Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 03:56

Erdoğan Macron-a: ‘Sən əvvəlcə öz beyin ölümünü bir yoxlatdır’


Emmanuel Macron 2018-ci ildə Recep Tayyip Erdoğanı Yelisey sarayında salamlayarkən

Türkiyə prezidenti Recep Tayyip Erdoğan noyabrın 29-da Fransa prezidenti Emmanuel Macron-un NATO-nun ölməkdə olduğuna dair xəbərdarlığını “xəstə və dayaz” düşüncənin məhsulu adlandırıb.

Macron ötən ay The Economist məcmuəsinə müsahibəsində NATO-nun hazırda “beyin ölümü” keçirdiyini demişdi.

Erdoğan onun bu bəyanatına cavab olaraq deyib:

“Sən əvvəlcə öz beyin ölümünü bir yoxlatdır. Çünki belə ifadələr sənin tipində beyin ölümü keçirənlərə yaraşar. Sən NATO-ya qarşı eləmək istədiklərinlə məşğul ol. Türkiyəni NATO-dan çıxarmaq sənin həddin deyil”.

Reuters agentliyi bildirir ki, Erdoğanın bu bəyanatına Fransa Xarici İşlər Nazirliyi dərhal reaksiya verib.

Türkiyənin Parisdəki səfiri XİN-ə dəvət edilib və ona Fransa prezidentinə qarşı “təhqiqrlərlə” bağlı etiraz notası təqdim olunub.

Macron sözü gedən müsahibəsində demişdi ki, şimal alyansının belə durumda olması, prezident Donald Trump-ın hakimiyyəti altında ABŞ-ın qeyri-müəyyənliyinə və Türkiyə ilə münasibətlərin gərginliyinə görədir.

Erdoğanın bu bəyanatı NATO-nun dekabrın 4-də Britaniyada keçiriləcək sammitinin ərəfəsinə təsadüf edir:

“Mən cənab Macrona Türkiyədən müraciət edirəm və bunu NATO-da da deyəcəyəm: Sən əvvəlcə öz beyninin ölü olub-olmadığını yoxlatmalısan”.

Macron The Economist jurnalına verdiyi müsahibədə habelə NATO-nun Türkiyənin Suriyanın şimalına özbaşına müdaxiləsinə reaksiya verə bilməməsini tənqid etmişdi.

Noyabrın 29-da Fransa rəsmiləri deyiblər ki, onlar Erdoğandan söz müharibəsi yox, əsaslandırılmış izahat gözləyirdilər.

Fransa prezidentinin müşaviri deyib:

“Gəlin razılaşaq ki, bunlar bəyanat yox, təhqirlərdir. Prezidentimiz fikrini aydın ifadə edib. Bizim və bir çox müttəfiqlərimizin suallarını cavablandırıb-cavablandırmamaq Türkiyənin öz işidir”.

Macron-un müşaviri bunu da əlavə edib ki, Suriyaya hücumdan başqa, Türkiyənin NATO-nun Baltik ölkələri və Polşa üçün müdafiə planını dəstəkləməməsi də qeyri-məqbuldur:

“Türkiyə Polşa və Baltik ölkələrinin müdafiəsini girov edə bilməz”.

Türkiyə onun Suriyada kürd silahlılarına qarşı əməliyyatına daha güclü siyasi dəstək verilincəyə qədər NATO-nun Polşa və Baltik ölkələrinin müdafiəsi planını dəstəkləməkdən imtina etdiyini bildirib.

NATO öz Nizamnaməsinə görə Estoniya, Latviya, Litva və Polşanın müdafiəsi planını həyata keçirmək üçün alyansın 29 üzvünün dəstəyinə və ya vahid konsensusa malik olmalıdır.

NATO-nun bu planı Polşa və Baltik ölkələrini Rusiyanın mümkün təcavüzündən qorumalıdır.

Türkiyə Suriyadakı kürdlərin Xalq Müdafiə Birləşməsini (YPG) terrorçu təşkilat kimi tanıdığı PKK-nın bir qolu hesab edir.

Macron-nun NATO barədə dedikləri Fransanın başqa Avropa qonşuları tərəfindən də birmənalı qarşılanmayıb.

Onlar bildirirlər ki, Avropa öz müdafiəsi üçün hələ də ABŞ-ın başçılıq etdiyi NATO-ya güvənməlidir.

Macron noyabrın 28-də bu sayaq tənqidlərə cavab olaraq demişdi ki, onun NATO haqqında qeydləri faydalı həyəcan təbili olub və o bu fikirlərə görə üzr istəmək niyyətində deyil.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG