələbədən vacibdir. Paşinyanın əleyhdarları bu fikirlərdən «Qarabağın verilməsi planlarına təsdiq və xəyanətə sübut» kimi istifadə etdilər. Ancaq ən maraqlı odur ki, «Mənim addımım» hərəkatı liderləri arasında məhz Sasun Mikaelyan ən çox seçici səsi toplayıb. Bunu erməni ictimaiyyətinin əhval-ruhiyyəsinin dəyişməsi və faktiki olaraq Qarabağın ermənilər üçün ikinci yerdə olması fikri ilə razılaşması kimi qiymətləndirmək olar», - E.Namazov deyib.

Politoloq güman edir ki, Paşinyanın komandası nizamlanmaya dair danışıqlar prosesinin daha açıq olması və ictimai rəyin formalaşması məqsədilə cəmiyyətdə diskussiyalara başlanmasına əl ata bilər.

«Hazırda Ermənistan ictimaiyyəti Robert Koçaryan və Serj Sarkisyan hökumətlərinin (keçmiş hakimiyyətlər) hazır olduqlarına hazır deyil. Söhbət ATƏT-in Minsk qrupunun hazırladığı prinsiplərdən gedir. Bu prinsiplər Qarabağ ətrafında 7 rayonun azad edilməsini, azərbaycanlıların oraya qayıtmasını nəzərdə tutur. Ancaq erməni ictimaiyyəti buna hazır deyil, hətta Qarabağa status verilməsi şəraitində belə. Bu, beynəlxalq vasitəçilərdə ciddi suallar doğurur və ABŞ-ın keçmiş səfirinin bununla bağlı müsahibəsi buna aydın sübutdur. Odur ki, cəmiyyətdə əhval-ruhiyyəni dəyişmədən nizamlanma məsələsində irəliləyişə ümid etmək mümkün olmayacaq», - E.Namazov vurğulayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG