Rusiya prezidenti Vladimir Putin İstanbulda səfərdədir.
Reuters və digır xəbər agentliklərinin məlumatına görə, o artıq, türkiyəli həmkarı Racep Tayyip Erdoganla təkbətək görüş keçirib. Görüş mətbuat üçün qapalı olub.
Liderlər bundan sonra “Türk axını”qaz kəmərinin açılışında iştirak edəcəklər.
Ukraynadan yan keçən bu kəmərlə Rusiyadan Türkiyəyə, ordan isə Avropaya qaz nəqli nəzərdə tutulur.
Təxminən 8 milyard dollarlıq kəmərin tikintisinə 2017-ci ilin mayında başlanmışdı.
Qara dənizin dibindən keçən kəmərlə ilkin olaraq il ərzində Türkiyəyə 31 milyard kubmetrdən çox qaz nəql ediləcək.
Bunun bir hissəsi Türkiyəyə, digər hissəsi isə Bolqarıstan, Macarıstan və Serbiya da daxil olmaqla Mərkəzi Avropa və Balkan ölkələrinə veriləcək.
Putin İstanbula Suriyadan gəlib.
Liderlərin Suriya, Liviya, İran və İraqdakı vəziyyəti də müzakirə edəcəkləri gözlənir.
Türkiyə və Rusiya prezidentləri 2019-cu ilin oktyabrında Soçi görüşündə Suriya-Türkiyə sərhədində birgə patrul xidməti barədə razılıq əldə ediblər.
Söhbət 30 kilometrlik təhlükəsizlik zolağından gedir.