Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:14

Erdoğan öz qvardiyaçılarını həbs etdirdi


AFP xəbər verir ki, Türkiyədə prezident qvardiyasının 283 üzvü həbs edilib

AFP xəbər verir ki, Türkiyədə uğursuz çevriliş cəhdinin ardınca prezident qvardiyasının 283 üzvü saxlanıb.

AFP bildirir ki, çevriliş cəhdindən bir həftədən də artıq vaxt keçməsinə baxmayaraq ölkədə kütləvi işdən çıxarmalar və həbslər davam edir.

Ən son “təmizləmə” tədbirində prezident qvardiyasının buraxıldığı xəbər verilir və əlavə edilir ki, birləşmənin 283 döyüşçüsü həbs olunub.

Rusiya mediası 2500 nəfərlik qvardiyanın tamamilə ləğv edildiyini xəbər verib.

10 min pasport ləğv edilib

AFP-nin xəbərində deyilir ki, Türkiyə hökuməti əsasən hökumət qulluqçularına aid 10 min 856 pasportu ləğv edib.

Bunun şübhə altında olanların ölkəni tərk edə bilməməsi üçün edildiyi düşünülür.

AFP Türkiyədə daha bir ciddi təsisat dəyişikliyi edildiyi barədə xəbər verir.

Ölkənin qüdrətli daxili işlər naziri Efkan Ala bəyan edib ki, indiyədək ordunun tərkibində olan jandarma onun komandanlığı altına verilir.

AFP yazır ki, bu dəyişiklik çevriliş cəhdinin ardınca ölkə hərbiyyəsinə böyük zərbə sayıla bilər.

Bu arada prezident Erdoğan ölkə kəşfiyyat agentliyi – MİT-in rəhbərliyi ilə prezident sarayında iki saatlıq görüş keçirib.

Agentlik bildirir ki, MİT rəhbəri Hakan Fidan hazırda Erdoğanın ciddi təzyiqi altındadır. Prezident çevriliş cəhdinin ardınca kəşfiyyat orqanlarındakı qüsur və çatışmazlıqları kəskin tənqid etmişdi.

Qərb narahatdır

Ölkədə hazırda üç aylıq fövqəladə vəziyyət elan edilib və Avropa İnsan Haqları Konvensiyasının fəaliyyəti dayandırılıb.

Ankara Fethullah Gülenin təqsirini isbat etməli olacaq
Ankara Fethullah Gülenin təqsirini isbat etməli olacaq

AFP yazır ki, Türkiyənin Qərb müttəfiqləri NATO üzvü olan bu ölkədəki siyasi təlatümü narahatlıqla izləyirlər.

Türkiyənin baş naziri Binali Yıldırım bir daha bəyan edib ki, hökumət qisas almaq niyyətində deyildir.

Erdoğan bildirib ki, indiyədək 10 min 410 nəfər saxlanıb və bunlardan 100-dən çox general da daxil 4060 nəfəri həbsxanada saxlanır.

Baş nazirin birinci müavini Numan Kurtulmuş bildirib ki, fövqəladə vəziyyət zamanı kommendant saatı elan edilməyəcək və xüsusi tədbirlər 45 gün ərzində başa çatdırılacaq.

Lakin ədliyyə naziri Bekir Bozdağ deyib ki, məhkəməyə qədər saxlanma müddəti uzadıla bilər.

Ankara Gülenin təqsirini sübut etməlidir

Kürdyönlü müxalif HDP-nin həmsədri Selahattin Demirtaş deyib ki, fövqəladə vəziyyətdən siyasi müxalifət üzərinə hücum üçün istifadə ediləcəyindən narahatdır.

O AFP-yə müsahibədə məhz bu səbəbdən parlamentdə fövqəladə vəziyyət qərarının əleyhinə səs verdiyini söyləyib.

Erdoğan çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan Fethullah Gülenin durduğunu iddia edir və onun Türkiyəyə təslim edilməsini istəyib.

Prezident Barack Obama bildirib ki, Gülenin ekstradisiyası tələbi ilə bağlı məsələyə qanun çərçivəsində bütün ciddiliyi ilə baxılacaq.

Bununla yanaşı, ABŞ prezidenti Türkiyədə baş vermiş çevriliş cəhdi barədə əvvəlcədən kəşfiyyat informasiyasına malik olduğuna dair iddiaları təkzib edib.

Obama deyib ki, Gülenin ekstradisiya edilməsi üçün Ankara onun çevriliş cəhdində iştirakını sübut etməli olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG