Martın 4-də Ərəb Dövlətləri Liqasının (ƏDL) Qahirədə keçirilən fövqəladə sammitində üzv ölkələr fələstinliləri köçürmədən Qəzza zolağının yenidən qurulması ilə bağlı Misirin planını təsdiqləyib.
BBC bildirir ki, fövqəladə sammitdə təsdiqlənən 53 milyard dollarlıq bərpa planı ABŞ prezidenti Donald Trampın təklifinə alternativ olaraq təqdim edilib.
D.Tramp daha əvvəl təklifində fələstinlilərin Qəzzadan çıxarılmasını, zolağın ABŞ-nin nəzarətinə verilməsini və daha sonra burada bərpa quruculuq işlərinin aparıla biləcəyini bildirib.
"Misir planı artıq bir ərəb planıdır", – ƏDL-in baş katibi Əhməd Əbul Qeyt elan edib.
O, Trampın təkliflərinə birbaşa istinad etmədən vurğulayıb ki, "ərəb ölkələrinin mövqeyi hər cür köçürülməni – istər məcburi, istərsə də könüllü rədd etməkdən ibarətdir".
Sammitin yekun bəyanatında isə vurğulanıb ki, regionda "iki dövlət" prinsipi (İsrail və Fələstin) əsasında sülhün əldə olunması ərəb ölkələrinin strateji seçimidir.
Sammit iştirakçıları həmçinin BMT Təhlükəsizlik Şurasını İordan çayının qərb sahilində və Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıblar.
Misirin təklif etdiyi bu plan hərbi əməliyyatların bitməsindən sonra altı ay müddətində texnokratların da daxil olacağı Qəzza İdarəetmə Komitəsinin yaradılmasını nəzərdə tutur.
BBC yazır ki, yeni plan Qəzzanın bərpasını üç mərhələdə həyata keçirməyi təklif edir. İlk mərhələ təxminən altı ay davam edəcək "erkən bərpa" dövrüdür və bu müddətdə böyük həcmdə dağıntıların, partlamamış sursatların təmizlənməsinə başlanılacaq. Sonrakı iki mərhələ isə bir neçə il davam edəcək. Bu müddət ərzində evlərindən didərgin düşmüş 1.5 milyon fələstinli müvəqqəti konteynerlərdə yerləşdiriləcək.
Tramp administrasiyası planı rədd edir
CNN-in xəbərinə görə, Tramp administrasiyası ərəb liderlərinin təsdiqlədiyi Qəzza bərpa planını rədd edərək prezidentin öz baxışını dəstəklədiyini bildirib. "İndiki təklif Qəzzanın hazırda yaşayış üçün yararsız olduğunu və sakinlərin dağıntılar, partlamamış sursatlarla örtülmüş bir ərazidə insani şəraitdə yaşaya bilməyəcəyini nəzərə almır", - Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz bildirib.
"Prezident Tramp Qəzzanın HƏMAS-dan azad şəkildə bərpa olunması vizyonuna sadiq qalır. Bölgəyə sülh və rifah gətirmək üçün daha geniş danışıqları səbirsizliklə gözləyirik", - o əlavə edib. HƏMAS ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır.
İsrailin baş naziri Benyamin Netanyahu isə hələ də Qəzzanın müharibədən sonrakı gələcəyi ilə bağlı konkret plan açıqlamır. Lakin o, Trampın "fərqli bir Qəzza" ideyasını dəstəklədiyini bildirir və nə Fələstin Administrasiyasının (PA), nə də HƏMAS-ın Qəzzanı idarə etməsini istəyir.
HƏMAS-ın mövqeyi
HƏMAS-ın yüksəkrütbəli rəsmisi Sami Əbu Zuhri martın 4-də "Reuters"ə bildirib ki, qruplaşmanın tərksilah olunması müzakirə mövzusu deyil.
"Müqavimətimizin silahları qırmızı xətdir və danışıqlara açıq deyil. Biz yenidənqurma və ya humanitar yardımı bu silahlara dəyişdirməyə razı olmayacağıq", - o deyib.
HƏMAS son həftələrdə Qəzzadakı gələcəyi ilə bağlı ziddiyyətli siqnallar göndərib. Analitiklər bildirirlər ki, qrup sülh prosesinin yekun məqsədi kimi tərksilahı müzakirə etməyə açıq olduğunu göstərsə də, bunun prosesin ilkin şərtinə çevrilməsinə imkan vermək istəmir.