Keçid linkləri

2025, 18 Yanvar, şənbə, Bakı vaxtı 22:25

Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu parlamentə təqdim edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO üzvlüyü üçün protokolunu ratifikasiya edən qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Prezident administrasiyasından bildirilib ki, bu addım İsveçin NATO alyansına qoşulmasına imkan yaradacaq.

Ərdoğan alyansın hələ ötən iyulda keçirilən sammitində müttəfiqlərə İsveçin üzvlük protokolunu ratifikasiya edəcəyini vəd etmişdi.

O demişdi ki, bu hadisə oktyabrın 1-də parlament işə başlayanda baş verəcək.

Ərdoğan bundan əvvəl İsveçin NATO üzvlüyünə etiraz etmiş və bildirmişdi ki, bu ölkə Türkiyənin terrorçu hesab etdiyi fərd və təşkilatları himayə edir.

'3+3-ün gələcəyi yoxdur' - Tbilisidə Əliyevlə Ərdoğanın təklif etdiyi formatın çökəcəyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

PKK narahatlığı

Türkiyə parlamenti işə başlayandan bəri NATO müttəfiqləri arasında dərin narahatlıq vardı. Çünki İsveçin üzvlük üçün protokolu parlamentə təqdim edilməmiş, üstəlik Türkiyə rəsmiləri Stokholmun Kürdüstan İşçi Partiyası (PKK) üzvlərinə qarşı konkret addımlar atmadığını bildirmişdilər.

PKK həm ABŞ-da, həm də Avropa İttifaqında terrorçu təşkilat hesab edilir.

Nəhayət oktyabrın 23-də İsveçin NATO üzvlüyü üçün sənədlər ratifikasiya üçün parlamentə təqdim edilib.

Bu barədə Ankaranın rəsmi məlumatında deyilir:

"İsveçin NATO üzvlüyü üçün protokol oktyabrın 23-də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb və Türkiyə Böyük Millət Məclisinə göndərilib”.

İsveçin baş naziri Ulf Kristersson Ankaranın bu addımı üçün təşəkkürünü bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq ümid etdiyini bildirib ki, Türkiyə parlamenti bu məsələni tezliklə səsə qoyacaq.

Türkiyənin F-16 gözləntiləri

Avropa diplomatlarından biri Reuters agentliyinə deyib ki, Stoltenberq İsveçin üzvlük məsələsinə NATO xarici işlər nazirlərinin noyabrın 27-də və 29-da keçiriləcək iclasında baxılacağına ümid edir.

İndiyədək Macarıstan da İsveçin NATO üzvlüyünə aid sənədlərin ratifikasiyasından imtina edirdi.

İsveçin xarici işlər naziri Tobias Billström deyib ki, o Macarıstan parlamentinin də bu məsələyə tezliklə baxacağını düşünür.

ABŞ da Türkiyənin bu addımını alqışlayıb və sənədin tez bir zamanda ratifikasiya olunacağına ümid etdiyini bildirib.

Reuters yazır ki, NATO-nun ikinci böyük ordusuna malik Türkiyə ABŞ Konqresindən onun silahlı qüvvələri üçün 20 milyard dollar dəyərində F-16 qırıcı təyyarələrinin satışına razılıq verilməsini gözləyir.

Ərdoğan bundan əvvəl İsveçin NATO üzvlüyünə imkan yaradılmasını F-16 qırıcıları məsələsinə bağlamışdı.

“Bir nəfərə bağlı məsələ”

Türkiyə parlamentinin İsveçin NATO üzvlüyü üçün protokolu nə vaxt ratifikasiya edəcəyi bilinmir. Sənəd əvvəlcə parlamentin xarici işlər komissiyasından keçməli və yalnız bundan sonra səsə qoyulmalıdır.

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası, MHP müttəfiqləri ilə birlikdə parlamentin 600 mandatından 322-nə sahibdir.

Parlamentdəki əsas müxalifət partiyası – CHP İsveçin NATO üzvlüyünə tərəfdar olduğunu bildirib.

İstanbulda mənzillənən İqtisadi və Xarici Siyasət Tədqiqatları Mərkəzinin direktoru Sinan Ülgen Reuters agentliyinə deyib ki, əgər səsə qoyularsa bu məsələnin parlamentdən keçəcəyinə şübhə yoxdur.

Onun sözlərinə görə bu, “bir nəfərin” (Ərdoğanın-red) qərarına bağlı məsələ idi.

İsveç və Finlandiya Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ardınca NATO üzvlüyü üçün müraciət etmişdilər.

Finlandiyanın üzvlük sənədləri də Türkiyə və Macarıstan tərəfindən bir qədər əngəlləndikdən sonra ötən apreldə Helsinki NATO-ya qoşula bilib.

XS
SM
MD
LG