Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:50

Türkiyə Fransanı ‘hədəfləməklə’ hədələyir


Türkiyə martın 30-da bəyan edib ki, Fransanın Suriyanın şimalında kürdlərin üstünlük təşkil etdiyi qüvvələrin nəzarətində olan regionda vəziyyətin sabitləşdirilməsinə dair təklifi terrorizmin dəstəklənməsinə bərabərdir və bu, Fransanı “Türkiyənin hədəfinə” çevirə bilər.

Reuters agentliyi yazır ki, Fransanın Ankaranın Suriyanın şimalında terrorçu hesab etdiyi kürd YPG qüvvələrinə qarşı hərbi kampaniya apardığı bir vaxtda Suriya Demokratik Qüvvələrini (SDQ) dəstəkləməsi Türkiyə hökumətini qəzəbləndirib.

Prezident Recep Tayyip Erdoğan deyib ki, Fransa Suriya barədə “tamamilə yanlış xətt” tutub.

Erdoğan xatırladıb ki, bu məsələ ilə bağlı onun ötən həftə Emmanuel Macronla görüşdə qızğın mübahisəsi olub.

Reuters agentliyi qeyd edir ki, Fransa ilə bu ixtilaf Türkiyə ilə NATO və Qərb müttəfiqləri arasında fikir ayrılığının genişləndiyini nümayiş etdirib.

Türkiyə bundan əvvəl SDQ qüvvələrini dəstəklədiyinə görə NATO üzrə əsas müttəfiqi ABŞ-la qətiyyən razılaşmadığını bildirmişdi.

Ötən il Erdoğan Almaniya və Hollandiya hakimiyyət orqanlarını nasistlərə bənzətmişdi. Buna səbəb bu ölkələrdə Erdoğana dəstək mitinqlərinin keçirilməsinin qadağan edilməsi olmuşdu.

Türkiyə baş nazirinin müavini Bekir Bozdağ deyib ki, Fransanın Suriya kürdlərinə münasibətdəki mövqeyi Parisi Ankara ilə toqquşma müstəvisinə çıxarır.

Bozdağ bildirib ki, “terror qrupları ilə əməkdaşlıq və həmrəylik nümayiş etdirənlər terrorirstlər kimi Türkiyənin hədəfinə çevrilə bilər”.

Bozdağ özünün Tvitter hesabından yazıb ki, “biz Fransanın belə irrasional addım atmayacağına ümid edirik”.

Macron SDQ nümayəndə heyəti ilə martın 29-da görüşüb və Suriyanın şimalında sabitliyin bərqərar edilməsini dəstəkləyəcəyinə zəmanət verib.

Birləşmiş Ştatlar SDQ-nin nəzarətində olan ərazidə 2 minlik əsgəri qüvvə saxlayır və Qərb koalisiyasının üzvü kimi Fransanın da bu ərazidə müəyyən hərbi qüvvələri var.

Türkiyə qüvvələri iki həftə bundan əvvəl Suriyanın şimalındakı Afrin şəhərini kürd qüvvələrinin nəzarətindən alıb və Ankara hücum əməliyyatını Suriya ilə sərhəd boyu genişləndirəcəyini vəd edir.

Afrin əməliyyatı beynəlxalq miqyasda tənqid olunur və bu mənada Fransa Türkiyəyə qarşı daha sərt mövqe tutub.

Ankara özünün Qərb müttəfiqlərinin bu ərazidəki qoşunlarını çıxaracağını gözləyir.

Erdoğan deyib ki, o “müttəfiqlərin əsgərlərinə xətər toxunmasını istəmir, lakin Türkiyə terrorçuların Suriyanın şimalında sərbəst şəkildə meydan sulamasını qəbul edə bilməz”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG