Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:54

Erdoğan: Türkiyə Suriyaya müdaxiləyə hazırdır


Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Türkiyə kürd YPG qüvvələrini geri oturtmaq və sərhəd boyunca 30 kilometrlik təhlükəsizlik qurşağında Suriya qaçqınlarını yerləşdirmək istəyir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iyunun 1-də hakim Ədalət və İnkişaf Partiyası ilə görüşdə bəyan edib ki, Ankara Suriyanın şimalında kürdlərin xalq özünümüdafiə (YPG) dəstələrinə qarşı hərbi əməliyyatın keçirilməsinə hazırdır:

"Biz cənub sərhədimiz boyunca 30 kilometrlik dərin bufer zonası yaratmaq niyyətimizin yeni fazasına başlayırıq. Biz Tel-Rifat və Mənbici terrorçulardan təmziləyəcəyik və biz bu işi başqa regionlarda da addım-addım görəcəyik. İndi görərik kim Türkiyənin legitim addımını dəstəkləyir və kim buna əngəl olur”.

Reuters xatırladır ki, Türkiyə Suriya kürdlərinin YPG dəstələrini terrorçu təşkilat sayır və bildirir ki, bu qrup Türkiyədə qadağan edilmiş PKK-nın qoludur.

Böyük əksəriyyəti kürd döyüşçülərdən ibarət olan YPG dəstələri Suriyanın şimal-şərqində böyük ərazilərə nəzarət edir.

Bu dəstələr ekstremist İslam Dövləti təşkilatına qarşı döyüşlərdə son dərəcə fəlal olublar.

Bu mübarizədə YPG-nin də daxil olduğu Suriya Demokratik Qüvvələrinə ABŞ və başqa Qərb ölkələri dəstək verirdilər.

ABŞ xəbərdarlıq edir

Erdoğan bildirib ki, bu qüvvələrə qarşı yeni əməliyyatın əsas məqsədi Suriya ərazisində Türkiyə sərhədi boyunca 30 kilometrlik bufer qurşağının yaradılmasıdır.

Lakin SDQ bildirir ki, Türkiyənin Suriyaya müdaxiləsi başlanarsa, onlar əsas diqqətlərini terrorçulara qarşı deyil, Türkiyə silahlı qüvvələrinə yönəltməli olacaqlar.

Bu arada ABŞ dövlət katibi Entoni Blinken də Türkiyəni yeni hərbi əməliyyatdan çəkinməyə və 2019-cu ildə müəyyən edilmiş atəşkəs xəttinə riayət etməyə çağırıb.

İyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə Blinken deyib ki, ABŞ Türkiyənin bu hərbi əməliyyatına qarşıdır.

Ankara 2016-cı ildən bəri Suriyanın şimal ərazilərinə dörd dəfə hərbi müdaxilə edib.

Türkiyə YPG qüvvələrini geri oturtmaq və sərhəd boyunca 30 kilometrlik təhlükəsizlik qurşağında Suriya qaçqınlarını yerləşdirmək istəyir.

XS
SM
MD
LG