Ermənistan rəsmiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri Stanislav Zasın Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı səsləndirdiyi fikirlərdən narahatlıqlarını bildiriblər.
Bu narahatlığı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Zasın özüylə telefon söhbətində ifadə edib. Məlumatı erməni tərəfi yayıb.
Stanislav Zas iyulun 3-də jurnalistlərlə söhbətində demişdi ki, sərhəddə baş verənlər Ermənistana hücum kimi dəyərləndirilə bilməz, bu sərhəd xətti ilə bağlı mübahisədir və belə bir insident əsas vermir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı müdafiə üçün hərəkətə keçsin.
Sərhəd insidenti
Armen Qriqoryan isə deyib ki, baş verənləri sərhəd insidenti adlandırmaq olmaz, çünki Azərbaycan əsgələri iki aydır ki, Ermənistan ərazisinə keçib oranı tərk etmirlər. Onun fikrincə, bu, Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək cəhdidir.
Qriqoryan onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi səviyyəsində fikir bildiriləndə ehtiyatlı olmaq lazımdır ki, sərhəddəki durumun aradan qaldırılması yönündə konstruktiv səylər zərbə altında qalmasın.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, vəziyyətlə yerində tanış olmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyinin həmin əraziyə səfərinin təşkil edilməsi məqsədəuyğun olardı.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə Rusiyanın təşəbbüsü ilə yaradılıb və orada Ermənistan da təmsil olunur. Təşkilatın nizamnaməsində deyilir ki, üzv ölkənin ərazi bütövlüyünə təhlükə yarananda təşkilat onu hərbi cəhətdən müdafiə etməlidir.
Azərbaycan tərəfi isə Ermənistan ərazisinə keçmədiyini, işğal altında olan Azərbaycan məxsus ərazilərini nəzarətə götürdüyünü bildirir.