Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Bloomberg: ‘Erdoğanın Türkiyəsində də vətənpərvərliyin həddi var...’


Bloomberg saytı yazır ki, “hətta Recep Tayyip Erdoğanın Türkiyəsində də vətənpərvərliyin həddi var”.

Məqalədə deyilir ki, vətəndaşlar prezident Erdoğanın xarici valyutada olan əmanətlərini lirəyə dəyişmək barədə dəfələrlə səslənən çağırışlarını qulaqardına vururlar.

İstanbulun ticarət ürəyi olan Qapalı Çarşıda 58 yaşlı pensiyaçı Sevin Temir Bloomberg-in müxbirinə deyib: “Mənim bizim prezidentimizə böyük ehtiramım var. Amma o belə bir çağırış edib deyə mən qızılımdan və ya xarici valyutamdan keçə bilmərəm. Mən o əmanəti toplamaq üçün boğazımdan kəsmişəm”.

Məqalədə deyilir ki, Türkiyəni son 15 ildə firavan etmiş lider indi belə münasibətdən təəccüblənib və özünü xəyanət olunmuş kimi hesab edib.

Bloomberg yazır ki, cənab Erdoğan belə çağırışları ilk dəfə 2016-cı ilin dekabrında edəndə də, lirə dünyanın ən pis valyutası sayılırdı. Təkcə ötən cümə günü lirə çəkisini daha 14 faiz itirib.

48 yaşlı cəvahiratçı Cahit Baş deyir ki, “mən bir milyon lirəmi itirmişəm və düşünürəm ki, biz əvvəlkindən daha pis böhrana giririk”.

Cənab Baş bunu da bildirir ki, əsasən hökumətin nəzarətində olan medianı izləsəniz böhrandan xəbər də tutmazsınız, amma türklər bunu öz üzərlərində hiss edirlər.

Onun sözlərinə görə ötən həftə artıq iki tacir intihar edib.

Bir kürəkənin ümidinə

36 yaşlı dükançı Bülent Uçuransa Bloomberg müxbirinə belə deyib: “Dollar almadığıma o qədər peşmanam ki…Özümü axmaq kimi hiss edirəm. Bu qədər təcrübəli adamlarımız olduğu halda bütün iqtisadiyyatı kürəkənin yaratdığı vəziyyətə buraxmışıq”.

Bloomberg xatırladır ki, ötən iyulda Türkiyə Xəzinədarlığı ilə Maliyyə Nazirliyi birləşdirilib və bütövlükdə qurumun başına Erdoğanın qızının 40 yaşlı həyat yoldaşı Berat Albayrak gətirilib.

Məqalədə deyilir ki, bu təyinat təkcə bir çox türkləri yox, beynəlxalq investorları da əsəbiləşdirib. Cənab Albayrak vəzifəyə qoyulandan sonra bircə həftənin içində Türkiyə banklarının səhmləri 20 faiz, lirə isə 5 faiz ucuzlaşıb.

Bloomberg yazır ki, Erdoğan hökumətinin amerikalı keşiş Andrew Brunson-u azad etməkdən boyun qaçırması və beləliklə də ABŞ-ın sanksiyalarına yol açması da Türkiyədə bir çox ticarət adamlarını hövsələdən çıxarır. Cahit Baş deyir:

"İqtisadiyyat onsuz da pis gündəydi, sonra da bu keşiş məsələsi ortaya çıxdı. Onlar gərək onu dərhal buraxıb son nümayəndə heyəti ilə birlikdə ABŞ-a göndərəydilər və deyəydilər: Buyurun götürün”.

Cahit Başın iş yoldaşı Abdis Akbulut da onun sözlərinə qüvvət verir:

"Türkiyə böyük ölkədir, amma biz beynəlxalq meydanda hamı ilə dava edə bilmərik. Sən bir gün Amerika, o biri gün Almaniya ilə dalaşa bilməzsən. Erdoğanın hər qəzəbi bizim başımızda partlayır”.

38 yaşlı xanım Başak Genc Bloomberg müxbirinə deyir ki, bankdan öz pulunu çıxara bilmir:

"Biz dünən heç bir xarici valyuta çıxara bilmədik. Biz 50 min dollar çəkmək istəyirdik, onlar birbaşa “yox” dedilər. Biz pulumuzu heç elektron yolla da köçürə bilmirik”.

Xilafətinizi qurun ürəyiniz dincəlsin

Bloomberg yazır ki, lakin heç də hamı hökuməti ittiham etmir.

28 yaşlı Okan Aksut bazara bir zənbil qızılla gəlib. O Erdoğanın çağırışına cavab olaraq deyir ki, “dollar 10 lirəyə çıxsa da, vecinə deyil”.

Və yaxud bazarda xalça-palaz, turist çantaları satan Osman Sutuna deyir ki, Türkiyənin xarici siyasəti dəyişib Qərbə arxa çevirməsinin, Avropa İttifaqına can atmaqdansa, İslam dünyasının lideri olmasının vaxtı çatıb.

Sutunanın fikrincə Türkiyə NATO-dan çıxmaq üçün referendum keçirməlidir:

“ABŞ-la biznes etmək ilanla yatmaq kimidir, səni nə vaxt çalacağını bilmirsən”.

Lakin ona kənardan qulaq verən birisi sözünü kəsir və rişxəndlə deyir:

"Bizim hamımız buna layiqik. Bundan sonra mən də Erdoğana səs verəcəyəm. Hər şeyimi satıb onu dəstəkləyəcəyəm. Görürəm hamınız xilafət istəyirsiniz. Qurun xilafətinizi ürəyiniz dincəlsin”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG