Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:21

Erdoğan: Pul hanı?


R.T.Erdoğan
R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa Birliyini miqrantlarla bağlı sazişin şərtlərini yerinə yetirməməkdə ittiham edib. Avropa Birliyi ilə Türkiyə arasında bu ilin martında əldə olunmuş razılığa əsasən, Ankara Egey dənizindən Avropaya miqrant axınının qarşısını almalı, Brüssel isə bunun əvəzində Türkiyədə qalan miqrantların saxlanılmasına yardım etməlidir.

Erdoğan-ın sözlərinə görə, Avropa Birliyi Türkiyədəki 3 milyon qaçqın üçün 6 milyard avro vəd etsə də, indiyədək cəmi 183 milyon ayırıb. «Heç bir ölkə bu böhranın öhdəsindən təkbaşına gələ bilməz», -- deyən Türkiyə prezidenti belə getsə, razılaşmanın qüvvəsini itirəcəyini bildirib.

Avropa Birliyinin sözçüsü Maja Kocijancic isə öz növbəsində deyib ki, milyardlar qaçqınlar və onlara qucaq açmış yerli icmalar üçün ayrılıb. Sadəcə, saziş imzalanarkən Avropa Birliyi həmin vəsaitin Türkiyə hökuməti ilə əməkdaşlıq şəraitində paylanmasına söz verib.

Türkiyə ilə Avropa Birliyi arasında miqrant məsələsi ilə bağlı bu yeni polemika dalğaların sahilə vurduğu 3 yaşlı Aylan Kurdi-nin cansız bədəninin fotosunun bütün dünyada böyük rezonans doğurmasının ildönümünə təsadüf edir. O vaxt həmin fotoşəkil sayəsində öz ölkələrindəki müharibə və səfalətdən qaçmaq üçün ən təhlükəli yollara belə baş vuran yüz minlərlə çarəsiz insanın problemi dünya ictimaiyyətinin diqqətini çəkmişdi.

Buna da bax-Obama və Erdoğan Çində təkcə çevrilişdən danışmayacaqlar

AVROPA BİRLİYİ TÜRKİYƏYƏ HANSI VƏDLƏR VERMİŞDİ

Avropa Birliyi 6 milyard avrodan başqa, Türkiyənin quruma üzvlüyü ilə bağlı müzakirələri sürətləndirməyə, habelə müəyyən şərt daxilində Türkiyə vətəndaşları üçün viza tələbini qaldırmağa söz vermişdi. Həmin şərt də Türkiyə Böyük Millət Məclisinin «Terrora qarşı mübarizə haqqında» qanuna dəyişiklik etməsidir.

Lakin cümə günü türkiyəli həmkarını ziyarət edən Avropa Parlamentinin prezidenti Martin Schulz ev yiyəsini sözügedən dəyişikliyə razı sala bilməyib. Əksinə, təklif qətiyyətlə rədd edilib.

«Biz bir daha Avropa Birliyinə bildirdik ki, hazırkı şəraitdə «Terrora qarşı mübarizə haqqında» qanuna hər hansı dəyişiklik edə bilmərik», -- deyə baş nazir Binali Yıldırım bildirib. Bununla yanaşı, o əlavə edib ki, Ankara qanunsuz miqrantların qabağını almaq vədinin arxasındadır, Brüsseldən də eyni ilə vədlərini yerinə yetirməsini gözləyir.

Buna da bax-Türkiyə Suriyada çətin seçim qarşısında qalıb

B PLANI

Avropa Birliyi-Türkiyə anlaşmasının əsas tərəfdarlarından olan Almaniya kansleri Angela Merkel də RTL televiziyasına müsahibəsində razılaşmanın hər iki tərəfin maraqlarına uyğun olduğunu söyləyib. Lakin o qeyd edib ki, Türkiyə viza sərbəstliyi üçün müəyyən edilmiş 72 şərtin hamısını yerinə yetirməyib. «Biz razılaşmanın həm bizim tərəfdən, həm də Türkiyə tərəfindən yerinə yetirilməsində israr edəcəyik», -- deyə Merkel əlavə edib.

Türkiyə rəsmiləri ölkənin kürd və İŞİD terrorçuları ilə mübarizə apardığı bir zamanda sözügedən qanuna dəyişikliyi qeyri-mümkün sayırlar.

«Haqqında danışılan saziş imzalanan gündən axsayıb». Bunu Brüsseldə yerləşən «Avropa Siyasəti Mərkəzi» adlı müstəqil araşdırma mərkəzinin aparıcı siyasi analitiki, Türkiyə üzrə mütəxəssis Amanda Paul deyir. Amanda Paul bildirir ki, bu sazişin bu cür vəziyyətdə nə qədər axsaya-axsaya gedəcəyini də söyləmək çətindir.

«Aydındır ki, saziş Avropa Birliyinə Türkiyədən daha çox lazımdır. Mən Birliyin B planı olduğuna şübhə edirəm. Çünki əslində onun heç düz-əməlli A planı da olmayıb», -- deyir Amanda Paul.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG