Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

'Bin Ladendən ötrü başqa ölkəyə gedib məhv etdilər, elə deyilmi?'


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

"Deyirəm ki, biz ənənələrimizdən də ilhamlanaraq Türkiyəyə yaraşan, türk prezident sistemini ortaya qoyaq..."

Türkiyə prezidenti Erdoğan "Al-Jazeera" telekanalına müsahibəsində ABŞ və Rusiyanı prezident sistemlərinə nümunə göstərib: “Deyirəm ki, biz ənənələrimizdən də ilhamlanaraq Türkiyəyə yaraşan, türk prezident sistemini ortaya qoyaq. Bu, Türkiyəyə daha sürətli inkişaf imkanı verəcək, ona görə bu fikri müdafiə edirəm".

Erdoğan müsahibəsində Türkiyədəki koalision hökumətlərdən, AKP-nin təkbaşına iqtidarda olduğu dövrdən, prezidentlik sisteminə dair mübahisələrdən və 15 iyuldakı çevriliş cəhddən də danışıb.

Buna da bax:​ Trump Türkiyəyə dəvət olunur

Erdoğan Türkiyədə təkpartiyalı hökumətlərin uğurlu fəaliyyətini vurğulayıb:

"Rəhmətlik Özalın vaxtında, bir də Demirelin vaxtında təkpartiyalı dövr yaşanıb və onlar uğurlu olub. AKP ilə Türkiyədə təkpartiyalı dövrlər başlandı və bu ilin 7 iyun seçkilərinədək davam etdi. Təəssüf ki, 7 iyun seçkilərində təkpartiyalı iqtidar yaranmadı. Bu üzdən, koalisiyaya imkanlarını axtarmağa başladıq. Koalision hökumət qurmaq üçün digər siyasi partiyalarla danışıqlar nəticə verməyincə, prezident olaraq təkrar seçkiyə getməkdən başqa çarəm qalmadı... Milli iradə bu dəfə yenidən təkpartiyalı iqtidarın yolunu açdı. Mən yenə təkpartiyalı iqtidarı ölkəm və millətim üçün daha xeyirli görürəm".

Prezidentlik sisteminin, sadəcə, özünün dilə gətirdiyi bir mövzu olmadığını xatırladan Erdoğan qeyd edib ki, özündən əvvəl gələn siyasətçilər arasında da bu təklifi səsləndirənlər olub:

"Rəhmətlik Demirel, Turgut Özal, Necmettin Erbakan və Alparslan Türkeş Türkiyədə prezidentlik sisteminin olması fikrini dəstəkləyiblər. Mən bələdiyyə başqanı olduğum dövrdə də prezidentlik sisteminin tərəfdarı olmuşam. Çünki böyük şəhər bələdiyyə başqanlığı bir növ prezidentlik sisteminin kiçik bir əlavəsi deməkdir. İndi ABŞ və Rusiyada da prezidentlik sistemləri görürük. Bunlar dünyadakı iki önəmli örnəkdir".

Buna da bax:​ Erdoğan: 'Bacardığınız qədər tez baxın'

Diktatorluq məsələsi

Erdoğan özünün diktator olması ilə bağlı ittihamların tam ideoloji səbəblərdən qaynaqlandığını bildirərək deyib ki, bir insanın diktator olması üçün o ölkədə insanlar azad yaşamamalı, düşüncələrini istədikləri kimi ifadə etməməlidirlər: "Mənim ölkəmdə belə bir problem varmı?.. Biz heç bir şeyi yasaqlamamışıq. Türkiyə qadağaların olduğu bir ölkəyə çevrilməyib. Türkiyə… heç bir dövrdə son illərdəki qədər azad, dinc və rahat dövr yaşamayıb".

Prezident əlavə edib ki, hazırda Türkiyə ən çox beynəlxalq sərmayə cəlb edən ölkələrdəndir.

Erdoğan deyib ki, beynəlxalq investisiya diktatura, yaxud avtokratiya olan bir ölkəyə yatırılmaz: "Seçki zamanı gələndə, sandıq xalqın önünə gətirilir və hərə orada öz səsini verir. Son seçkilərdə 85-86 faiz səs verilib. Dünyanın harasında 85-86 faizin qatıldığı seçki nəticəsində gəlmiş iqtidarı diktator adlandıra bilərsən? Belə bir anlayış ola bilərmi?".

Buna da bax:​ Erdoğan şiə döyüşçülərə xəbərdarlıq edib

“40 il kök atmış xəyanət şəbəkəsi”

Recep Tayyip Erdoğan Türkiyədə 15 iyul çevriliş cəhdini "40 il kök atan xəyanətkar şəbəkənin yol xəritəsinin nəticəsi" adlandırıb: "Silahlı qüvvələri, prokurorluğu, polisi, nazirlikləri, müxtəlif idarələri ələ keçirərək, bəlli nöqtəyə gəlincə, sürətini daha da artırıb, qartopu kimi böyüyə-böyüyə bugünədək gəlib çıxıb".

FETÖ ünsürlərinin bir çox ərəb ölkələrində də mövcud olduğunu vurğulayan Erdoğan, hətta bəzi yerlərdə Türkiyəyə fərqli gözlə baxanların onlara imkan yaratdığını da söyləyib. O xəbərdar edib ki, bu səhvə yol verildiyi halda "sabah onlar da bunun bədəlini ödəməli ola bilərlər". Erdoğan ərəb ölkələrindən hansının FETÖ-yə dəstək olduğu barədə suala "məsələn, Misir" cavabını verib:

Buna da bax:​ 'ABŞ-ın çevriliş cəhdində əli olmayıb'

“Bunu qəbul etmək mümkün deyil”

"Bu yanaşmanı doğru saymıram. Açıq deyim ki, biz Misirdəki hökumətlə Misir xalqını bir-birindən fərqləndirirk. Misir xalqı bizim hər şeyimizdir. Biz Misir xalqını öz xalqımız kimi sevirik, çünki aramızdakı bağlar çox sıxdır". Erdoğan daha sonra bildirib ki, Mursinin kabinetindəki nazirlərdən olan Sisi sonradan çevriliş edərək hakimiyyəti ələ keçirib. "Bunu qəbul etmək mümkün deyil", - deyə o, sözünü tamamlayıb.

Erdoğan ABŞ-ın Fethullah Güleni Türkiyəyə ekstradisiya etməli olduğunu da vurğulayıb:

"Amerika bizdən terrorçu istərkən, vermişik və veririk. Amma təəssüf ki, bu terrorçunu bizə vermədi. Üstəlik, onu qoruma altında saxlayır və hansısa "məhkəmə qərarından" danışır. Bin Ladenə dair məhkəmə qərarımı vardı? Bin Ladendən ötrü başqa bir ölkəyə gedib özləri onu məhv etdilər, elə deyilmi? Bizdən 10-dək terrorçu istəyiblər, demək olar, hamısını vermişik. Niyə? Çünki biz onlarla strateji tərəfdaşıq… Bu adamlar Amerikaya, Qərb ölkələrinə davamlı olaraq girib-çıxır, ancaq onları bizə vermirlər. Buz bunu doğru saymırıq".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG