Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:51

'Paşinyanın vəziyyəti çıxılmazdır'. Ermənistanda baş verənlərə Bakıdan reaksiyalar


Ş.Hacıyev
Ş.Hacıyev

«Nikol Paşinyanın vəziyyəti çıxılmazdır»

«Nikol Paşinyanın vəziyyəti çıxılmazdır», - «Turan» xəbər agentliyinin redaktoru Şahin Hacıyev AzadlıqRadiosuna açıqlamasında söyləyir: ​«Onun qarşılaşdığı problem hər bir demokratik hakimiyyətin qarşısına çıxa biləcək problemdir, yəni oliqarxlarla, siyasi rəqiblərlə sivil yolla mübarizə aparmaq çox çətindir. Paşinyanın əlində Koçaryanı cinayət törətdiyinə görə hüquqi baxımdan cəzalandırmaq imkanı yoxdur. O, sadəcə cəmiyyətə zərər vurmuş adamı cəzalandırmaq istəyir. Onu da bu yolla etmək mümkün deyil. Çıxış yolu odur ki, qeyri-demokratik üsullardan istifadə etsin. Amma bunun üçün dövlət sistemi, üsullar dəyişməlidir, avtoritar üsullardan istifadə edilməlidir. Bu, baxımdan Paşinyanın vəziyyəti çıxılmazdır. Belə üsula əl atmasa, hakimiyyəti saxlaya bilməyəcək».

Ş.Hacıyev baş nazirin vətəndaşları məhkəmələrin qarşısına çağırmasını populist addım sayır. O, bir il öncə olduğu kimi, küçələrə çıxmağı, məhkəmə qərarından narazılıq ifadə etməyi çıxış yolu olacağını düşünmür: «Məhkəmənin qərarını dəyişdirmək, apellyasiya verib qərarı ləğv etdirmək inandırıcı deyil. Çox güman, məhkəmə tapşırıq əsasında qərar çıxaracaq. Ola bilsin, Koçaryana şərti cəza verilsin. Hər halda, onun yenidən həbsi gündəmə gəlsə, bu, artıq qarabağlılarla ermənistanlıların arasında çox ciddi qarşıdurma yaradacaq. Bu da çox təhlükəlidir».

Ş.Hacıyev baş nazirlə müqayisədə yenicə azadlığa çıxmış keçmiş prezident Robert Koçaryanın imkanlarını yüksək qiymətləndirir, onun yenidən hakimiyyətə qayıda biləcəyini tam real sayır: «Bu yolla davam edəcəksə, Paşinyanı gec-tez devirəcəklər, özü də xarici qüvvələrin iştirakı ilə».

Siyasi şərhçi xarici qüvvələr dedikdə Rusiyanı nəzərdə tutduğunu və ehtimal çevrilişdə hərbi qüvvələrdən istifadə olunacağını güman edir: «Orda narazı qüvvələr çoxdur, cəmiyyət parçalanıb. Orda Yerevan ziyalıları var, özünü əsl erməni sayanlar, qarabağlılar, oliqarxlar, kiçik qruplaşmalar var. Cəmiyyət yekdil deyil. Qarşıdurma qaçılmazdır. Orda rusiyapərəstlər güclüdür, avropapərəstlərin dəstəyi yoxdur. İkincilər sadəcə mitinq keçirə bilirlər».

E.Şahinoğlu
E.Şahinoğlu

Paşinyanın «ilk məğlubiyyəti»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsdən azad edilməsini indiki baş nazir Nikol Paşinyana «ən böyük zərbə və ilk böyük məğlubiyyəti» sayır. Onun qənaətincə, eks-prezidentin sərbəst buraxılması Qarabağ klanının gücünü göstərir.

«Ermənistanda bir hakim tapılmadı ki, Koçaryanın həbs müddətini uzatsın. Onun məhkəməsini aparmaqdan ən az 3 hakim imtina etmişdi, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə Qarabağ klanının liderini həbsdən azad etməyə qərar verdi. Çünki həmin hakim Koçaryan və onun arxasındakı güclərin hazırki baş nazir Nikol Paşinyandan güclü olduğunu düşünərək qərar verdi. Həmin hakim özünün və ailəsinin gələcəyini təhlükə altına atmamaq üçün belə qərar verdi», – Şahinoğlu Facebook səhifəsində yazır.

E.Şahinoğlu bu addımın Rusiya amilinin Ermənistanda gücünü ortaya qoyduğunu və bunun Putinin Paşinyan üzərində qələbəsi olduğunu bildirir: «Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, «mənim dostumu azad et». Paşinyan hər dəfəsində bu mesajı qulaqardına vururdu».

