Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Netanyahu Erdoğanın “Hitler ruhu” bəyanatına cavab verir


İsrailin baş naziri Benjamin Netanyahu (solda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan
İsrailin baş naziri Benjamin Netanyahu (solda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan

Ötən həftə İsrail parlamenti – Knessetin qəbul etdiyi “milli dövlət qanunu” ölkənin ərəb azlığını hiddətləndirib və Türkiyənin onu “aparteidə bənzər dövlət” qurmaqda ittiham etməsinə səbəb olub.

Reuters agentliyinin xəbərinə görə parlamentdə özünün hakim AKP partiyasının üzvləri qarşısında çıxış edən Erdoğan deyib ki, bu qanun İsrailin “dünyanın ən sionist, faşist və irqçi ölkə olduğunu göstərib”. O beynəlxalq icmanı İsrailə qarşı səfərbər olmağa çağırıb:

“İsrail parlamentində qəbul edilmiş yəhudi milli dövləti haqqında qanun ölkənin əsl niyyətlərindən xəbər verir. Bu akt qanunsuz hərəkətləri və zülmü leqallaşdırır. Hitlerin ari irq heyranlığı ilə İsrail arasında heç bir fərq yoxdur. İsraili idarə edənlərin arasında Hitlerin ruhu zühur edib”.

İsrailin baş naziri Benjamin Netanyahu bu bəyanata cavab olaraq deyib ki, “Türkiyə Erdoğanın hakimiyyəti altında qaranlıq diktatorluğa çevrilir”.

Baş nazir Türkiyə prezidentini “suriyalıların və kürdlərin qətliamında” ittiham edib.

Erdoğansa bildirib ki, İsrail fələstinlilərin üstünə tanklar və toplarla hücum etməklə özünü “terrorçu dövlət” kimi göstərib.

O əlavə edib ki, İsrailin bu siyasəti “region və dünyanı qan və iztirablara qərq edəcək”.

İsrailin sağ təmayüllü hökuməti tərəfindən dəstəklənən qanun parlamentdən keçənədək aylarla davam edən siyasi mübahisələrə yol açıb.

Baş nazir Benjamin Netanyahu Knessetdə etdiyi çıxışında deyib ki, qanunun qəbulu “sionizm salnaməsi və İsrail dövləti tarixinin müəyyənedici anıdır”.

Bu qanun Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin də narahatlığına səbəb olub. O ötən həftə deyib ki, yeni qanun İsrail-Fələstin münaqişəsinin ikidövlətli həllinə mane olacaq.

Türkiyə və İsrail diplomatik münasibətlərini ötən may ayında kəsiblər. Buna baxmayaraq iki ölkə aralarındakı ticarəti davam etdirir.

XS
SM
MD
LG