Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Pashinian-ın doğma İcevan rayonunda polislə toqquşma olub


Ermənistan milli polisinin rəisi Valeri Osipian iyulun 17-dən bəri İcevandadır
Ermənistan milli polisinin rəisi Valeri Osipian iyulun 17-dən bəri İcevandadır

İyulun 18-də Ermənistanın Tavuş vilayətində bir gün əvvəl polislə toqquşmuş 13 etirazçı həbs edilib.

Aksiyaçılar bu ərazidəki meşədə ağacların kəsilməsinə qoyulmuş hökumət qadağanına etiraz edirdilər.

İyulun 17-də bir neçə yüz etirazçı vilayətin mərkəzi şəhəri İcevandan keçən magistral avtomobil yolunu kəsmişdi.

Onlar meşədən odun tədarük edilməsini qadağan edən göstərişin ləğv olunmasını tələb edirdilər.

Etirazçılar bildirirdilər ki, ağac kəsib odun satmaq onların yeganə dolanışıq mənbəyidir.

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, etirazçılar yolu açmaq tələblərinə məhəl qoymadıqda polis qüvvəyə əl atmalı olub.

İcevandan keçən magistral yol həm Gürcüstan, həm də Azərbaycan sərhədinə gedir.

Etirazçılar toqquşma vaxtı polisi daşa basır və onları dəyənəklərlə vururdular.

Ermənistan polisi bildirir ki, insident zamanı 13 polis və bir etirazçı xəsarətlərə görə xəstəxanalara yerləşdirilib.

Yerevandan gətirilən əlavə polis qüvvələri yolu aça bilib.

Ermənistan milli polisinin rəisi Valeri Osipian iyulun 17-dən bəri İcevandadır.

İğtişaş polisi İcevanın mərkəzi meydanında
İğtişaş polisi İcevanın mərkəzi meydanında

Ermənistan İstintaq Komitəsinin sözçüsü Naira Harutyunian deyib ki, toqquşmalardan sonra onlarca etirazçı saxlanaraq dindirilib.

Onlardan 13-ü xuliqanlıq və polisə müqavimət şübhəlisi kimi saxlanıb. Başqalarından yaşayış yerlərini tərk etməmək barədə yazılı iltizam alınıb.

Osipianın müavini Vartan Movsisian deyib ki, polis hazırda başqa iğtişaşçıları tapmağa çalışır.

Baş nazir Nikol Pashinian onun dogma İcevan rayonunda baş vermiş zorakılığı pisləyib.

O deyib ki, hadisələrə görə məsuliyyət daşıyan şəxslər, habelə meşədə qanunsuz ağac kəsənlər sərt cəzalandırılacaq.

XS
SM
MD
LG