Türkiyə prezidenti Recep Tayyip Erdoğan İstanbulun əsasən fəhlə sinfi yaşayan Kasımpaşa rayonunda kampaniyasının son mitinqini keçirib.
Çox sərt olacağı gözlənilən seçkidən əvvəkl o bu mitinqdə etdiyi çıxışda özünün sadə ailədən çıxdığını yada salıb.
"Mən Kasımpaşadanam. Burada doğulub böyümüşəm” deyən Erdoğan bunu da əlavə edib ki, o uşaqkən bu məhəllənin küçələrində su və şirniyyat sataraq ailəsinin dolanışığına kömək edib.
İyunun 22-si Türkiyədə prezident və parlament seçkisi kampaniyasının son günü idi. Seçki qanunları iyunun 23-də axşam saat 6-dan sonra bütün təbliğatı qadağan edir. Seçkilər iyunun 24-də keçiriləcək.
Ötən aprel ayında Erdoğan bəyan etmişdi ki, seçkilər iyunun 24-də, planlaşdırıldığından bir il əvvəl keçiriləcək. Opponentləri bu qərarı onun öz hakimiyyətini möhkəmləndirmək niyyəti ilə izah edirlər.
Türkiyə hazırda siyasi hakimiyyət üsul-idarəsini dəyişərək parlament sistemindən prezident sisteminə keçir.
Yeni sistemdə prezident daha çox hakimiyyət gücünə malik olacaq. Bu dəyişiklik seçkidən sonra qüvvəyə minməlidir.
Erdoğan seçkinin tarixini elan edəndə onun qalib gələcəyi gözlənilirdi. Lakin sonradan keçirilmiş rəy sorğuları prezident seçkisində ikinci turun qaçılmaz olduğunu göstərib.
İyulun 8-də keçiriləcək ikinci turda ölkəyə 16 ildir ki, rəhbərlik edən hakim partiya parlament çoxluğunu itirə bilər.
Erdoğanın əsas rəqibi Respublika Xalq Partiyasından (CHP) Muharrem İncedir.
Keçmiş fizika müəllimi olan İnce tərəfdarlarına Erdoğanın 16 illik hakimiyyətinə son qoyacağını deyib.
Bu seçkidə kürdyönlü Xalqların Demokratik Partiyasının liderlərindən biri, hazırda həbsxanada olan Selahattin Demirtaş da prezidentliyə namizəddir.