Siyasi şərhçi bundan sonra Ermənistanda Paşinyanla Koçaryan arasındakı mübarizənin yeni və gərgin mərhələyə qədəm qoyacağını düşünür. Şahinoğlu Moskvanın və Xankəndinin dəstəyinə arxalanaraq eks-prezidentin yeni müxalifət formalaşdıracağını proqnozlaşdırır: «Koçaryan iki gücün – Moskvanın və Xankəndidəki separatçıların dəstəyinə arxayındır. Ancaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ona daha bir gücü formalaşdırmaq lazımdır. O, Ermənistan daxilində Paşinyana qarşı müxalif siyasi və hərbiləşdirilmiş qüvvələrin birliyini təmin etməlidir».

E.Şahinoğlu Paşinyanın Qərbdən dəstək axtarışına çıxmaq ehtimalını ölkə üçün təhlükəli hesab edir. O, Ermənistanın Rusiyanın enerji və hərbi nəzarəti altında olduğunu, ordudakı Rusiyaya meylli generalların Paşinyana qarşı çıxma ehtimalını qeyd edir.

Siyasi şərhçi baş nazirin vətəndaşları məhkəmə qarşısında etiraza çağırmasını isə «qəribə situasiya» adlandırır: «Paşinyan müxalifət lideri kimi tərəfdarlarını meydanlara çağıranda bu anlaşılan idi, çünki o, hakimiyyəti devirmək istəyirdi və buna nail oldu. Ancaq indi Paşinyan hakimiyyətin başındadır və onun insanları küçələrə çağırışı Ermənistanı qeyri-sabitliyə sürükləyə bilər».

R.Musabəyov
R.Musabəyov

Deputat: «Bu, anarxik davranışdır».

«Nikol Paşinyanın məhkəmələrin giriş-çıxışını bağlamaq çağırışı yanlışdır. Ölkəyə rəhbərlik edən şəxs tərəfindən bu cür addımların atılması tamamilə qəbuledilməzdir. Bu, anarxik davranışdır», – Azərbaycandan deputat, politoloq Rasim Musabəyov qonşu ölkədə baş verənləri şərh edərkən söyləyir.

«Hansısa qüvvələr gedib məhkəmələri tutmaq istəsəydi, ya da hərbçilər ora hücum etsəydi, Paşinyan müdafiə məqsədilə xalqı çağıra bilərdi. Ancaq xalqı məhkəmələri zəbt etməyə göndərmək doğru deyil. Bu insan tutduğu vəzifəyə adekvat davranmır», – politoloq əlavə edir. Onun sözlərinə görə, son hadisələrdən sonra Ermənistanda gərginlik artacaq. Ancaq o, həbsdən yenicə çıxmış Robert Koçaryanın ölkə siyasətində həlledici fiqura çevriləcəyini düşünmür. Hesab edir ki, onun əlində yetərincə imkan yoxdur, N.Paşinyanın parlamentdə çoxluğa, xalqın dəstəyinə sahib olduğunu qeyd edir.

«Bu halda Koçaryanın yeganə yolu var ki, ona bağlı hərbçilərdən istifadə etsin. Ancaq bu nə ola bilər? Paşinyanı öldürməkmi? Bunu bilmirəm. Amma hər bir halda, Koçaryan əvvəllər də terrordan qaçmayıb. İndi nə olacaq, bilmirəm. Hər bir halda, Paşinyanın da davranışlarının dünya tərəfindən qəbul ediləcəyini güman etmirəm», – R.Musabəyov söyləyir.

Sosial şəbəkələrdə bəzi istifadəçilər «Ermənistanda baş qarışmışkən Azərbaycan işğal edilmiş torpaqları azad etmək məqsədilə hərəkətə keçməlidir» deyə düşünənlər də var. Adətən, bu cür istəklər qonşu ölkədə hər dəfə ara qarışanda dilə gətirilməkdədir.

R.Musabəyov isə məsələyə sadəlövhcəsinə yanaşmanın tərəfdarı deyil və «Ermənistanda xalq küçələrə çıxıb deyə, bundan istifadə edib hücuma başlamamalıyıq, prosesləri diqqətlə izləməliyik» deyə bildirir. Ancaq politoloq bir məsələyə görə narahatlığını da gizlətmir - son aylarda Dağlıq Qarabağla bağlı danışıqlarda tərpənişlər müşahidə edilsə də, son hadisələrdən sonra N.Paşinyanın müzakirələrə ara verəcəyindən narahatdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG