Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Erdoğan Avropa səfirlərinə Qarabağdan da danışıb


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan yanvarın 12-də deyib ki, onun ölkəsi Avropa İttifaqı ilə mübahisəli münasibətlərini yoluna qoymağa hazırdır.

O 27 ölkədən ibarət İttifaqı Ankara münasibətdə eyni məramı göstərməyə çağırıb.

Erdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə ümid etdiyini deyib ki, Türkiyə və Yunanıstanın aralarındakı mübahisələrin çözülməsi üçün danışıqları bərpa etmək barədə bu yaxınlarda qəbul etdikləri qərar “yeni eranın başlanğıcı” olacaq.

Lakin o eyni zamanda Yunanıstanı gərginliyi artıran addımlardan çəkinməyə çağırıb.

Associated Press (AP) yazır ki, Erdoğanın müraciəti Avropa İttifaqına üzvlüyə namizəd Türkiyənin Qərb müttəfiqlərinə münasibətdə barışdırıcı tona keçməsi ilə eyni vaxta təsadüf edir.

Türkiyə və Avropa İttifaqı arasında münasibətlər Ankara və Afina arasında şərqi Aralıq dənizi hövzəsində enerji resurslarına görə mübahisələr başlanandan bəri gərginləşib.

Bu mübahisələr zamanı iki ölkənin hərbi dəniz donanmaları dəfələrlə qarşıdurma vəziyətində olub.

Avropa İttifaqının daha bir lider üzvü Fransa ilə Türkiyə arasında münasbətlər Suriya və Liviya münaqişələrinə görə korlanıb.

Biz gələcəyimizi Avropa ilə birlikdə görürük

Avropa İttifaqı Türkiyənin ittifaq üzvləri olan Yunanıstan və Kiprin də iddiası olduğu sularda qaz kəşfiyyatı aparmasına görə Ankaraya qarşı bir sıra sanksiyalar hazırlayıb.

Buna baxmayaraq sanksiyaların tətbiqi mart ayınadək təxirə salınıb.

Erdoğan səfirlər qarşısında çıxşında deyib:

“Biz bir ölkə kimi gələcəyimizi Avropa ilə birlikdə görürük. Bu proseslərdə üzləşdiyimiz bütün ikili standartlara və ədalətsizliyə baxmayaraq biz tam üzvlüyə yönəlik son məqsədimizdən heç vaxt dönməmişik”.

O bildirib ki, “biz münasibətlərimizi yenidən yoluna qoymağa hazırıq və Avropa İttifaqından da eyni qətiyyəti gözləyirik”.

Yunanıstan və Türkiyə yanvarın 11-də bildiriblər ki, aralarındakı mübahisələrin çözülməsi üçün təkrar danışıqlara yanvarın 25-də İstanbulda başlayacaqlar.

Bu, iki tərəf asrasında uzun prosesesin 61-ci dövrəsi olacaq.

Türkiyə Britaniyanın yaratdığı boşluğu doldura bilər

Erdoğan daha sonra deyib:

“Biz hava məkanımızın pozulması və hərbsizləşdirilmiş adalarda qanunsuz fəaliyyətlərlə məşğul olan Yunanıstanı gərginliyi artıran bu hərəkətlərdən əl çəkməyə çağırırıq. Mən inanıram ki, qonşumuz Yunanıstanla kəşfiyyat axtarışına dair danışıqlarımız Allah qoysa yeni eranın başlanğıcı olacaq”.

O əlavə edib ki, Türkiyə Fransa ilə mübahisələrin də çözülməsini istəyir.

Türkiyə Avropa İttifaqı üzvlüyü üçün danışıqları 2005-ci ildən aparır, lakin hazırda bu proses dalana düşüb.

Avropa İttifaqı Türkiyəni demokratik dəyərlərə etinasızlıqda ittiham edir, lakin eyni zamanda bu ölkədən Yaxın Şərqdən qaçqın və miqrantların Avropaya axınının qarşısının alınmasında kömək istəyir.

Erdoğan çıxışında bunu da əlavə edib ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü Britaniyanın ayrılması ilə yaranmış qeyri-müəyyənliyi aradan qaldıra bilər.

"Qarabağda 30 illik gecikmə ilə olsa da..."

Türkiyə mediasında yayılan xəbərlərə görə Erdoğan bu görüşdə Qarabağ müharibəsindən də danışıb.

O bildirib ki, “Türkiyə 30 il gecikmə ilə olsa da, Dağlıq Qarabağda ədalətin bərpa edilməsində və regionun həsrətində olduğu stabilliyə qovuşdurulmasında” rol oynayıb.

Türkiyə prezidenti deyib ki, Minsk üçlüyünün 30 ildə bacarmadığı iş Türkiyənin verdiyi dəstəklə 44 günə gerçəkləşdirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG